Vasif Adıgözəlova həsr olunmuş festival maraqlı tədbirlərlə yadda qaldı

 

    Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş musiqi festivalı başa çatdı. Oktyabrın 27-dən 31-dək davam edən festival maraqlı tədbirlərlə yadda qaldı. Oktyabrın 27-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda bəstəkarın kamera-instrumental və kamera-vokal əsərləri gənc istedadların ifasında təqdim olundu. Festivalın ikinci günü Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Vasif Adıgözəlovun “Çanaqqala-1915» oratoriyası təqdim olundu. 

 

  Oktyabrın 29-da Bəstəkarlar İttifaqının konsert salonunda V.Adıgözəlovun yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş məruzələr dinlənildi.

  Oktyabrın 30-da Musiqili Komediya Teatrında bəstəkarın «Aldın payını, çağır dayını» musiqili komediyası təqdim olunub. Librettosu Xalq yazıçısı Anara məxsus musiqili komediyanın quruluşçu rejissoru Faiq Zöhrabov, dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Baş rollarda Ələkbər Əliyev (İbiş İbişli), Əməkdar artist Ramiz Məmmədov (Fənd Fərəc), Naibə Orucova (Nazlı Qəmzəli) çıxış edirdilər.

   Oktyabrın 31-də isə Opera və Balet Teatrında Vasif Adıgözəlovun «Natəvan» operası (libretto - Nazim İbrahimov) oynanıldı. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov, dirijoru Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Baş rollarda əməkdar artistlər Zemfira İsmayılova (Natəvan) və Həsən Ənami (Xasay bəy) çıxış edirdilər. Tamaşa böyük maraqla qarşılandı.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 7.