Fotoşəkillər önündə düşüncələr

 

  Muzey ekspozisiyasının tərtibatında fotoşəkillərdən geniş istifadə olunur. Hər bir fotoşəkil özündə müəyyən tarix yaşadır və buna görə də seyrçinin ondan aldığı təəssürat uzunömürlü olur, buya digər hadisə yaddaşlarda həkk olunur, mahiyyəti ətrafında düşünülür.

     

   Fotoşəkillər ədəbi-xatirə muzeylərinin ekspozisiyasında da mühüm yer tutur. Bu da təbii qarşılanır. Yaradıcı şəxsiyyətin şəxsi həyatı və fəaliyyəti ilə bağlı fotoşəkillərlə yanaşı, onun ayrı-ayrı əsərlərinə aid nümunələrin də nümayişi mövzunun daha dərindən qavranılmasına müsbət təsir göstərir.

   Fotoşəkillərdə yaradıcı insanın acılı-şirinli ömrünün müəyyən anları əbədiləşir, onun hər hansı bir hadisəyə münasibəti və bu hadisələrdə iştirakı öz əksini tapır, müasirləri, dost-tanışları, qayğıları barədə məlumat yaşayır. Bəzən bir fotoşəklin təəssüratı yaddaşlarda əbədi yaşayır. Bir sözlə, fotoşəkillər sənətkar ömrünün aynasıdır.

   Xatirə yazısı olan fotoşəkillər özündə başqa bir görkəmli şəxsiyyətin də xatirəsini yaşatdığı üçün daha böyük muzey əhəmiyyəti kəsb edir. Bəzən nadir fotoşəkillərə rast gəlirik ki, bunlar da öz növbəsində ekspozisiyanı daha da zənginləşdirir.

   Xalqımızın yetirdiyi böyük söz sərraflarından Səməd Vurğunun, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin və Abdulla Şaiqin xatirə muzeylərində apardığımız müşahidələr zamanı xüsusi maraq doğuran fotoşəkillərlə rastlaşdıq.

   Əlbəttə, ilk fotoşəkillər bu sənətkarların uşaqlıq və ilk təhsil illərinə aiddir, onların valideynlərinin və müəllimlərinin fotoşəkilləridir.

  

   * * *

 

   Səməd Vurğunun ev-muzeyində nümayiş etdirilən ilk fotoşəkillər şairin üçsinifli kənd məktəbində Qazax Müəllimlər Seminariyasında təhsil aldığı illərə aiddir. Seminariyanın yaradıcısı və ilk müdiri görkəmli ədəbiyyatşünas və pedaqoq Firudin bəy Köçərli, müəllimlərdən Yusif Qasımov və Əli Hüseynovla fotoşəkillər vasitəsilə tanış oluruq.

   Seminariyanı 1924-cü ildə bitirmiş gənclərin fotoşəkli. Bu gənclər sonradan Azərbaycanda elm və mədəniyyətin inkişafında mühüm rol oynadılar. Onların arasında Səməd Vurğun da var. Sonrakı fotoşəkillər şairin QazaxQuba rayonlarında, Gəncə şəhərində müəllimlik etdiyi illərə, ədəbiyyat aləminə gəldiyi dövrə aiddir. Səməd Vurğunun Moskvada təhsil aldığı dövrə, Böyük Vətən müharibəsi illərində (1941-1945) fəaliyyətinə, ümumittifaq və beynəlxalq əlaqələrinə aid fotoşəkillər də maraq doğurur.

   Şairin otağı. Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyi üçün çəkə bilmədiyi yarımçıq papiros və avtoqələmi ilə yanaşı ailə üzvlərinin birgə fotoşəkli də qoyulub.

   Şairin Polşanın Vrotslav şəhəri qardaşlıq qəbiristanlığındakı bir məzarın qarşısında fotoşəkli var. Səməd Vurğun 1948-ci ildə Polşada olarkən Böyük Vətən müharibəsi qurbanlarının - Vrotslav qəbiristanlığında uyuyan bir neçə azərbaycanlının adını öz dəftərinə yazıb. Şair başdaşlarını oxuyarkən İslam adına da rast gəlib. O, sonradan həmin vaxt keçirdiyi hissləri belə ifadə edib: «Onların məzarı öz doğma torpağından, Xəzər sahillərindən, Kürdən, Arazdan, Şahdağın ətəklərindən, Muğan, MilŞirvan düzlərindən çox-çox uzaqlarda olduğu üçün ağsaçlı anaları, bacı-qardaşları və nişanlıları heç olmazsa son dəqiqələrdə öz əzizlərilə görüşüb vidalaşa bilmədikləri üçün məni dərin bir kədər hissi bürüdü. Eyni zamanda, qəlbim fəxrlə döyündü ki, doğma xalqımın oğulları, Babək və Koroğlunun bu cəsur balaları da hər bir əzab və əziyyətə dözərək Mozdokdan Vrotslava qədər uzaq bir yol keçərək Avropanı hitlerçilərin zülm, həqarət və əsarətindən xilas etdilər...»

   Şairin «İslam» balladası konkret olaraq həmin hisslərin təsiri ilə yaranıb və dünyanın xilası yolunda şahid olanların xatirəsinə gözəl bir abidədir.

   Muzeydə sovet yazıçılarının II ümumittifaq qurultayına xüsusi guşə ayrılıb. Məlumdur ki, S.Vurğun həmin qurultayda poeziya haqqında məruzə ilə çıxış edib. Fotoşəkillər vasitəsilə biz S.Vurğunu xitabət kürsüsündə, qurultayın rəyasət heyətində, səsvermə mərasimində, fasilə zamanı gələn dostları ilə söhbətdə görür və fərəhlənirik...

   Səməd Vurğunun ev-muzeyində nümayiş etdirilən bir fotoşəkil diqqətimizi çəkir: şair kolxozçu qadınlara M.F.Axundovun «A.S.Puşkinin ölümünə Şərq poeması»nı oxuyur. Nəzərləri başqa fotoşəkillər də cəlb edir: Səməd Vurğun məktəblilərlə dahi Nizami Gəncəvinin portreti önündə, qocaman qazax akını Canbulla birlikdə həmişəyaşar Şota Rustavelinin büstü fonunda, incə qəlbli lirik Mola Vəli Vidadinin məzarı üstündə... Daha bir fotoşəkil: Səməd Vurğun bir dəstə məktəbli ilə böyük dramaturq Cəfər Cabbarlının portreti önündə...

   Bütün bunlar şairin klassik ədəbiyyata, onun ayrı-ayrı nümayəndələrinə bağlılığını və məhəbbətini əks etdirir.

  

   * * *

 

   Cəfər Cabbarlının ev-muzeyində iri fotoşəkil seyrçini Cəfərin dünyaya göz açdığı Xızıya aparır.

   Cəfər təhsilini Bakı şəhərində alıb. Fotoşəkillər bizi ədibin müəllimləri ilə tanış edir. Onlar dövrünün tanınmış sənətkarları və ziyalılarıdır: Abdulla Şaiq, Süleyman Sani Axundov, Mirzə Əbdül Qadir, Bədəl bəy Bədəlbəyli...

   Ekspozisiyada Cəfər Cabbarlının səhnəmizin İsmayıl Hidayətzadə, Aleksandr Tuqanov, Rza Təhmasib, Mustafa Mərdanov və başqa unudulmaz simaları ilə birgə fotoşəkilləri nümayiş etdirilir. Bunlar Azərbaycan teatr tarixinin parlaq səhifələridir.

   Dramaturqun «Aydın», «Oqtay Eloğlu», «Od gəlini» pyeslərinə həsr olunmuş ekspozisiya bölmələrində Aydın, Oqtay, Elxan obrazlarını yaratmış unudulmaz sənətkarlarımız - Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Rza Əfqanlı ilə yenidən görüşürük.

   Başqa bir otaq «Almaz» və «Sevil» pyeslərinə həsr olunub. Bu bölmənin eksponatları həm də Azərbaycan səhnəsinin Mirzəağa Əliyev, Mərziyyə Davudova, Möhsün Sənani, Sona Hacıyeva kimi unudulmaz nümayəndələrinin adı ilə bağlıdır. Nümayiş etdirilən proqramafişalarda onların adı yazılıb, təsvir olunan obrazların yaradıcıları da onlardır.

   «Yaşar», «1905-ci ildə» və «Dönüş» əsərlərinə aid otaq da baxarlıdır. Bu bölmədə bir daha Cabbarlı obrazlarının yaradıcıları ilə rastlaşırıq: Rza Təhmasib, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Həsənağa Salayev...

   Yataq otağı... Burada ədibin dəfni ilə bağlı fotoşəkillər də nümayiş etdirilir. Bu fotolardan biri ədiblə vidalaşma mərasimində çəkilib: Cəfəri haqq dünyasına yola salmaq üçün onun doğmaları, pərəstişkarları, dövrünün görkəmli şəxsiyyətləri indiki respublika Elmlər Akademiyasının salonuna toplaşıblar. Çoxlu tanış simalar görünür. 1937-ci ilin qara yelləri hələ əsməyib, qarşıdadır...

   Ədibin yubileyləri böyük el bayramları kimi qeyd edilib, indiqeyd edilir. Fotoşəkillər müxtəlif illərdə keçirilmiş yubiley tədbirlərini əks etdirir.

  

   * * *

 

   Abdulla Şaiqin mənzil-muzeyində nümayiş etdirilən fotoşəkillər seyrçini mədəniyyətimizin ədəbiyyatımızın xüsusi maraq doğuran səhifələri ilə tanış edir, gərəkli məqamları özündə yaşadır. Ötən əsrin əvvəllərində çəkilmiş bir fotoşəkil: «Nicat» cəmiyyətinin yaradıcıları və ilk üzvləri - Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Əbdürrəhim bəy Haqverdiyev... bir yerdədirlər. Təqdimata ehtiyacı olmayan bu şəxsiyyətlərin arasında Abdulla Şaiqvar.

   Başqa bir fotoşəkil. Abdulla Şaiq görkəmli alimlər və yazıçılarla bir yerdədir. İndiki yaşlı və orta nəsil buradakıları baxan kimi tanıyır: Atababa Musaxanlı, Əhməd Cavad, Səməd Mənsur, Azər Buzovnalı, Süleyman Sani Axundov, Bəkir Çobanzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, İsmayıl Hikmət, Seyid Hüseyn...

   Ədibin öz doğmaları, şagirdləri və dostları ilə fotoşəkilləri ilə də bu gün əvəzsiz muzey eksponatlarıdır.

   Belə fotoşəkillərdən biri 1932-ci ildə tənqidçi Atababa Musaxanlının bağ evində çəkilmişdir. Atababa Musaxanlı və Şaiqin ailə üzvləri və ən yaxın qohumları ilə birlikdə Səməd Vurğun, onun gələcək həyat yoldaşı Xavər xanım (Şaiqin baldızı) da buradadır. Muzey işində maraq doğuran bir cəhəti də qeyd edək ki, bu fotoşəkli yazıçı Mikayıl Rzaquluzadə çəkib.

  

   * * *

 

   Cəlil Məmmədquluzadənin Məmməd Səid Ordubadinin xatirə muzeylərində nümayiş etdirilən fotoşəkillər ekspozisiyanı xeyli zənginləşdirir.

   Cəlil Məmmədquluzadənin ev-muzeyində yazıçının həyatının müxtəlif dövrlərinə aid fotoşəkillərlə yanaşı, ailə üzvlərinin, o cümlədən oğlanları Midhət və Ənvərlə birgə fotoşəkilləri də nümayiş etdirilir.

   Ekspozisiyada yazıçının həyat yoldaşı, Azərbaycanın tanınmış ziyalı qadınlarından olan Həmidə xanım da yer alıb.

   Burada həmçinin Mirzə Cəlillə birlikdə «Mola Nəsrəddin» jurnalını yaradanonun müəlliflərindən Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Əli Nəzmi, Məmməd Tağı Sidqi kimi qeyrətli qələm sahibləri də təqdim olunur.

  

 

   Adilxan Bayramov

 

   Mədəniyyət.- 2010.- 5 noyabr.- S. 12.