Şair ömrünün
cizgiləri
İslam Səfərli erkən yaşında ədəbi
aləmə gəlib. Fitri istedadı, coşqun poeziyası ilə
çox tez tanınıb. Qısa, parlaq yaradıcılıq
ömrü yaşayıb.
O, 1923-cü ilin fevralın 12-də
Naxçıvanda dünyaya gəlib. İlk şeiri 17
yaşında mətbuatda dərc olunub. Ədəbi aləmdə
ilk addımları Böyük Vətən müharibəsi
(1941-1945) dövrünə təsadüf edib.
Tay-tuşları kimi o da cəbhəyə gedib,
döyüş yolu Şimali Qafqaz, Krım, Ukrayna,
Baltikyanı respublikalarından keçib.
Cəbhə həyatı onun
yaradıcılıq həvəsini söndürmür.
“Qızıl əsgər”, “Qırmızı bayraq” adlı cəbhə
qəzetlərində oçerk, məqalə və şeirləri
dərc olunur.
Müharibədən sonra doğma
yurda dönür, ədəbi aləmə qayıdır.
Müharibə mövzusu onun yaradıcılığında
yeni bir səhifə açır. Ədib “Öncüllər”
şeirində yazır:
Bir düşündük, bir
danışdıq,
Bir sıçradıq düşmən
üstə.
“Ana” dedik, “Vətən”
dedik
Dar ayaqda,
son nəfəsdə.
Tələbəlik illərində yazdığı
şeirləri Xalq şairi Səməd Vurğunun da diqqətini çəkir.
Görkəmli şair tələbələrlə
görüşlərinin birində,
çıxışının maraqlı bir məqamında nəyi isə xatırlayıb susur. Ətrafa göz gəzdirib deyir:
- Hanı, o mənə oxşayan İslam!
İslam cəld ayağa qalxır və deyir: - Buradayam , Səməd müəllim!
- Bəri gəl görüm... İslam sıxıla-sıxıla kürsüyə
yaxınlaşır.
Səməd Vurğun soruşur:
- Yadındadırmı,
Yazıçılar İttifaqında
ötən “Gənclər
günü”ndə bir
şeir oxudun! İndi həmin şeiri oxuya bilərsənmi?
- Oxuya bilərəm.
Sonra “Beşik başında” şeirini oxuyur...
Məlumdur ki, insanların
sağlamlığı keşiyində
duran həkimlər haqqında həmişə
maraqlı şeirlər
yazılıb. Bəstəkarlar gözəl mahnılar bəstələyib. O, şeirlər
sırasında İslam
Səfərlinin “Həkim
qız”ı daha çox ürəyəyatımlıdır...
Gülərüzlü
həkim qız,
Ey gözləri bənövşə ,
Qapımızdan
keçəndə,
Sarsılıram həmişə.
İslam Səfərli poeziyasının
özünəməxsus boyaları,
məna çalarları
və çeşidli
rəngləri olub.
Əsərlərində sadə sözlərlə
poetik lövhələr
yaradıb.
Qırçın-qırçın
göy ləpələr,
Nə xəfifdir, nə
incədir.
Onu şeirə çəkmək
olmaz,
O ən zərif düşüncədir!
O, ədəbiyyat
tariximizdə həm də istedadlı bir dramaturq kimi
anılır. Ədibin “Göz
həkimi” uzun illər teatr səhnələrində tamaşaya
qoyulub, televiziya tamaşası lentə alınıb.
İslam Səfərli 18 kitab
müəllifi olub.
Onun sözlərinə
yazılmış “Bakı,
sabahın xeyir”, “Zərif gülüşlüm”,
“Bir könül sındırmışam”, “Qonaq
gəl bizə”, “Bakılı qız”, ”Nə vaxta qaldı”,
”Ağ xalatlı həkim”, “Gəncliyimi gəzirəm” kimi mahnılar bu gün də dillər əzbəridir.
O, ömrünün ən
müdrik çağında,
çağdaş ədəbiyyatımızda
yeni-yeni cığır
açmaq əzmində
ikən, 1974-cü il noyabrın 6-da uzun sürən ağır xəstəlikdən
dünyasını dəyişir.
Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 5 noyabr.- S. 14.