Ozan - Aşıq Dünyası”

 

   Yaxşı kitab abidədir - zaman-zaman ziyarətçisi olacaq. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ilk dəfə nəşr olunan “Ozan-Aşıq Dünyası” kitabı XIX-XX əsrlərdə yaşayıb-yaratmış və dünyasını dəyişmiş aşıqlar haqqında kitab-abidədir. Kitabda öz həyat və yaradıcılığı ilə sənətdə iz qoymuş 220 aşıq haqqında qısa bioqrafik məlumat və onların fotoşəkilləri yerləşdirilib. Kitab əsasən S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindəki materiallar əsasında hazırlanıb.

  

    Layihənin rəhbəri və baş məsləhətçisi Xalq şairi Zəlimxan Yaqub, redaktorları filologiya elmləri doktoru Məhərrəm Qasımlı, filologiya elmləri namizədi Elxan Məmmədli, kitabın müəllifi isə Musa Nəbioğludur.

   Noyabrın 5-də Milli Kitabxanada kitabın təqdimat mərasimi keçirildi. Mərasimi Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, mükəmməl bir kitabın işıq üzü görməsini yüksək qiymətləndirdi. Bildirdi ki, aşıq sənəti zaman-zaman ruhumuza hopmuş bir sənətdir, Azərbaycan xalqı yaşadıqca aşıq sənəti də yaşayacaq.

   Təqdimatda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sənətsevərləri I Beynəlxalq Aşıq Festivalının yüksək səviyyədə keçirilməsi və “Ozan-Aşıq Dünyası” kitabının nəşr olunması münasibəti ilə təbrik etdi, milli mədəniyyətimizin qədim və ayrılmaz sahəsi olan aşıq sənətinin tarixindən söz açdı. Aşıq sənətini xalqımızın ölməz sənəti adlandıran Sevda xanım son illər dövlətin bu sənətə böyük qayğısından və diqqətindən danışdı.

   Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub kitabın təqdimatında iştirak edən hər kəsə təşəkkür etdi. Bildirdi ki, uzun illər çətinliklər yaşamış aşıq sənəti öz keçmiş şöhrətini bərpa etməyə başlayıb.

   Şair kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

   Tədbirdə Xalq yazıçısı Mövlud Süleymanlı, professor Qara Namazov, Aşıq Ədalət çıxış edərək aşıq sənətinin keçmişindən və bugünündən danışdılar.

   “Ozan-Aşıq Dünyası” kitabının təqdimatında Aşıq Fəzail, Əməkdar artist Nemət Qasımlı və Aşıq Ramin öz ifaları ilə iştirakçıların ruhunu oxşadı.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 14.