«Skal Bakı» mükafata layiq görülüb
Klubun 6-cı toplantısında müxtəlif məsələlər
müzakirə olunub
«Skal
İnternational» beynəlxalq turizm təşkilatının
Bakı klubunun («Skal Bakı») növbəti 6-cı
toplantısı noyabrın 2-də Azərbaycan Turizm
İnstitutunda keçirilib.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin
inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, BMT-nin
Turizm-inkişaf layihəsinin milli koordinatoru Faiq Qürbətov,
«Bak tur» turizm şirkətinin direktoru Fayis Məmmədov,
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, institutun
müəllim və tələbələri, ölkəmizdə
fəaliyyət göstərən hotel və turizm şirkətlərinin
rəhbərləri iştirak ediblər.
Toplantını giriş
sözü ilə açan «Skal İnternational Baku»nun rəhbəri
Ruslan Quliyev bildirib ki, oktyabrın əvvəlində
Avstraliyanın Sidney şəhərində keçirilən
«Skal-İnternational»ın konqresində Bakı klubu da təmsil
olunub. Onun sözlərinə görə, Azərbaycan
artıq ikinci dəfədir «Skal-İnternational»ın
toplantısında iştirak edir: «Toplantıda «Skal Avstraliya»
klubunun rəhbəri Toni Boyle «Skal-İnternational»ın yeni
baş katibi seçildi. Toplantıda təşkilat tərəfindən
müəyyənləşdirilmiş müxtəlif
nominasiyalar üzrə qaliblər də elan olundu. “Skal
İstanbul” ekoturizmlə bağlı həyata keçirilən
layihələrdə yaxından iştirakına görə ən
yaxşı klub adını aldı. «Skal Bakı» isə
skalın inkişafı mükafatına layiq
görüldü. Bizim klubun fəaliyyəti təşkilat rəhbərliyi
tərəfindən yüksək qiymətləndirildi».
Tədbirdə 2010-cu il turizm
mövsümünün yekunları müzakirə edilib.
İl ərzində görülən işlər, həyata
keçirilən tədbirlər toplantı
iştirakçıları tərəfindən yüksək
qiymətləndirilib və gələcəkdə ölkə
ərazisində turizmin inkişafı istiqamətində layihələrin
sayının artırılması qeyd edilib. Toplantıda
Turizm İnstitutu ilə turizm sənayesi arasında
işgüzar əlaqələr və məzunların işə
qəbul mexanizmi barədə müzakirələr də
aparılıb. Qeyd edilib ki, tədris prosesində tələbələrin
dil öyrənməsi məsələsinə daha çox
diqqət yetirilməlidir. Çünki turizm sənayesinə
daxil olan hər bir insan ən azı ingilis və rus dillərini
lazımi səviyyədə bilməlidir. Səslənən
fikirlərə görə, hazırda təcrübəli və
savadlı, məlumatlı bələdçilərin
sayının azlığı Azərbaycanın turizm
sektorunda ciddi problemdir. Xüsusilə də fransız, italyan,
Çin və yapon dillərini bilən bələdçilərin
olmaması bu ölkələrdən turist qrupları gələn
zaman turizm şirkətlərini çıxılmaz vəziyyətdə
qoyur.
Tədbirdə vurğulanıb ki,
indi Azərbaycanda ingilis dilini yüksək səviyyədə
bilən insanlar regionlarda çalışmağa o qədər
də həvəs göstərmirlər. Bu səbəbdən
də gənclərin turist bələdçisi işinə cəlb
olunmasının yolları aranmalıdır. Bundan başqa,
ekoturizm və digər istiqamətlər üzrə yeni layihələrin
hazırlanması, onların qrant layihəsi kimi «Skal» təşkilatına
təqdim edilməsi müzakirə edilib.
«Skal
Bakı»nın 6-cı toplantısında turizm şirkətləri
ilə mehmanxanalar arasında münasibətlər də
müzakirə edilən məsələlər
sırasında olub. Bildirilib ki, əksər turizm məkanlarının
rəhbərləri elə hesab edirlər ki, özləri
özlərini tanıda bilərlər və bunun üçün
turizm şirkətlərinin xidmətinə ehtiyac yoxdur.
Gerçəkdə isə turizm şirkəti olmadan hər
hansı hotelin öz məhsulunu dünya bazarına
çıxarıb tanıtması çox çətindir.
Fəxriyyə
Abdullayeva
Mədəniyət.-
2010.- 5 noyabr.- S. 9.