Cazmen Əminə Fiqarova
Amerikanı «fəth» edir
Hollandiyada yaşayan məşhur cazmen
soydaşımız Əminə Fiqarova ilə bir neçə
ay öncə Bakıda görüşmüşdük. O vaxt
çox məşğul idi. Bir neçə mötəbər
festivala dəvət almışdı. Bu günlərdə
yenidən Bakıda qonaq olan soydaşımızla həmsöhbət
olduq və o iştirak etdiyi festivalların təəssüratını
bizimlə bölüşdü.
- O vaxt Bakıdan qayıdan kimi
birbaşa Malayziyaya getdik. Festival Borneo adasında
yerləşən Miri
şəhərində keçirilirdi. Yerli əhali
cazı çox sevir. Amma belə festivallar
az-az keçirildiyindən
bura minlərlə caz pərəstişkarları
toplanmışdı. Onlar musiqiçiləri səhnədən
buraxmaq istəmirdilər.
Əlbəttə, bir
musiqiçi kimi bizim üçün çox xoş idi.
Bundan sonra Hollandiyaya yaxın olan Avropa ölkələrində
çıxışlarımız oldu. Portuqaliyada keçirilən Laqoa caz festivalı isə daha çox
yadımda qaldı. Açıq havada çox da böyük
olmayan amfiteatr, gölün və meşənin fonunda çox romantik görünürdü.
Yığışan
tamaşaçıların hamısı cazı yaxşı bilən insanlardı. Maraqlıdır,
baxmayaraq ki, bu bizim Portuqaliyaya
ilk səfərimiz idi.
Amma onlar bizi tanıyırdılar.
Çünki onların
radiosu bizim musiqilərimizi tez-tez verir.
- Amerikada keçirilən məşhur
caz festivalında çıxışlarınız necə keçdi?
- Nyu-Port caz festivalı təkcə Amerika üçün yox, həm də dünya üçün əhəmiyyətli bir festivaldır. Belə festivallarda avropalı musiqiçilər çox
təsadüf halda çıxış edirdilər.
Məsələn,
Hollandiyadan olan musiqi qrupu yalnız
bir dəfə -
1964-cü ildə bu festivalın iştirakçısı
olub. Amerika cazın vətənidir. Festivalda görüşdüyümüz
hər bir amerikalı da bu fikirdə idi, onlara elə
gəlir ki, cazı da hamıdan
yaxşı başa düşürlər. Onların
Azərbaycan barədə
məlumatları az idi. Biz onlara deyəndə ki, Azərbaycanda caz çox populyardır, təəccübləndilər. Mən öz musiqi qrupumla ildə 2-3 dəfə Amerikaya gedirəm, ölkənin bütün
böyük səhnələrində
çıxış edirik.
Məsələn, Linkoln
mərkəzində, Çikaqo
caz festivalında, San-Fransiskoda, Nyu-Orleanda. Harada
oluramsa, orada Azərbaycandan, onun adət-ənənələrindən mütləq danışıram.
Nyu-Port caz festivalında çıxışımdan
sonra Amerika qəzetləri yazırdı
ki, «Azərbaycanlı
musiqiçi Əminə
Fiqarova Amerikanı fəth edir».
- Təbrik edirik. Bu çox böyük uğurdur.
- Əlbəttə,
həm də çox böyük məsuliyyətdir. Mən
festivallarda səhnəyə
iki bayraqla - Azərbaycan və Hollandiyanın bayraqları
ilə çıxıram.
20 ildən artıqdır
ki, Hollandiyada yaşayıram. Onlar məni özününkü
hesab edirlər. Bu mənə qürur verir. Hansı ölkədə çıxış
ediriksə, bizim konsertimizə o ölkədəki
Hollandiya və Belçika səfirliklərinin
nümayəndələri, səfirlər iştirak edirlər.
- Bəs Azərbaycan səfirliyinin
işçiləri necə?
- Hollandiya və qonşu Avropa ölkələrindəki
Azərbaycan səfirliklərinin
əməkdaşları konsertlərimizə
gəlirlər.
- Amerika festivalında sonuncu diskinizin təqdimatı olmalı idi...
- Təqdimat çox böyük uğurla keçdi və iki aydır
ki, diskim Amerikada 4-cü yerdədir.
Son aylar işlərimiz
çox oldu. Vaxt tapan kimi,
Azərbaycana gəldim.
Bir neçə gün dincəlib, yenidən yola çıxırıq.
- Uğur olsun!
Sədaqət Yusifqızı
Mədəniyyət.-
2010.- 5 noyabr.- S. 11.