İtmiş səsin sorağında...
Zövqünə və istedadına inandığım
Hafiz Qaralar “sənə bir kitab vermək istəyirəm” deyərək
üzərində bir xanəndə şəkli olan kitabı
mənə təqdim edəndə təəccübləndim. “Mənim
musiqi, ifaçılıq sənəti ilə nə əlaqəm!”-
deyə düşündüm. Ancaq “Ustadi-əzəm” adlı
kitabı vərəqlədikcə ilk təəssüratımın
yanlış olduğunu başa düşdüm.
Ağakərim Nafiz İsrafilbəylinin
müəllifi olduğu kitabda XIX əsrin sonu - XX əsrin əvvəllərində
yaşayıb-yaratmış, fəqət nədənsə məzarı
kimi əsərləri də itib-batmış Mirzə Məhəmmədhəsən
Fələkzadə Şirvani adlı xanəndə, bəstəçi
və şairin həyatından söz açılır.
Kitabın redaktoru, AMEA-nın
müxbir üzvü Teymur Kərimlinin qeyd etdiyi kimi, bu
işiylə bir “qədirşünaslıq örnəyi”
göstərən A.Nafiz böyük sənət adamı Mirzə
Məhəmmədhəsən haqqında uzun illərdən bəri
böyük zəhmətlə topladığı
materialları sistemləşdirərək, kitab şəklində
oxuculara təqdim edir.
Müəllif ilk olaraq, Şirvan
musiqi mühiti barədə ta orta əsrlərdən
üzübəri qısa və dolğun məlumat verir.
Şamaxılı Mahmud ağanın maddi və mənəvi
köməyi sayəsində yetişmiş xanəndələrdən
olan Mirzə Məhəmmədhəsənin öz
dövründə səsi, oxu məharəti, klassik musiqiyə
və poeziyaya bələdliyi, eləcə də şairlik
qabiliyyəti ilə müasirlərindən daha çox
seçildiyini faktlarla üzə çıxarır. Təbii
və oxunaqlı bir dillə yazılmış bu kitabın səhifələrindən
ümumən yeni dövr Qafqaz musiqi dünyası boy göstərir,
Qarabağ, Şamaxı və Tiflis musiqi məktəblərinin
qarşılıqlı təsirləri görünür.
Kitabda o dövrün məşhur sənətkarları
Hacı Hüsü, Xarrat Qulu, Cabbar Qaryağdıoğlu və
başqalarının Mirzə Məhəmmədhəsənlə
toylarda, yaxud müsabiqələrdə yarışmaları,
Seyid Əzim Şirvaninin Mirzə haqqında çox yüksək
fikirləri ilə tanış oluruq.
Müəllif Mirzə Məhəmmədhəsənin
uşaqlığı, gəncliyi, bir xanəndə və bəstəçi
kimi şöhrətinin zirvəsinə
çatdığı illəri, nəhayət,
qocalığı, həbsxana həyatı, sonra görmə
və eşitmə qabiliyyətini itirməsi barədə təsirli
və özünəməxsus bir dillə danışır,
başlıcası danışdıqlarına oxucunu
inandırır. Mirzə Məhəmmədhəsənin
türk və fars dillərində düzüb-qoşduğu
mahnı və təsnifləri sadalayan müəllif bu bəxtsiz
xanəndə-şairin bəzi qəzəl və
bayatılarından da örnəklər verir. Hələ
1916-cı ildə Mirzənin nasir Kərbəlayi Əbdüləli
Əliyev tərəfindən Bakıda ərəb əlifbası
ilə nəşr olunmuş “Nalə” mənzuməsini də
müəllif bütövlükdə kitaba daxil edib.
Xatırladırıq ki, klassik məsnəvi üslubunda
yazılmış bu əsəri avtobioqrafik xarakterli mərsiyə
də adlandırmaq olar.
Bu kiçikhəcmli məsnəvini
və əldə olan bir neçə klassik şer örnəklərini
oxuduqca, müəllifinin, doğrudan da, nə vaxtsa mükəmməl
divanı olduğuna, itmiş əsərlərinin haçansa
tapılacağına inanmaq istəyirsən.
Səyyad oxunu kəmanə qoydu,
İki gözümü nişanə
qoydu.
....Bu qədər fələkdə
naz olurmu?
Bir başə iki qapaz olurmu?
...Bir dürri-yetimdir qanan kəs,
Qanmaz həmişə söyləyir nəs.
Mirzə Məhəmmədhəsənin
“Gəl ey qoyan gözümü
hər
dəm intizar, ölürəm,
Tökür sirişkini bu dideyi-xunbar, ölürəm”
beytli
qəzəli xan qızı Natəvanın
oğlunun gənc ikən vəfat etməsi münasibətilə
bağlı yazdığı
“Varımdı
sinədə dərdü
qəmi-nihan, ölürəm,
Fəda olum sənə,
gəl eylə imtahan, ölürəm”.
qəzəlinə
necə də bənzəyir?!
Eləcə də
“Yetişdi
naqeyi-Leyli, nə yatmısan, Məcnun?
Bu çöl
sədalənibən huy-hay
ilən doludur!
misralari
Füzulinin
“Naqə Leyli məhmilin çəkmiş biyaban seyrinə,
Eylə Məcnunu bu halətdən xəbərdar,
ey cərəs”
beytini
xatırladır.
Klassik poeziyamızla bu
səsləşmələr də bir daha
təsdiq edir ki, Mirzə Məhəmmədhəsən ümumən
bütün klassik Şərq poeziyasına yaxından bələd, geniş mütaliə və erudisiyalı, ensiklopedik biliyə malik bir şəxsiyyət
olmuşdur.
Yeri gəlmişkən deyək ki, o, musiqiyə kiçik yaşlarından mədrəsədə
“Quran” oxumaqla başlayıb.
Yəni dövrünün
bütün savadlı
adamları kimi, “Qurani-Kərim”i, hədis və təfsirləri də yaxşı bilib, ərəb, fars və
türk dillərində
olan ədəbi-bədii
örnəklərə də
bələd olub. Bu, Mirzənin çox az sayda
bizə gəlib çatan qəzəl və başqa şeir nümunələrindən
də aydınca görünür. Məsələn,
onun fars
dilində özünün
qoşub, oxuduğu təsnifləri, deyilənə
görə, hələ
də unudulmayıb, İran müğənniləri
tərəfindən indi
də həvəslə
oxunmaqdadır.
Mirzə Məhəmmədhəsənin kitabda yer alan bayatılarındakı
qəmli misralar onun acı taleyinə,
uğursuz ahıl həyatına işıq
tutur:
..Mən fələyə neylədim.
Fələk mənə baxdı
kəm.
Namərdlərin şərləyib tutdurduqları xanəndə-şair
bir müddət Tiflisin Metex həbsxanasında dustaq olur. Onun həbsxanaya aparılarkən
oxuduğu
Ay doğdu peşman-peşman,
Gün çıxdı ona düşman.
Elə yerdən aparın,
Nə dost görsün, nə düşman.
bayatısında
kimsəsiz ustadın ümidsiz vəziyyətini
bütün varlığımızla
hiss edirik.
Təəssüf
ki, bizdən çox da uzaq
olmayan bir zaman kəsiyində yaşamış bu bədbəxt taleli ustad sənətkarın nə bir lent yazısı, nə də dürlü forma və janrlarda yazdığı kifayət
qədər əsərləri
qalıb. Ya hansısa bir
namərd onun yazdıqlarının çoxunu
bilərəkdən məhv
edib, ya həbs edilərkən əsərləri it-bata düşüb, ya da sadəcə o illərdə baş vermiş Şamaxı zəlzələsi evini
tar-mar etdiyi kimi, mənəvi sərvətini
də əbədi olaraq torpaqlara gömüb.
Nə yaxşı ki, belə kimsəsiz istedadları həmişə
yada salan, yazılarını, dağılmış
evini, itmiş məzarını arayıb-axtaran
fədakar insanlar var. Bir nəticə və təsəlli olaraq, deməliyik ki, xanəndə-şair Ağakərim Nafizin “Ustadi-əzəm“ kitabı
Mirzə Məhəmmədhəsən
Fələkzadə Şirvaninin
həyat və yaradıcılığı barədə
mümkün qədər
dolğun məlumat verən dəyərli bir kitabdır.
Zəkulla Bayramlı,
filologiya üzrə
fəlsəfə doktoru
Mədəniyyət.-
2010.- 10 noyabr.- S. 13.