Klassik Musiqisevərlər Klubu Həsən Enami ilə görüş keçirdi

 

   Noyabrın 3-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubu Niyazinin mənzil-muzeyində Opera və Balet Teatrının solisti, Əməkdar artist Həsən Enami ilə görüş keçirdi.

  

   Əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova musiqiçinin həyat və fəaliyyəti barədə məlumat verdi. O, Həsən Enaminin 1962-ci ildə Təbriz şəhərində doğulduğunu, 1994-cü ildə Bakıya gələrək Bakı Musiqi Akademiyasına qəbul olunduğunu bildirdi.

   İstedadlı sənətçi müxtəlif müsabiqələrdə fərqlənib, vokalçıların respublika müsabiqəsində birinci yerə layiq görülüb, “ən yaxşı tenor səs” nominasiyasında qalib olub. 1997-ci ildən Dövlət Akademik OperaBalet Teatrında solist kimi çalışan Həsən Enaminin mədəniyyət sahəsindəki xidmətləri yüksək dəyərləndirilib, 2002-ci ildə Əməkdar artist adına layiq görülüb. O, dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edib.

   Sonra H.Enaminin yaradıcılığını əks etdirən slayd nümayiş etdirildi, onun ifasında Azərbaycan və Avropa bəstəkarlarının operalarından nümunələr səsləndirildi. Sonra musiqiçi klub üzvlərinin suallarını cavablandırdı.

 

Mədəniyyət.- 2010.- 5 noyabr.- S. 3.