Qobelen: hiss və
duyğuların sənəti
Ədhəm
Yusubov: “Qobelen düşüncə tərzidir!”
Qobelen
dünyada geniş yayılmış, Azərbaycanda isə qədim
xalq mədəniyyətinə aid süjetli xalça sənətidir.
Bu gün dünyada məşhur olan bu sənət XII əsrdə
ərəblər tərəfindən inkişaf etdirilib və
tədricən bir çox Şərq ölkələrinə
yayılıb.
Qobelen o dövrlərdə türk
xalqlarının da çox işlətdiyi lazımlı məişət
əşyası olmaqla yanaşı, kübarlığın
rəmzi olaraq varlı insanların evlərində geniş yer
alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik
bəxş edən sənət nümunəsi olub. Lakin Şərqin
digər mədəniyyət nümunələri kimi, bu sənəti
də sonrakı dövrlərdə avropalılar mənimsəyərək
öz adlarına çıxarmağa
çalışıblar. Orta əsrlərdə artıq
qobelen sənəti Avropa ölkələrində daha da təkmilləşərək
geniş yayılmışdı, kral saraylarını bəzəyirdi.
Azərbaycanda bu sənət qədim
vaxtlardan xalq tətbiqi sənətləri sırasında yer
alıb. Qeyd edək ki, xalq məişətində geniş
istifadə olunan üzəri təsvirli xalçaları Azərbaycanda
nənələrimiz toxuyanda Avropada bu sənət
növündən hələ xəbərsiz idilər. Buna
sübut kimi ölkənin müxtəlif ərazilərində
aparılan qazıntılarda bu sənət növünə
aid xalça nümunələrinin tapılmasını
göstərmək olar. Tapıntılarda tarixi eramızdan əvvəllərə
söykənən xalça qalıqları üzərində
xalqımızın qədim adət- ənənələrini
əks etdirən dolğun, məzmunlu kompozisiyalarla zəngin,
hazırda “qobelen” adlandırılan xalça nümunələri
aşkarlanıb.
Qobelen xovsuz xalça növü
olub, hazırda dekorativ sənət kimi tanınmaqdadır. Sənəti
dekorativ edib, onu adi xalıdan fərqləndirən əsas cəhət
isə qobelen üzərində insan duyğularının,
hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna
və məzmunla ipə-sapa köçürülməsidir.
Qobelenin hazırlanma
texnikasının əsasını öncədən çəkilmiş
eskiz, fikir, ideya təşkil edir. Qobelen sənəti ilə məşğul
olan ilk növbədə yaradıcı rəssam
olmalıdır. Rəssamın qobelen toxuması
üçün ona ilk lazım olan avadanlıq, material
düşüncə və xəyallarıdır. Daha
sonrakı proseslər isə sadəcə icradır. Belə
ki, rəssamın hazır karton eskizi dəzgaha yerləşdirildikdən
sonra qobelen sadə keçirmə üsulu ilə toxunur.
Hazırda ölkə incəsənətində
xalq tətbiqi sənətinin az işlənən və
unudulmaqda olan növlərindən olan qobelen yalnız şəxsi
sifarişlər hesabına yaşamaqdadır. Lakin bu sənətin
digər xalq tətbiqi sənəti növlərindən
müsbət cəhəti də vardır ki, qobelen sənəti
peşəkar ustalar tərəfindən tədris olunur və
bu sənəti öyrənməyə maraq göstərənlər
də var. Bu fikirləri qobelen sənətinin
yaşamasında və inkişafında müstəsna xidmətləri
olan sənətkar, Azərbaycan Rəssamlıq
Akademiyasının dosenti, Əməkdar rəssam Ədhəm
Yusubov da bizimlə söhbət zamanı vurğuladı:
“Qobelen düşüncə tərzidir. Hər kəs, hər
bir sənətkar öz sifətini, daxili və zahiri aləmini,
xəyal dünyasını ora köçürür.
İndi belədir ki, qobelen sənəti sifarişlər
hesabına, şəxsi ofis, müəssisə və mənzillərdə
dekor olaraq hələlik yaşayır. İstərdim, bu sənət
və ümumilikdə bütün xalq tətbiqi sənətinə
aid qədim mədəniyyət nümunələrimiz tam, hərtərəfli
dövlət nəzarətinə götürülsün.”
Ədhəm müəllim qobelen sənətinə
maraq göstərən gənc kadrların yetişdirilməsi
məsələsinə də toxundu: “On il əvvəl
ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
Azərbaycan Rəssamlıq Akademiyasının
yaradılması incəsənətimizə böyük
töhfə, ölkə rəssamlarına isə əvəzsiz
fəaliyyət stimulu oldu. Akademiyanın yeni binasına
köçürülərkən, şəxsən mən
qobelenin burada tədris edilməsini zəruri hesab etdim və
göstərdiyim təşəbbüs sayəsində bu
gün sənətin sirləri tələbələrə
öyrədilir. Amma təəssüf ki, həmin kadrların
az qismi sonradan sənətin arxasınca gedir”.
Beləliklə, qobelen sənəti
xalq tətbiqi sənətinin tərkib hissəsi kimi, unudulmaq
təhlükəsi altında olsa da, yaşayır. Bu sənətin
yaşadılıb daha geniş şəkildə inkişaf
etdirilməsi xalqımızın minilliklərdən
süzülüb gələn məişət mədəni
irsinə, onun təbliğinə mühüm töhfə
olar.
Eldar
İbrahimoğlu
Mədəniyyət.-
2010.- 10 noyabr.- S. 15.