Səs sərvətimiz
Azərbaycan Radiosunun “Qızıl fondu”
“Danışır
Bakı!”. 84 il bundan əvvəl,
1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu bu sözlərlə
efirə çıxdı. Bu illər ərzində
Azərbaycan Radiosu xalqın danışan
dilinə çevrildi, mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizi təbliğatçısı,
nadir səs xəzinəmizin saxlanc yeri oldu.
Bu gün 105 FM dalğasında yayımlanan Azərbaycan
Radiosunun “Qızıl fond”unda 100 mindən artıq nadir
səslər qorunub saxlanılır. Radionun Fond və operativ fonoteka şöbəsinin
müdiri Elşad Allahverdiyev “Qızıl fond”dakı səs xəzinəmizdən
danışdı.
“Qızıl fond”un qızıl xəzinəsi
- Azərbaycan Radiosunun ən böyük özəlliyinin biri odur ki, burada zəngin səs yaddaşımız qorunub saxlanılır. Fondda elə musiqilər, elə əsərlər var ki, onları başqa heç bir yerdə tapmaq mümkün deyil. Bir misal çəkim, unudulmaz müğənnimiz Şövkət Ələkbərovanın demək olar ki, bütün mahnıları burada qorunub saxlanılır. Çox qəribədir, bir il əvvəl fondumuza təkrar baxış keçirərkən gördüm ki, Şövkət Ələkbərovanın elə mahnısı var ki, radio üçün oxuyub, ancaq o heç vaxt efirdə səslənməyib. Və ya böyük sənətkar Ələsgər Ələkbərovun müsahibəsinə rast gəldim. Onun ifasında bir xeyli radio-tamaşalarımız var, ancaq müsahibəsi böyük maraq doğurdu. Qızıl fondda belə səs incilərimiz çoxdur və bu səslər olduqca qiymətlidir.
- Bu gün “Qızıl fond”da nə qədər səs saxlanılır?
- 100 mindən çoxdur.
- Maraqlıdır, bu xəzinədə kimlərin səsi var?
- Radionun “Qızıl fond”unda görkəmli sənətkarların ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. Böyük bəstəkarlar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, yazıçı-şairlərdən Cəfər Cabbarlı, Səməd Vurğun, görkəmli xanəndə Cabbar Qaryağdıoğlu, tanınmış səhnə ustaları Mirzəağa Əliyev, Mərziyə Davudova, Hökümə Qurbanova və yüzlərlə digər sənətkarın nadir səsləri burada qorunub saxlanılır. Mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, dövlət adamlarının, görkəmli şəxsiyyətlərin səsləri səs xəzinəmizin incilərindəndir.
- Yəqin ki, bu lentlər xüsusi qaydada qorunub saxlanılır?
- Fond və operativ fonoteka şöbəsi əslində səslər muzeyidir, burda nadir səslər gələcək nəsillər üçün qorunub saxlanılır. “Qızıl fond” üçün xüsusi bir yer ayrılıb, saxlanma qaydası fərqlidir: müvafiq temperatur, işıqlandırma və s. Hətta bu səslərin qorunub saxlanılması üçün xüsusi rəflər hazırlanıb. Hələlik lentdən istifadə edirik, ancaq hissə-hissə bu səslər diskə köçürülür. Bərpaya ehtiyacı olan səslər isə bugünkü yüksək texnologiyanın köməyi ilə bərpa olunur. Bu istiqamətdə ciddi işlər aparılır.
“Xoşbəxtəm ki, bu sərvətin içindəyəm”
Uzun illər Fond və operativ fonoteka şöbəsində redaktor vəzifəsində işləyən Mehriban Mərdanovaya ilk olaraq bu sualla müraciət etdik:
- Azərbaycan radiosu deyəndə göz önünə ilk növbədə sirli səslərlə dolu “Qızıl fond” gəlir. Uzun illər belə bir yerdə işləmisiniz, nələri duymusunuz, nələri görmüsünüz?
- Radioya eşitdiyim səslərin sehrinə düşüb gəlmişəm. Gələn gündən də hiss etmişəm ki, çox sirli, müəmmalı bir ocağa düşmüşəm. İlk gündən bu fondda fonotekaçı kimi işə başladım, təcrübə topladım, öyrəndim. Fond fonotekasında işləmək ilk növbədə jurnalistə radionun özəyi olan lentlərin mahiyyətini - onlardan necə istifadə etməyi, səslərin necə yazılmasını, qorunmasını öyrədir. O baxmdan fond və operativ fonotekada işləməyi radionun, televiziyanın əlifbası hesab eləmək olar.
- Maraqlıdır, hər gün işə gəlib 100 mindən çox səsin saxlandığı məkana daxil olursunuz. 100 min səs və səssizlik...
- Əslində biz lentləri qaldıranda o səsləri duyuruq, o səsləri hiss edirik. O lentlər kimin üçünsə cansız bir lent, adi bir şey ola bilər, amma şəxsən mənim üçün o lentlərin hər biri bir xatirə, hər biri qiymətli bir səs, hər biri gözəl ovqatdır. Bu səslər bizim ruhumuzu qidalandıran gözəl mənəvi sərvətdir. Xoşbəxtəm ki, bu sərvətin içindəyəm, bu dəyərli yerdə işləyirəm.
84 il ərzində Azərbaycan radiosu xalqın radiosu olduğunu sübut etdi. 84 il əvvəl “Danışır Bakı!” müraciəti ilə xalqa üz tutan radionun bu gün qürurla “Danışır Azərbaycan!” deməyə haqqı var. 105 FM Azərbaycanın səsidir!
6 noyabr Azərbaycan Televiziyası
və Radiosu Günüdür. Təbrikimizi qəbul edin, bayramınız mübarək!
Təranə
Vahid
Mədəniyyət.-
2010.- 5 noyabr.- S. 11.