“Cəhənnəm sakinləri”nin premyerası

 

   Noyabrın 1-də Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsərinin premyerası oldu. Tamaşa Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində sənətsevərlərə təqdim olundu.

   Premyerada əsərin müəllifi, Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev iştirak edirdilər.

  

   Tarixə qorxunc, müəmmalı, qanlı il kimi daxil olan 1937-ci ilin başa çatmağına 1 saat 40 dəqiqə qalır. 1 saat 40 dəqiqədən sonra 37-i bitəcək. Bir ailənin taleyi bu vaxtdan asılıdır. Qarşıda isə hələ müəmmalarla dolu 1 saat 40 dəqiqə var...

   Xalq yazıçısı Elçinin 37-ci ilin dəhşətlərindən bəhs edən “Cəhənnəm sakinləri” yaddaşımızı diksindirdi, oyatdı və silkələdi...

  

   Tamaşanın başlamasına hələ xeyli müddət qalsa da, teatrsevərlər zala daxil olmaqda idi. Fürsətdən istifadə edib səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallıya müraciət etdik. Tamaşa öncəsi həyəcanlı görünən rejissor ayaqüstü fikirlərini bizimlə bölüşdü:

  

   Reallıqla qeyri-reallıq arasında körpü

  

   - İxtisasca kinorejissoram. İlk dəfədir ki, gənc rejissor kimi teatr sahəsində özümü sınayaraq böyük bir əsərə quruluş vermişəm. Odur ki, həyəcanlıyam. Çox aktual bir əsərdir. Elçin müəllim Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan böyük ədiblərimizdəndir. Ümid edirəm ki, tamaşaçılar maraqlı bir əsərə yeni quruluşda tamaşa edə biləcəklər.

   - Elçin müəllimin niyə başqa əsərlərinə yox, məhz bu əsərinə müraciət etdiniz?

   - Ona görə ki, bu əsərdə məni maraqlandıran, düşündürən çoxlu məqamlar vardı.

   - Tamaşa neçə müddətə hazır oldu?

   - Mart ayından məşqlərə başlamışdıq, təxminən 6 aya tamaşanı hazırladıq.

   - Aktyor seçimi çətin olmadı ki?

   - Aktyor seçimi ən çətin məsələlərdən biri olsa da, aktyor heyətinə görə bu gün peşman deyiləm. Tamaşada əsas üç personaj var, onlar əvvəldən sonadək səhnəni tərk etmirlər. Tamaşanın özü reallıqla qeyri-reallıq arasında sanki bir körpüdür. Biz həm reallığı görürük, həm qeyri-reallığı. Biz həm buna inanırıq, həm inanmırıq. İnanırıq ona görə ki, bəzən o həqiqətlər bizə aid olur. Biz yaxamızı, başımızı götürüb qaçmaq istəyirik. İnanmırıq ona görə ki, biz səhnədə başqasını görürük. Sonda əsərin adından irəli gələrək sanki bir sual yaranır: görəsən, bu dünyanın sakinləri olaraq bizdəmi cəhənnəm sakinləriyik?

  

   Gənc rejissora uğurlar diləyib əsas rolların ifaçılarının ürək sözlərini eşitmək istədik.

 

   Rauf Şahsuvarov, aktyor:

 

   - Aktyorun ən böyük arzusu rol oynamaqdır. Bu rol mənə həvalə ediləndə sevindim. Çünki əsər olduqca maraqlı əsərdir. 37-ci ildən bəhs edən bu əsərdə hadisələr Bakıdakı ziyalı ailələrinin birində baş verir. Həmin evin sahibi rolunu oynayıram.

   Teatrda əsas üç komponent bir-birini tamamlamalıdır: dramaturji material, rejissor aktyor. Əminəm ki, bu tamaşada üçlük bir-birini yüksək səviyyədə tamamlayır.

   İqrar Salamov, aktyor:

   - Hər bir rol kimi bu rolu da yaxşı qarşıladım. Qonaq rolunu oynayıram. Çox maraqlı əsərdir, maraqlı obrazlardır. dərəcədə öhdəsindən gəlmişik, onu tamaşaçılar deyəcəklər. Ancaq əminliklə deyə bilərəm ki, tamaşanın uğurlu alınması üçün hər kəs ürəklə çalışıb.

   Püstəxanım Zeynalova, aktrisa:

   - Qadın rolunu oynayıram, ürəyimdən olan bir obrazdır çox sevinirəm ki, bu obrazı mənə həvalə ediblər. Öhdəsindən necə gəlmişəm, onu tamaşaçıların öhdəsinə buraxaq.

  

   Cəhənnəm işində cəhənnəm

  

   Əslində 37-i ölüm düsturudur. Oyundur. Məsələ necə həll olunursa olunsun, sonda ölümdür. Taleyinə boyun əyən əyməyən qurbanların faciəsidir. Yaşamaq üçün kimi isə - ən yaxın adamını belə - qurban verməlisən.

   Bu mənada Xalq yazıçısı Elçinin yaradıcılığında 37-ci ilin ölüm havası, vahiməsi, xofu gözlə görünəcək qədər açıq-aydın hiss olunur. Müəllif 37-ci ilin hadisələrini əsərlərində dirildərək yaddaşı zəif olanlara, unutqanlara babalarımızın faciəsini xatırladır. Bu baxımdanCəhənnəm sakinləriyazıçı-dramaturqun mükəmməl bir pyesidir.

  

   Cəhənnəm başlayır

  

   Ziyalı bir ailənin mənzili 37-ci ili yola salmağa hazırlaşır. Qorxulu, təhlükəli, dəhşətli bir ilin sona çatmasına 1 saat 40 dəqiqə qalır. Zaman üçün göz qırpımı olan bu müddətdə ailəni gözləyir?

   Maraqlı, gözlənilməz inandırıcı təbii süjet xətti, rejissor yozumu, aktyor oyunu bir-birini bitkin şəkildə tamamlayır.

   Quruluşçu rəssam Valeh Məmmədovun işi ilk andaca nəzər-diqqəti cəlb edir. Dəmir barmaqlıqlar arasındakı mənzil, qırmızı rəngdən yetərincə istifadə, o dövrdəxalqların atasısayılan Stalinin Damokl qılıncı kimi mənzilin gözəgəlimli yerindən asılmış qorxunc əzəmətli portreti dövrün ab-havasını əks etdirir.

   Bəstəkar Firudin Bağıroğlunun tamaşanın ümumi ruhunu əks etdirən zövqlü musiqi tərtibatı da tamaşaçıların diqqətindən yayınmır.

   Əsər boyu tamaşaçılar tarixin qanla yazılmış bir səhifəsinin acı həqiqətləri ilə baş-başa qalıb bir ailənin faciəsinin şahidi olur. Sonda Kişi intihar edir, Qadın dəli olub səhnədən enir tamaşaçıların sırasında oturub onlardan birinə çevrilir. Gözlənilməz sonluqdur, elə deyilmi?

   Əminliklə deyə bilərik ki, müəllifin yüksək ustalıqla qələmə aldığıCəhənnəm sakinləripyesi, gənc rejissor Elşən Zeynallının rejissor yozumu Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının bacarıqlı oyunu sözün həqiqi mənasında tamaşaçıları heyrətləndirdi.

   Zala çökmüş sükutu tamaşaçı alqışı bir andaca qovdu. TamaşaçılarCəhənnəm sakinləri”ni ayaq üstündə alqışladı. Xalq yazıçısı Elçin səhnəyə qalxıb aktyorları təbrik etdi. Ürəkdən gələn alqışlar isə hələ davam edirdi...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 4.