«Saz həyatda ən çox sevdiyim və güvəndiyim alətdir»

 

   Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov: «Aşıq musiqisini eşidəndə elə bil sirli-sehrli aləmə düşürəm»

  

   Bugünlərdə Azərbaycanda keçirilən I Beynəlxalq Aşıq Festivalı bir daha sübut etdi ki, saz-söz sənəti ölkəmizin bütün bölgələrində sevilir və inkişaf edir. Festivalda Naxçıvandan gəlmiş aşıqların çıxışları, nümayiş etdirdikləri yüksək peşəkarlıq, özünəməxsus ifa tərzi tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Bəlkə də bu tədbirə qədər bir çoxları bilmirdi ki, ölkəmizin bu diyarında gənc, istedadlı aşıqlar yetişir.

  

   Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, aşıq sənəti tədqiqatçısı İxtiyar Seyidov bizimlə söhbətində bu məqam üzərində xüsusi dayandı: “Ölkəmizin əksər bölgələrində olduğu kimi, Naxçıvanda da aşıq sənətini, sazı çox sevirlər. Bir neçə il bundan əvvəl biz Şahbuz rayonunda aşıq dərnəkləri açmışdıq. Mən gənclər arasında bu sənətə nə qədər böyük həvəsin olduğunu o zaman gördüm. Qışın soyuğunda onlar dərsdən qalmır, sənətin sirlərini həvəslə öyrənirdilər. Bu gün aşıq sənətinə dövlət tərəfindən göstərilən qayğı ustad sənətkarlarımızın əziyyətinin qiyməti olmaqla bərabər, gənclərin də həvəslənməsi, milli sərvətimiz olan bu el sənətinə marağın artması istiqamətində atılan mühüm addımdır. Bu baxımdan I Beynəlxalq Aşıq Festivalı bizim üçün böyük saz-söz bayramı, aşıqlarımızın əməyinə verilən qiymətdir. Azərbaycanda aşıq sənətinin təbliğinə və inkişafına həsr edilmiş bu miqyasda tədbir hələ keçirilməmişdi. İnanıram ki, Mədəniyyət və Turizm Nazirliyi, Aşıqlar Birliyi gələcəkdə aşıq sənətinin yaşadılması üçün daha genişmiqyaslı tədbirlər keçirəcək».

   Həmsöhbətimizin dediyinə görə, aşıq sənətinə uşaqlıqdan böyük marağı olub: «Hələ orta məktəbdə oxuyarkən ən böyük arzum sazın tarixini öyrənmək idi. Ümumiyyətlə, saz çalınanda elə bil sirli-sehrli bir aləmə düşürdüm. İnstitutu bitirdikdən sonra sazla bağlı araşdırmalara başladım. Sazdan əvvəl ozanlarımızın ifa etdikləri alətlərin - qopuz, çor alətlərinin tarixini öyrəndim. Zaman-zaman bu alətlər ustadlar tərəfindən dəyişdirilərək, indiki saz halına gəlib. Hətta əldə etdiyim məlumatlar əsasında bu iki qədim aləti nümunə kimi düzəltmişəm. Amma saz mənim həyatda ən çox sevdiyim və güvəndiyim bir alətdir. 20 ildən artıq bir müddətdir ki, bu sənəti həm araşdırıram, həm də təbliğ edirəm».

   İxtiyar Seyidov söhbət əsnasında Naxçıvan aşıq məktəbinin yaranma tarixinə də toxundu: «Hələ ötən əsrin 30-cu illərində Naxçıvanda aşıqlar birliyi yaranmışdı. Amma sovet dövründə aşıq sənətinə qayğı istənilən səviyyədə deyildi. Gərək dövlət diqqət göstərsin ki, sənət də inkişaf etsin. Sonrakı dövrdə birliyin fəaliyyəti tədricən zəifləmişdi. Nəhayət, 90-cı illərdə muxtar respublikada saz sənətinin yeni inkişaf dövrü başlandı, ilk dəfə olaraq saz dərnəkləri açdıq. Bu dərnəklərdə 30 nəfərə yaxın şagird saz təhsili alırdı. Az müddət ərzində dərnəklərin səs-sədası bütün Naxçıvana yayıldı və dərnəklər demək olar ki, muxtar respublikanın bütün ərazisini əhatə etdi. Hazırda Naxçıvanda fəaliyyət göstərən musiqi məktəblərinin saz sinfində təhsil alan 50-dək şagirdimiz var».

   Araşdırmaçı aşıq festivalda təmsil olunan ölkələrin təmsilçilərinin çıxışlarını maraqla izlədiyini dedi: “Bu tədbir bütün türk ölkələri və toplumların sənətkarlarını bir yerə toplamaq və Azərbaycan xalqının gözəl aşıq sənəti ənənələrini dünyaya çatdırmaq baxımından çox əhəmiyyətlidir. Biz bu festival sayəsində tədbir vasitəsilə həm də saz sənətinin İranda, Türkiyədə, Dağıstanda, Orta Asiya respublikalarında, Gürcüstanda yaşadığının və sevildiyinin şahidi olduq. Xüsusilə İranda, cənublu qardaşlarımızın bu sənəti qoruyub inkişaf etdirməsi sevindiricidir. Türkiyəli ozanların, Orta Asiya respublikaları təmsilçilərinin çıxışları da böyük maraq doğurdu».

   Söhbətin sonunda rəhbərlik etdiyi qurumun fəaliyyətinə də toxunan İ.Seyidov Naxçıvan Aşıqlar Birliyinin 2009-cu ildə yaradıldığını dedi. Onun sözlərinə görə, az vaxt içərisində qurum bir sıra nailiyyətlərə imza atıb. Birliyə daxil olan aşıqlar mütəmadi olaraq qardaş Türkiyədə müxtəlif tədbirlərdə konsert proqramları ilə çıxış edirlər.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 15.