Pozulmayan
izlər, sönməyən işıqlar
Maraqlı həyat yolu və zəngin
yaradıcılığı ilə seçilən, çoxcəhətli
fəaliyyəti ilə xalqa, ədəbiyyata xidmət edən
istedadlı tərcüməçi, ədəbiyyatşünas
alim, əsl vətənpərvər Əziz Şərif
ötən əsr Azərbaycan ədəbi mühitinin ən
parlaq simalarından biri olub.
Əziz Şərif 1895-ci ildə
Naxçıvanda anadan olub. Tərcümeyi-halı,
valideynləri və soy-kökləri ilə bağlı qələmə
aldığı «Keçmiş günlərdən» adlı
kitabda müəllif öz nəsli haqqında müfəssəl
məlumatlar verib. Sənədli xatirələrdən
ibarət olan bu qiymətli məxəzi vərəqlədikcə
tarixilik baxımından bəzi qaranlıq məqamlara
işıq düşür. Güzgü
tutulan hadisələrin fonunda neçə-neçə
unudulmaz və böyük şəxsiyyətin parlaq portreti
görünür.
Məlum olur ki, Əziz
Şərifin hər iki nənəsi Qarakilsə (indiki Sisian)
mahalındakı Şəki kəndində anadan olub. «Zəngəzur» romanının müəllifi, məşhur
yazıçı Əyyub Abbasov Əziz Şərifin
doğmaca xalası oğludur. Erməni-müsəlman
münaqişələri nəticəsində doğma yurddan
perik düşmüş nəsillər sonralar ara
sakitləşəndə tez-tez ana yurda baş çəkər,
onun saf, təmiz qoynunda dinclik taparmışlar. Bu
hadisələrlə bağlı Əziz Şərifin xatirələrində
Zəngəzur dağlarının əzəməti
boylanır, təbiəti dil açır. O illərin
fotoşəkilləri də kitaba salınıb. Doğma vətəni
Şəki haqqında yazırdı: «Səfalı,
axarlı-baxarlı, çəmənli-çeşməli
Şəkidə hər kəs azad, dünyadan bixəbər
yaşayar, qızlar, gəlinlər çadranın nə
olduğunu bilməz, başında yaylıq, dodağında
yaşmaq gəzər, dolanar, bulaqdan su daşıyar, hana
qurar, xalı toxuyar, nehrə çalxalar, yayda biçin
biçər, taxıl döyər, yuyar, qurudar, evin kişilərinə
kömək edərdi. Bir sözlə desək,
təbii həyat sürərdi».
Əzizin atası
Qurbanəli Şərifzadə dövrünün çox
mükəmməl biliyə malik, savadlı, bir neçə
dil bilən şəxsiyyəti olub. Mirzə Cəlillə,
Mirzə Ələkbər Sabirlə, Əliqulu Qəmküsarla
çox yaxın dostluğu, ailəvi münasibətləri
varmış. «Molla Nəsrəddin»in fəal yazarlarından
biri olan Qurbanəli Şərifzadə bu jurnalın səhifələrində
«Mozalanbəy», «Hacıleylək» və s. gizli imzalarla öz
felyetonlarını, tənqidi yazılarını dərc
etdirərmiş. Arxiv materiallarından məlum olur ki, M.Ə.Sabir
həmişə Qurbanəliyə «Ruhum, canım Şərifzadə»,
- deyə müraciət edərmiş. Cəlil Məmmədquluzadənin
Şərifzadəyə şəxsən
bağışladığı «Molla Nəsrəddin»
jurnalının cildinə yazılmışdı: «Bu kitabı
mən verirəm hamıdan çox istədiyim Qurbanəliyə
ki, bizlər də ölüb gedəndən sonra onun
oğlanları bizim dostluğumuzu bu kitabı açan vaxt
yada salsınlar». Hüseyn Cavid isə Qurbanəli
Şərifzadəni «dövrünün fazla məlumatlara
malik müəllimi, böyük istedad sahibi və qəhrəman
bir rəhbəri» adlandırırdı. Firudin bəy
Köçərli Qurbanəli Şərifzadənin vəfatı
ilə bağlı 1917-ci ildə «Açıq söz» qəzetində
yazırdı: «Millətimizin ruhu, həyatı, səadəti
və mənəvi varlığı Şərifzadənin zəif
vücudunda müşahidə olunmaqda idi».
Təbii ki, belə məziyyət və zəka
sahibinin övladı olmaq şərəfini Əziz hələ
kiçik yaşlarından duymamış deyildi. Uşaqlıq illəri doğma Şəki kəndində
keçən Əziz Şərifin ilk oxuduğu təhsil
ocağı Naxçıvanda Məmmədtağı Sidqinin
açdığı «Təbiyə məktəbi» olub.
Orada neçə il oxuduğunu
yaxşı xatırlamayan Əziz Şərif yazırdı:
«İlk dəfə rusca dərsi mən bu məktəbdə
keçdim. 1903-cü ildə isə müəllimimizin
ölüm xəbəri bizi bərk sarsıtdı. Xüsusilə də atam Sidqinin qəfil
ölümünə dözə bilmirdi». Bu
səbəbdən Qurbanəli Şərifzadə oğlunu
İrəvan gimnaziyasına qoymalı olub. Lakin o illərdə baş verən erməni-müsəlman
münaqişələri gəncin bu şəhərdə
oxumasına mane olub. Günlərin birində
ata öz oğlunu İrəvandan Tiflisə gətirib. Tiflisdə Cəlil Məmmədquluzadə azərbaycanlı
uşaqlar üçün xüsusi pansion
açmışdı ki, yeniyetmələr burada oxuduqdan sonra
gimnaziyada təhsillərini davam etdirə bilsinlər.
Əziz Şərif yazırdı:
«İlk dəfə Tiflisdə Mirzənin pansionuna gələndə
mən xalis kənd uşağı idim. Heç
nə bilməyən, heç nədən xəbəri olmayan
kənd uşağı. Hər bir şey
mənə maraqlı və təəccüblü gəlirdi.
Pansionda piano var idi ... mən onu qarmona
oxşadır, təəccüb edirdim ki, niyə onu
açıb bükmək lazım gəlmir. Heyrət və təəccüblə bilik toplayaraq
mədəni səviyyəmi yüksəldirdim».
Tiflisdə gimnaziyada
oxuduğu illərdə Əziz Şərif bir müddət Cəlil
Məmmədquluzadənin ailəsində tərbiyə
olunmuş, mütərəqqi ictimai ideyalara yiyələnmişdi.
O dövrdə Tiflisdə fəaliyyət göstərən Azərbaycan
aktyorlarını, sənətkarlarını da məhz Mirzə
Cəlilin evində görmüşdü. Hətta Məmməd
Rza Təhmasib, Hüseyn Ərəblinski ilə
yoldaşlıq edərmiş. Erməni
quldurlarının 1905-ci ildə başladıqları qəddarlığın
alovları bütün Azərbaycanı bürüməkdə
idi. Naxçıvanda da qanlı
qırğınlar törədilmiş, talanlar edilmişdi.
Aranın belə qarışdığı bir vaxtda Qurbanəli
kişi ehtiyatlanaraq Əziz Şərifi
Tiflisdən Naxçıvana aparmışdı.
1906-cı ildə Cəlil
Məmmədquluzadənin redaktorluğu ilə «Molla Nəsrəddin»
jurnalının ilk nömrəsi işıq üzü
gördü. Əziz Şərif öz xatirələrində
yazır ki, jurnal çıxan gündən atam özü
abunəçi yazılmış, Naxçıvanda
bütün dost və tanışlarını da abunəçi
yazdırmışdı. «Yadımdadır ki,
jurnal bizə iki nüsxə gəlirdi. Bir nüsxəsi
atamın adına, biri də məni jurnala
həvəsləndirmək üçün mənim
adıma».
Beləliklə, Əziz
Şərifin «Molla Nəsrəddin» jurnalında ilk
yazısı çıxanda 15 yaşı vardı. «Molla Nəsrəddin» jurnalının 16-cı
nömrəsində çap edilmiş bu yazı «Əziz
Qurbanəli oğlu Şərifzadə» imzası ilə
çap edilib. Atası Qurbanəli Şərifzadənin
arxivində bir sıra sənədlər və məktublar var
ki, onlar Qurbanəli Şərifzadənin «Molla Nəsrəddin»in
necə fəal yazarlarından olduğunu təsdiqləyir.
Əlbəttə, Qurbanəli Şərifzadə
peşəkar yazıçı, yaxud jurnalist olmayıb.
Lakin dövrünün
ağrı-acılarını dərindən duyan, xalqına,
millətinə ürəyi yanan bir şəxsiyyət idi.
Onun bu yöndəki yaradıcılığının
tarixi əhəmiyyətini müəyyənləşdirmək,
tədqiq etmək xüsusilə vacibdir.
Sonralar təhsilini davam etdirən Əziz
Şərif Moskvada ali məktəb
bitirmişdi. Sovet hakimiyyəti qurulduqdan sonra
1925-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində
işləməyə başlayır. O, mətbuatda fəal
çıxış edir, tədqiqatlar aparır, ədəbiyyatşünaslıqla
bağlı maraqlı əsərlər qələmə
alırdı.
Əziz Şərif
həm də respublikamızda tərcümə işinin banilərindən
sayılır. O, rus və Azərbaycan dillərində bədii
tərcümə sahəsində çox səmərəli fəaliyyət
göstərib. Cəlil Məmmədquluzadənin, Əbdürrəhim
bəy Haqverdiyevin, Mir Cəlalın, Süleyman Rəhimovun,
Mirzə İbrahimovun əsərlərini rus dilinə, Qoqolun,
Qorkinin, Fadeyevin romanlarını, povest və pyeslərini ana
dilimizə tərcümə edib. O, ədəbi əlaqələrin
yaxınlaşmasında, inkişafında sanballı xidmət
göstərib. «Naxçıvan məktubları», «Sabir bu
gün», «Cəlil Məmmədquluzadə», «Molla Nəsrəddin»in
yaranması», «Zaqafqaziya xalqlarının ədəbiyyatı»,
«Vaqif məhəbbət və gözəlik nəğməkarıdır»
kimi əsərləri hələ sağlığında ona
böyük şöhrət qazandırıb.
«Keçmiş
günlərdən» kitabının isə tarixi əhəmiyyəti
daha böyükdür. Burada həm Azərbaycan
tarixinin müəyyən məqamları faktlarla öz əksini
tapıb, həm də ədəbiyyatımızın
tanınmış simalarının bizə bəlli olmayan həyatı
qələmə alınıb.
Əziz Şərif 1937-ci il repressiyalarının
sarsıntılarını yaşamış, duymuş bir
şəxsiyyət olub. Onun uşaqlıqdan
sevdiyi Hüseyn Cavid o ağır illərin qurbanı olub.
Mişkinaz xanım Cavid öz xatirələrində
minnətdarlıqla xatırlayırdı ki, o illərdə
hamı bizdən üz döndərmişdi. Çoxu salam verməyə belə qorxurdu. Bu ağır və yalqız günlərdə
Cavidin ailəsini arayan, axtaran, onların ünvanına məktub
yazan iki nəfərdən biri məhz Əziz Şərif idi.
O, öz insanlıq borcunu sədaqətlə yerinə
yetirirdi. Həmişə Turan Cavidə təskinlik
verməyə, ona dayaq olmağa çalışırdı.
Filologiya elmləri
doktoru Əziz Şərif həm də böyük pedaqoq idi.
O, 25 ildən artıq müddətdə, ömrünün
axırınadək M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin professoru olub. Azərbaycanın
Əməkdar elm xadimi Əziz Şərif Moskvada
dünyasını dəyişəndə 94 yaşı var
idi. Vəsiyyətinə görə Əziz
Şərifi Naxçıvan qəbiristanlığında,
atasının yanında dəfn ediblər. Burada bir qəribə uyğunluğu xatırlamamaq
olmur.
Qurbanəli Şərifzadə
də erməni quldurlarının torpaq iddiasına
düşdüyü vaxt dünyasını dəyişmişdi,
Əziz Şərif də məhz 1988-ci ildə,
soydaşlarımızın doğma torpaqlarından
qovulduğu vaxt vəfat etdi. Ruhlarına
daim dualar oxunan hər iki parlaq şəxsiyyət bütün
varlıqları ilə torpağa, Vətənə
bağlı insanlar olublar. Vaxtilə Qurbanəli Şərifzadənin
qəbri üstündə nitq söyləyən Rza Təhmasib
belə bir söz demişdi: «Mərhum hürriyyət və ədalətin
ən səmimi dostlarından biri di. Məşədi
Qurbanəli bəy kimi vücudların fövt olub getməsi
millət üçün ağır dərddir».
Bu fikri eynən Əziz
Şərif haqqında da söyləmək
mümkündür. Amma bir təsəlli
var ki, parlaq şəxsiyyətlərin saldığı izlər
pozulmur, yandırdıqları mənəvi işıqlar isə
heç vaxt sönmür.
Flora
Xəlilzadə
Mədəniyyət.-
2010.- 5 noyabr.- S. 13.