Kitabxanaçılar üçün təlimlər başa çatıb

 

   Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində qısamüddətli təlimlər keçirilib.

   

   Sumqayıt şəhərində keçirilən təlimlərdə respublikanın 20, Lənkəran şəhərində 14, Gəncə şəhərində 23 şəhər və rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları iştirak ediblər.

   Təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, məsləhətçi Samir Abbasov, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirak və çıxış ediblər. Çıxışlarda Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə təşkil olunmuş təlimlər haqqında kitabxana rəhbərlərinə məlumat verilmiş və kitabxanalarda yeni informasiya texnologiyalarının tətbiqinin prioritet məsələ olduğu bir daha kitabxana rəhbərlərinin diqqətinə çatdırılmışdır.

   Təlimləri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri Nəzakət Rəhmanova, böyük metodist Ruhiyyə Namazova, baş metodist Aygün Hüseynova və aparıcı mühəndis-proqramçı Tural Qədirov aparıblar.

   Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə vəsiqələr təqdim olunub.

   Gəncə şəhərində kitabxana rəhbərləri üçün mədəni proqramlar, şəhərin müxtəlif tarixi abidələrinə, muzeylərinə və görməli yerlərinə ekskursiyalar təşkil olunub. Kitabxana rəhbərləri Nizami məqbərəsini, Mir Cəlal Paşayevin ev-muzeyini, Şah Abbas, İmamzadə məscidlərini, Cavad Xan türbəsini, Tarix Diyarşünaslıq muzeylərini ziyarət etmiş, C.Cabbarlı adına Gəncə şəhər Dram Teatrının aktyorlarının iştirakı ilə “Varlı qadın” tamaşasını izləmiş və Gəncə Dövlət Kamera orkestrinin hazırladığı “Gəncə əfsanələr paytaxtıdır” adlı konsert proqramında iştirak ediblər.

   Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları təlimlərin mütəşəkkil və yüksək səviyyədə keçirilməsi və informasiya texnologiyalarının öyrənilməsində yaradılmış şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

   Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 3.