Saz sənəti bütün türk xalqlarını birləşdirir

 

   Aşıq Aydın Məhəmmədov: «Azərbaycanı öz vətənim hesab edirəm. Bizim musiqimiz, əksər mahnılarımız Azərbaycanla bağlıdır».

  

   Məlum olduğu kimi, oktyabrın 22-dən 27-dək Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə ölkəmizdə I Beynəlxalq Aşıq Festivalı keçirildi. Festivalda Rusiya Federasiyasının Dağıstan Respublikasından gəlmiş aşıqlar da iştirak edirdi.

     

   Qeyd edək ki, onların özünəməxsus ifa tərzi Heydər Əliyev Sarayında, festivalın açılış mərasimindəki konsertdə tamaşaçıların diqqətini cəlb etmişdi.

   Qrupun rəhbəri Aşıq Aydın Məhəmmədov bizimlə söhbətində ozan-aşıq sənətinə bağlılığından danışdı, festival barədə təəssüratlarını bölüşdü.

   Həmsöhbətimizin dediyinə görə, Azərbaycana tez-tez gəlir, ölkəmizin bir çox bölgələrində olub: «Görə bilmədiyim rayonlarınızda da festival çərçivəsində keçirilən konsertlər zamanı oldum. Bütün rayonlarda bizi yaxşı qarşıladılar. Konsertlər zamanı zallar tamamilə dolu olurdu. Azərbaycanı öz vətənim hesab edirəm. Bizim musiqimiz, əksər mahnılarımız Azərbaycanla bağlıdır. Çünki mədəniyyətimiz çox oxşardır. Dağıstanda onlarla millətin nümayəndəsi yaşayır. Cənubi Dağıstan Azərbaycanla daha sıx bağlıdır. Burada əsasən ləzgilər, azərbaycanlılar, tabasaranlılar yaşayır. Onlar aşıq mahnılarını, saz sənətini çox sevirlər. Cənubi Dağıstanda hər bir evdə Azərbaycan kanallarına baxmaq mümkündür. Təkcə aşıq havaları deyil, bəstəkar və xalq mahnılarınız da Dağıstanda çox sevilir. Toylarımız demək olar ki, bir-birindən fərqlənmir.

   Mənim Azərbaycanda qohumlarım yaşayır. Ən yaxın dostlarım da azərbaycanlılar arasındadır. Bu səbəbdən də Bakıya tez-tez gəlirəm. Bəzən hətta toylarınızda da oxuyuram».

   Aşıq Aydın deyir ki, Dərbənddə də mədəniyyətin müxtəlif istiqamətləri üzrə festivallar tez-tez keçirilir: “O cümlədən aşıq sənəti ilə də bağlı tədbirlərimiz olur. Bu tədbirlərdə Azərbaycan aşıqları çox yaxından iştirak edirlər».

   Həmsöhbətimizin dediyinə görə, nəsillərində aşıq sənətinə hər zaman böyük rəğbət olub, atası da Dağıstanda tanınmış aşıqlardan olub: “Atam rəhmətlik Aşıq Pənahın yanında dərs alıb. Atam tovuzlu usta Xudu ilə yaxından dostluq edirdi. Bizim evdə yalnız onun düzəltdiyi sazlar çalınırdı. Hətta atam bizisevdiyi aşıqların adı ilə adlandırıb. Qardaşımın adı Şəmşirdir. O, Dağıstanda sevilən və hörmətlə dinlənilən aşıqdır. Qardaşımın ifası mənim ifamdan da üstündür. Mən isə usta Xudunun oğlu ilə adaşamonunla dostluq edirəm. Hazırda istifadə etdiyim sazı da o düzəldib. Yəni demək istədiyim odur ki, Azərbaycanın tanınmış aşıqları ilə yaxından əlaqələrimiz olub, indivar. Saz sənətinin inkişaf etdiyi bölgələrdən yalnız Tovuz rayonunda olmamışam. Amma bu bölgədə olmaq mənim çoxdankı arzumdur. Xüsusilə Yanıqlı kəndinə getmək istəyərdim. Atam bir neçə dəfə həmin kənddə olub. Həmişə danışırdı ki, bu kəndin insanları saz-söz sənətinin vurğunudur. Bu festivalda bizim qismətimizə Gədəbəy və Şəmkirdə olmaq düşdü. İnşallah, növbəti festivalda yəqin ki, Tovuzda da olaram».

   Festival çərçivəsində xarici ölkələrdən olan aşıqlar Azərbaycanın aşıq sənətinin beşiyi sayılan Qərb bölgəsində oldular. Aşıq Aydın bir aşıq kimi bütün rayonların aşıqlarının ifasını bəyəndiyini bildirdi. Onun sözlərinə görə, hər bir rayonun özünəməxsus ifa tərzi var: «Məsələn, Gədəbəy aşıqları zildən oxuyur, şəmkirlilər isə bəmdən oxusalar da, çox şirin ləhcələri var. Ümumiyyətlə götürdükdə isə mənim fikrimcə, türkdilli ölkələr içərisində aşıq sənəti olduğu kimi, heç bir kənar təsirə uymadan yalnız Azərbaycanda qorunub saxlanır. Mən festivalın davam etdiyi günlər ərzində bütün iştirakçı ölkələrin təmsilçilərini dinləyərək belə bir qənaətə gəldim ki, saz sənəti türk xalqlarını birləşdirir, mədəniyyətləri qovuşdurur. Çox diqqətlə müşahidə etdikdə sazın eyni mənbədən qidalandığını anlamaq olur. Ona görə də bu sənət belə hörmətə, diqqətə layiqdir. Aşıq sənətinə Azərbaycanda verilən belə yüksək qiymətə görə festival təşkilatçılarına öz minnətdarlığımı bildirirəm».

  

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 5 noyabr.- S. 15.