Mən dünyada olmayanda

 

   Baba Mahmudoğlu - 70

        

   «Baba çox gözəl səsə malik bir sənətkar idi. Onun səsi məlahətli və qüdrətli idi. Elə buna görə də nə oxusaydı, özünəməxsus oxuyurdu. Baba ilə bizi daha da yaxınlaşdıran, yaradıcılıq ünsiyyətinə gətirən mənim qələmə aldığım «Gəlin qayası» operası oldu. Bu operanın ilk tamaşasında Camal rolunu Baba Mahmudoğlu, Gülbahar obrazını isə Nəzakət Məmmədova oynamışdılar. Operanın ərsəyə gəlməsində mən Babanın zəhmətini heç vaxt unuda bilmərəm. Çünki o, oynadığı obraza böyük məsuliyyətlə yanaşırdı, ən xırda detalları belə diqqətlə oynamağa çalışırdı. Bu ondan irəli gəlirdi ki, Babanın həm də gözəl aktyorluğu var idi. Allah rəhmət eləsin, belə sənətkarlar xalqımızın milli sərvətidir.

 

   Şəfiqə Axundova, Xalq artisti

  

   «Baba Mahmudoğlu ilə 45 ildən çox dostluq etmişəm. Onun sənəti də, şəxsiyyəti də özünəməxsus idi. Uzun illər Opera və Balet Teatrında birgə çalışmışıq. Demək olar ki, onun bütün rollara hazırlığı mənim gözümün qabağında olub. Baba kimi məsuliyyətli sənətkar bəlkə də çox az tanıyıram. Bütün bunlar Babanı ən yaxşı sənətkar, ən yaxşı dost və ən yaxşı insan kimi xatirəmdə yaşadır. Əminəm ki, onun səsi və yaratdığı sənət nümunələri musiqi xəzinəmizin qiymətli inciləri kimi heç vaxt yaddaşlardan silinməyəcək».

   Canəli Əkbərov, Xalq artisti

  

   «Baba ilə həm dostluq etmək, həm də bir səhnədə tərəf-müqabil olmaq böyük xoşbəxtlik idi. O qeyri-adi bir insan və sənətkar idi. Odur ki, sənət dostları Babadan çox şey öyrənib. Açığını deyim ki, biz onunla bir səhnədə olanda Babanın yüksək peşəkarlıqla yaratdığı obraz o qədər diqqətimi cəlb edirdi ki, bəzən mən səhnədə olduğumu unudaraq sanki bir tamaşaçıya çevrilirdim. Bu böyük istedad Babaya Tanrının bəxşişi idi. O, bu bəxşişi qorudu, mühafizə etdi və onu daha da təkmilləşdirib sənətin yüksək zirvəsinə ucaldı. Yaxşı sənətkar olmaq sözsüz ki, həm də yaxşı insanlıqdan başlayır. Baba çox gözəl insan idi. Həm ailəsində, həm dostları içərisində əvəzsiz yeri və böyük hörməti vardı. Bu gün də o hörmət onun ruhuna ünvanlanıb.

 

   Qəndab Quliyeva, Xalq artisti

   

   O insan xoşbəxtdir ki, özündən sonra işıqlı xatirələri qalır. Elə insanı da əbədiyaşar edən məhz bu xatirələrdir. Unudulmaz sənətkarımız Baba Mahmudoğlunu da əvvəlcə xatirələrdə anacağıq.

  

   Yaradıcılığına və insanlığına bələd olduğum unudulmaz sənətkarlardan yazmaq mənim üçün həm çətindir, həm asan. Çətindir ona görə ki, sənətkar haqqında ən yaxşı sözü onun öz sənəti deyir. Amma o unudulmaz sənətkarları daha yaxından tanıdığım üçün onlar haqqında yazmağı özümə mənəvi borc sayıram. Bu da bir qədər o irsə münasibəti də asanlaşdırır. Baba müəllim haqqında düşüncələrimi bölüşməzdən əvvəl oxuculara sənətkarın həyat və yaradıcılığı barədə qısa məlumat çatdırmaq istəyirəm.

   Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində anadan olub. Orta məktəbi «Gümüş medal»la bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) mexanika fakültəsinə imtahansız qəbul olunub. O, elə yeniyetmə çağlarından fəlsəfi düşüncələri, sənətə olan böyük məhəbbəti və bu məhəbbət naminə zəhməti, fədakarlığı ilə yaşıdlarından seçilərmiş. Baba müəllimlə söhbətlərimiz zamanı o həmin illəri belə xatırlayardı:

   «Musiqiyə sevgim kəndimizin füsunkar təbiətindən başlayıb. O romantik aləmdə böyümək, bülbüllərin cəh-cəhindən zövq almaq və milli musiqi sədaları, ulu saz-söz sənəti təbii ki, insanı cuşa gətirir. Mən də belə məqamlarda öz hisslərimi avazımla ifadə etməyə başladım. Bunu eşidən dost-tanışlar dedilər ki, «Ayə, nə yaxşı oxuyursan». Açığını deyim ki, əvvəllər bu məni bir qədər təəccübləndirdi. Sonralar hiss etdim ki, doğrudan da içimdə bir oxumaq eşqi, həvəsi var. Odur ki, Bakıya gəlib instituta daxil olsam da, xanəndəliyə meyil məni rahat buraxmadı. Bu həvəs getdikcə daha da artdı. Beləliklə, mən təhsil aldığım institutun özfəaliyyət ansamblında oxuyur, qeyri-rəsmi tələbə və dinləyici kimi ustad xanəndə Seyid Şuşinskinin dərslərinə gedir və hətta L.Şmidt (indiki Səttarxan) adına zavodda işə düzəlmişdim. Orada da özfəaliyyət ansamblının solisti idim».

   Bu xatirə 2002-ci ildə Azərbaycan radiosunda hazırladığım «Muğam dünyamız» proqramındandır. Baba müəllimin həmin söhbətlərinə əsaslanıb onun yaradıcılıq yolu barədə söhbətimizi davam etdirək.

   Xanəndəlik sənətinin sirlərinə bələd olan Baba Mahmudoğlu özünə geniş dinləyici auditoriyası qazandı. Onun səsini eşidənlər, ifasına qulaq asanlar dərhal bu səsdəki qeyri-adiliyi duyur və onun özünəməxsus bir sənətkar olacağına ümid edirdilər. Baba müəllim öz istedadı, çalışqanlığı sayəsində həmin ümidləri doğruldaraq sənətin kamillik zirvəsinə qədər yüksəldi.

   Zirvəyə doğru gedən sənət yolu Opera və Balet Teatrının səhnəsindən keçdi. Baba müəllimin professional səhnə taleyi elə bu məbədgahdan başlayır desək, yanılmarıq. Bu yerdə yenə üz tuturuq Baba müəllimin xatirələrinə:

   «1961-ci ildə institutu bitirib Səttarxan adına zavodda aparıcı konstruktor kimi iş fəaliyyətimi davam etdirirdim. Bir gün eşitdim ki, Opera və Balet Teatrında «Gözəl səslər» müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. Beləliklə, 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən birinciliyi qazanaraq Opera və Balet Teatrına solist qəbul olundum».

   Yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olan Baba Mirzəyev milli operalarımızda baş qəhrəmanların obrazlarını çox məharətlə yaradıb. Onun dahi Üzeyir bəyin «Leyli və Məcnun» operasında Məcnun, «Əsli və Kərəm»də Kərəm, Z.Hacıbəyovun «Aşıq Qərib» operasında Qərib, M.Maqomayevin «Şah İsmayıl»ında Şah İsmayıl, Şəfiqə Axundovanın «Gəlin qayası» operasında Camal obrazları unudulmaz və yaddaqalandır. Çünki Baba müəllim bu obrazları öz daxilindən keçirib, o hisslərə dərindən bələd olub, sonra səhnəyə çıxırdı. Hətta bir dəfə o, belə bir faktı da söylədi ki, Məcnun obrazını yaratmaq üçün psixiatrların köməyi ilə bir neçə ay eşq dəlisi olan ruhi xəstələri müşahidə edib. Buradan bəlli olur ki, bu məcnunluq həvəsi ilə yanaşı, həm də sənətin məcnunluğudur.

   Məhz bu sərbəstliyin sayəsində də həyata və yaradıcılığa öz baxışı olan Baba müəllim elə öz dünyasını da yarada bilmişdi. Bu yerdə bir el bayatısının misralarını xatırlayıram:

  

   Dünya bir pəncərədir

   Hər gələn baxar gedər.

  

   Amma yox, bu pəncərədən sadəcə baxıb getməyənlər, bu dünyada öz dünyalarını yaradanlar da var. Elə Baba Mahmudoğlu kimi. O, cismən dünyasını dəyişsə də ruhən öz dünyasında yaşayır. Bu onun səs dünyasıdır. Əminəm ki, bu səs çoxlarının qulağından getməyib. O, oxuduğu muğamlara, xalq mahnılarına, təsniflərə və bəstəkar nəğmələrinə öz səsinin rəngini qatar və o sənət nümunələrini daha da yaddaqalan edərdi.

   Baba Mahmudoğlunun yaradıcılığının bir önəmli cəhəti də onun qədim folklorumuza münasibətidir. O, daim axtarışda idi. Qədim xalq mahnılarını arayıb axtarar və onları bərpa edərək öz təfsirində oxuyardı. «Bala gəlin», «Yeri dam üstə, yeri», «Oyna yar», «Zərnişan» və s. mahnılar məhz bu qəbildəndir.

   Baba Mahmudoğlunun təşəbbüsü və rəhbərliyi ilə «Dastan» folklor ansamblı yaranmışdı. Bu ansamblı yaratmaqla o, gənc ifaçıları da milli musiqiyə yönəldərək onları da bu istiqamətdə axtarışa cəlb edirdi. Bu zəhmətin sayəsində lentə alınmış neçə-neçə musiqi nümunələri qorunub saxlanılır ki, bunlar həm Baba Mahmudoğlunun, həm də tarixin səs yaddaşıdır. Onu da deməliyik ki, o, yeganə xanəndə idi ki, öz yaradıcılığında aşıq musiqisindən geniş istifadə edirdi. Bu mənada Baba müəllimin oxuduğu «Misri Koroğlu», «Koroğlu qaytarması» və s. havaların adını çəkə bilərik.

   Sənətkar öz yaradıcılığında pedaqoji fəaliyyətə də geniş yer verərdi. Mədəniyyət və İncəsənət Universitetində gənc xanəndələrə muğam sənətinin sirlərini öyrədərdi. Opera səhnəsində ilk addımlarını atan gənclərdən də öz bilik və bacarığını əsirgəməyib. Bir sözlə, xalqını və sənətini böyük məhəbbətlə sevdiyindən daim öz əməlləri ilə bu sevgini reallaşdırıb.

   Görkəmli xanəndə təkcə respublikamızda deyil, uzaq ölkələrdə də milli musiqimizi böyük məhəbbətlə təbliğ edib. Onun qastrol səfərlərində olduğu ölkələrin coğrafiyası çox genişdir. Bu səfərlərdən söz düşəndə belə deyərdi: «Dünyanı gəzmək də tale şansıdır. Amma mənə görə hər bir gəzinti məqsədli olmalıdır. Məsələn, getdiyin ölkə haqqında məlumat toplamalı, onun tarixi, təbiəti barədə öyrənməli və eşidib öyrəndiklərini də qələmə alaraq bu təəssüratlarını öz düşüncələrinlə qovuşdurmalısan. Belə olan halda insan daha da zənginləşir».

   Doğrudan da Baba müəllim ruhən, mənən çox zəngin insan idi. Odur ki, onun yaradıcılığı da genişdir. Bu geniş yaradıcılıq irsinə Baba müəllimin bəstələdiyi mahnılar və qələmə aldığı şeirlər də daxildir. Musiqisi ona aid olan mahnılardan «Ya Əli», «Məcnun xəyallı», «Bənövşə», «Çatasıyam» və başqalarının adını çəkə bilərik. Şeir nümunələrindən isə birinə nəzər salaq:

   

   Kim xalqın oduna qalandı getdi,

   Ellərin qəlbində hörməti qaldı.

   Kim xalqın malına dadandı getdi,

   Boynunda dünyanın minnəti qaldı.

  

   Bax, beləcə, üstündə nəinki dünyanın heç kimin minnəti olmayan, öz istedadı, öz zəhməti sayəsində yaşayıb yaradan və özündən sonra da dəyərli yadigarlar qoyub gedən Baba Mahmudoğlunu xatırladıq. Üzümüzü onun ruhuna tutub əbədiyaşar ömrünün 70-nə mübarək deyirik. Əvvəldə qeyd etmişdim ki, onun çox nəğmələri yadda qalıb. Bu məqaləni yazarkən mənim qulağımda səslənən isə Baba müəllim oxuduğu bu mahnı idi:

  

   Qəlbimdə bir xoş intizar

   Xəyalımda işıq, bahar,

   Gələcəyin vüsalıyla

   Çalışacaq bu insanlar

   Mən dünyada olmayanda.

  

 

   Səadət Təhmirazqızı,

   Musiqişünas

 

   Mədəniyyət.- 2010.- 5 noyabr.- S. 7.