Dünya kitabxanaları

 

   Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Bu yazıda dünyanın müxtəlif şəhərlərində yerləşən tanınmış kitabxanaların bir neçəsi haqqında qısa söhbət açacağıq.

  

   Kopenhagen Kral Kitabxanası

  

   Kopenhagen Kral Kitabxanası Danimarkanın milli kitabxanası sayılır və Skandinaviya ölkələrində ən böyük kitab saxlancıdır. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb. İndiki rəsmi adı isə Danimarka Kral Kitabxanasıdır.

  

   Rusiya Dövlət Kitabxanası

  

   Moskva şəhərində yerləşən Vladimir İliç Lenin adına Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. Kitabxanaya hər gün orta hesabla 4000 ziyarətçi gəlir, 200 nəfər yeni oxucu üzv yazılır. Kitabxananın virtual oxu zalları fəaliyyət göstərir. 1992-ci ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb. Kitabxananın ayrı-ayrı fondları Moskvanın müxtəlif yerlərində yerləşir.

  

   ABŞ Konqres Kitabxanası

  

   Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ - 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır.

   1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-da heç kimdə yox idi.

   Konqres Kitabxanası dünyanın ən böyük kitabxanası hesab olunur. Onun fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir. Ümumi kitab fondu 142 milyondan çoxdur. Əlavə olaraq 32 milyondan çox digər çap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.

  

 

   Çingiz

 

    Mədəniyyət.- 2010.- 5 noyabr.- S. 15.