Aşıqlıq millətin qanından, ruhundan süzülüb gələn bir sənətdir

 

   Zəlimxan Yaqub: «Festival şifahi xalq ədəbiyyatımızın yenidən çiçəklənməsinə səbəb olacaq»

  

   I Beynəlxalq Aşıq Festivalının təşkilatçılarından biri də Aşıqlar Birliyi idi. Birliyin sədri, Xalq şairi Zəlimxan Yaqub qəzetimizə açıqlamasında festivalın keçirilməsini yüksək qiymətləndirdi.

  

   Onun sözlərinə görə, bu təntənəni bizə bəxş edən müstəqil dövlətimizdir: «Azərbaycanda aşıq sənətinin tarixi çox qədimdir və nə qədimdirsə, o müqəddəsdir. Biz müasir dünyamızın sağlam mühitini o kökə, o klassik dünyaya arxalanaraq qurmalıyıq. Atasını tanımayan adamın nəvəsindən heç nə çıxmaz. Gərək dünənini qiymətləndirib, gələcəyini də düzgün istiqamətləndirəsən. Bu mənada Azərbaycan dövlətinin diqqəti və qayğısı xalqın məhəbbəti ilə üst-üstə düşdüyünə görə Beynəlxalq Aşıq Festivalını keçirməklə çox şey qazandıq. Hər hansı bir xalqı məhv etmək üçün ilk növbədə onun dilində, ruhunda danışanları sıradan çıxarmağa çalışırlar. 30-cu illərdə digər tanınmış şəxsiyyətlərimizlə bərabər, aşıqlarımız da güllələnmişdi. Müstəqillik əldə etdikdən sonra saz sənəti yüksək səviyyədə qayğı ilə əhatə olundu. Ozan-aşıq festivalının ilk dəfə Azərbaycanda beynəlxalq səviyyədə, çox geniş bir coğrafi ərazini əhatə edən miqyasda keçirilməsi əlbəttə ki, xalqın ruhunun böyük təntənəsi idi. Bu təntənəni bizə bəxş edən isə müstəqilliyimizdir».

   Xalq şairi deyir ki, Azərbaycanda aşıqlarla, ozanlarla bağlı festivalın keçirilməsi o deməkdir ki, millət və dövlət kökünün, yaddaşının, sazının, sözünün, muğamının sahibidir: «Bu tədbirin birinci tarixi əhəmiyyəti ondan ibarətdir ki, mən bu festivalı qara torpağa səpilən sağlam toxum hesab edirəm. Rayonlarımızda saz-söz sənətini yaşadan, davam etdirən böyük bir gənclik ordusu gördüm və bu məni çox sevindirir. Qoşun kimi gələn gənclik xalqın ruhudur. Azərbaycanın daxilində olan bütün aşıq bölgələrinin, Borçalı, Göyçə-Kəlbəcər, Qazax-Tovuz, Şirvan və Təbriz məktəblərinin hər biri səhnəyə özü kimi çıxdı və hərəsi də bu tədbirə öz rəngini qatdı. Festival çərçivəsində keçirilən bütün konsert proqramları insanlar tərəfindən olduqca böyük coşqu ilə qarşılandı».

   Z.Yaqub növbəti festivalların daha da planlı və möhtəşəm keçiriləcəyini, bundan da böyük coğrafiyanı əhatə edəcəyini deyir. Birlik sədri bunun səbəbini belə izah edir: «Hər şeyin birincisi çox çətin olur. Güman edirəm ki, iki ildən sonra keçirilməsini nəzərdə tutduğumuz ozan-aşıq festivalı daha təntənəli olacaq. Çünki bu festivalda mütəxəssislərin gördüyü qüsurlar ona qədər aradan qaldırılacaq. Bunun üçün artıq bizim imkanlarımız da var. Bu festivalın əhəmiyyəti isə daha böyükdür. Çünki arzuladığımız coğrafi ərazini Bakıya -Azərbaycana toplaya bildik və buradan da dünyaya təqdim etdik. Eyni zamanda saz sənətini anlamayan bəzi insanlar başa düşdülər ki, bu sənət bir ordudur. Bu festival şifahi xalq ədəbiyyatımızın yenidən çiçəklənməsinə, dünyanı qucaqlamasına şərait yaratdı.

   Sevinirəm ki, festivalın təşkil edilməsində çox böyük zəhmət çəkən Mədəniyyət və Turizm Nazirliyinin, Aşıqlar Birliyinin və Azərbaycan televiziyasının əziyyəti öz bəhrəsini verdi. Bu tədbirin əks-sədası hələ bundan sonra da eşidiləcək».

 

 

  Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 6.