Azərbaycanlılar turizm ölkəsi kimi ən çox Türkiyəyə üstünlük verirlər

 

   Beynəlxalq turizmin coğrafiyasının vətəndaşlarımız tərəfindən müəyyənləşdirilməsi məqsədilə BMT-nin İnkişaf Proqramı «Turizm xidmətlərindən istifadə ilə bağlı tədqiqat» layihəsi çərçivəsində daha bir sorğunun nəticələrini açıqlayıb. «Xarici ölkələr arasında sırf turizm bölgəsi kimi hansı 3 ölkənin adını qeyd edə bilərsiniz» sualına cavab olaraq respondentlər 64 ölkənin adını qeyd ediblər.

  

   Verilən cavablardan aydın olur ki, Asiya ilə Avropanın kəsişdiyi nöqtədə yerləşən, turizm bazarı daha çox inkişaf edən və xidmətin səviyyəsi çox yüksək olan Türkiyə 74,5 faizlə turizm bölgəsi kimi tanınan birinci ölkədir. «Ən çox üstünlük verilən turizm ölkəsi» kimi yenə də Türkiyə 40,7 faiz səslə birincidir. Sıralamada İtaliya (25 faiz), Fransa (19, 2 faiz), Almaniya (13,2 faiz) ilk üçlükdədir. «Ən çox üstünlük verilən turizm ölkəsi» kimi İtaliya 7 faizlə ikinci, Fransa 5, 3 faizlə beşinci, Almaniya 3, 8 faizlə yeddincidir. Respondentlər İtaliyanı ikinci olaraq görmələrinin səbəbini oranı yaxından tanımaq, mədəniyyətini və tarixi abidələrini, zəngin coğrafiyasını görmək istəyi ilə əlaqələndiriblər.

   Respondentlər Rusiyanı turizm ölkəsi kimi 4-cü sırada qeyd ediblər. Təhlillər göstərir ki, Rusiyanın turizm sahəsində geniş imkanlara malik olmasına, amma bu gün ölkədə beynəlxalq turizmin ləng inkişaf etməsinə baxmayaraq, respondentlər bu ölkənin iqtisadi-coğrafi mövqeyinin başlıca xüsusiyyətini (turizmin şop-tur formasını) və sıx qonşuluq mövqeyini, işgüzar, şəxsi əlaqələri nəzərə alaraq, bu cavabı veriblər.

   Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz kimi, turist gəlmələrinə görə Avropa regionlar arasında birinci yerdədir. Məhz bu baxımdan Fransanın da azərbaycanlılar tərəfindən arzuolunan turizm bölgəsi kimi 19,2 faiz səslə seçilməsi təsadüfi deyil. Bunu respondentlər əsasən Fransanın memarlığını və tarixi şəhərlərini, mədəniyyətini, Parisi, Eyfel qülləsini və Luvr muzeyini görmək istəyi ilə izah edirlər.

   Digər ölkələr kimi isə rəyi soruşulanlar Misiri, Hindistanı, Yaponiyanı, Kanadanı, Hollandiyanı, Şimali Kipri, İsveçrəni, Havay adalarını, İranı, İsveçi və s. qeyd ediblər. Verilən cavabların təhlilləri göstərir ki, azərbaycanlılar beynəlxalq turizm bölgəsi kimi seçimlərində məsafənin yaxınlığına, dili danışmağın asanlığına, dini yaxınlığa və olduqları yerdən uzaqda da olsa, abidələri, şəhərləri, təbiət gözəlliklərini, sənət strukturlarını yaxından görməyə də üstünlük verirlər.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 5 noyabr.- S. 9.