Azərbaycanda dini turizmə maraq böyükdür
Mütəxəssislər turizmin bu növünü
təbliğ etmək üçün kompleks tədbirlərin görülməsini məqsədəuyğun
sayırlar
Dünya təcrübəsində tarixi
mədəniyyət və dini abidələr
həm də turizmin inkişafına təsir
göstərən, ölkəni əcnəbi ziyarətçilər
üçün cəlbedici edən mühüm faktorlardan biri hesab olunur.
Çünki turistlər səyahət
etdikləri ölkənin tarixini,
yaşayış tərzini, dini mənsubiyyətini
əks etdirən maddi-mədəniyyət nümunələrinə
maraq göstərirlər. Deməli, turizm həm də ölkənin mədəni irsinin, dini abidələrinin
dünyaya tanıdılmasında əhəmiyyətli
rol oynayır.
Ərazisində tarixi
ən qədim dövrlərə gedib
çıxan yaşayış məskənlərinın,
abidələrin olduğu Azərbaycanda son dövrlər turizmin
müxtəlif növlərinin inkişafına xüsusi önəm verilir.
Bəs dini turizmlə bağlı vəziyyət
necədir?
Dini ziyarətgahlara səfərlərin təşkili ilə turizm şirkətləri məşğul olmalıdır
Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalovun sözlərinə görə, çox vaxt dini turizm insanların dini ayinləri yerinə yetirmək üçün bir yerdən başqa yerə səfərləri kimi başa düşülür. Gerçəkdə isə dini turizm daha geniş anlam kəsb edir: «Sovet dövründə dinə, müqəddəs ziyarətgahlara münasibət tamam başqa idi. Məsələn, Həcc ziyarətinə dövlətin icazə verdiyi insanlar gedə bilərdi. Bu səbəbdən də o müqəddəs yerə getmək hər kəsə nəsib olmurdu. Müstəqilliyin bərpasından sonra sərhədlər açıldı, Həcc ziyarətinə, İslam dininin digər müqəddəs yerlərinə ziyarətə gedənlərin sayı sürətlə artdı».
B.Bilalov deyir ki, Dünya Turizm Təşkilatının tövsiyələrinə və BMT-nin təyininə görə, Həcc ziyarətinə və ümumilikdə dini məqsədlərlə bir yerdən başqa yerə getməyin özü turizmin bir qoludur: «Bu səbəbdən də əksər müsəlman ölkələrində Həcc ziyarəti ilə turizm şirkətləri məşğul olur. Məsələn, Türkiyə, Pakistan və İranda Həcc ziyarətinin təşkili turizm şirkətlərinin işidir. Bizdə isə bu işlə Qafqaz Müsəlmanları İdarəsi məşğul olur.
Ölkəmizə gələn turistlərin dini məkanlara marağı
Azərbaycanın daxilində müxtəlif dini məkanların olduğunu deyən B.Bilalov inanclı insanların bu obyektlərə səyahət etdiklərini bildirir: «Məsələn, Naxçıvan ərazisindəki “Əshabi-Kəhf” ziyarətgahına nəinki ölkəmizin müxtəlif yerlərindən, qonşu İran, Türkiyə və başqa ölkələrdən də insanlar gəlir. Bakıda Bibiheybət məscidi, Nardaran piri, Şüvəlanda Mir Möhsün ağanın məqbərəsi, Gəncədə İmamzadə piri respublika səviyyəsində məşhur olan dini ziyarət obyektləridir ki, insanlar bu yerləri ziyarət edir və ayinlər icra edirlər».
Turizm şirkətləri tərəfindən dini obyektlərə turların təşkilinə gəldikdə isə Bahadur Bilalov bildirdi ki, ölkəmizə gələn xarici turistlər dini məkanlara ekskursiya obyekti kimi gedirlər: «Əcnəbi qonaqlar dini məkanlara daha çox tarixi-memarlıq abidəsi kimi baxırlar. Məsələn, «Atəşgah» məbədinə getmək üçün Hindistan, İran və Rusiyada yaşayan atəşpərəstlər tərəfindən müraciətlər olur».
Ölkəmizdə pirlərin ümumi görünüşünə gəldikdə, həmsöhbətim dedi ki, o obyektlər ki tarix mədəniyyət abidələridir, onlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınıb: «Bu abidələrin təmir-bərpası və ətrafının abadlaşdırılması işi aparılır. Ölkə prezidenti şəxsən bu işləri diqqət mərkəzində saxlayır. Məsələn, elə bu yaxınlarda Şamaxıdakı Cümə məscidinin yenidən qurulması üçün vəsait ayrılıb.
Vaxtilə bu, Şərqin ən böyük məscidlərindən biri olub, 1918-ci ildə ermənilər onu yandırmışdılar. Bu tarixi fakt da oraya gələn turistlərin diqqətinə çatdırılır. Elə ziyarətgahlar var ki, orada yığılan nəzirlərin hesabına onların bərpası zəruridir. Pirşağı və Mir Möhsün ağa pirləri yığılan nəzirlərin hesabına əsaslı təmir edilib. Bibiheybət məscidi dövlət başçısının sərəncamı ilə çox gözəl bərpa olunub və möhtəşəmliyi ilə gələn turistləri özünə cəlb edən dini obyektdir. Amma görüləsi işlər də var. Məsələn, Diri Baba məqbərəsində dəfələrlə olmuşam, oranın vəziyyəti qənaətbəxş deyil».
Dini məkanlar haqqında turist kitabçalarına ehtiyac
var
Dini turizmin təbliğinə
dair ATİ-də tədris proqramı çərçivəsində bir sıra işlər
görüldüyünü deyən B.Bilalovun sözlərinə görə,
bu mövzuda tələbələr buraxılış
işləri yazır:
«Magistr dissertasiyası
mövzuları siyahısına
bu mövzu da daxil edilib.
Biz çalışırıq
ki, Azərbaycanda dini turizmin tarixi
öyrənilsin”.
Həmsöhbətim
dini obyektlərlə bağlı məlumatlandırıcı
bukletlərin, digər
nəşrlərin hazırlanmasına
da toxundu: “Ölkəmizə gələn
xarici turistlərə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən son illərdə
çap və CD variantda hazırlanmış
informasiya materialları
təqdim edilir. Bu materiallarda «Atəşgah»
məbədi, Bibiheybət
məscidi və s. dini məkanlar barədə məlumatlar
var. Bununla belə, sırf dini obyektlər haqqında məlumatların yer aldığı nəşrlərin
hazırlanması yaxşı
olardı. Dini məkanlar haqqında turist kitabçalarının
hazırlanması ölkəyə
gələn turistlərin
say artımına, eyni
zamanda Azərbaycanın
inanc yerlərinin digər ölkə vətəndaşlarına tanıtımına
xidmət edə bilər. Məsələn, görkəmli tarixçi
Sara Aşurbəylinin “Azərbaycan
pirləri” adlı kitabının materiallarından
istifadə etməklə
belə kitabçalar
hazırlamaq olar”.
Dini turizmi populyar etmək üçün kompleks işlər görülməlidir
Turizm üzrə ekspert Eldar Aslanov bildirir
ki, Azərbaycanda tarix boyu bir
sıra dinlərin (atəşpərəstlik, xristianlıq
və İslam) yayılması burada müxtəlif dini məbəd və abidələrin yaranmasına
zəmin olub: “Bu abidələrin çoxu hazırda ziyarətgah kimi dini turizmə
cəlb olunub. Bu gün Azərbaycanda
təxminən 500 ziyarətgah
var, onların 50-si insanlar tərəfindən
müntəzəm ziyarət
olunur. Həftəsonu Bakı və
Bakıətrafı ziyarətgahlara
turlar təşkil olunur. Ümumiyyətlə, Azərbaycanın əksər rayonlarında
ziyarətgahlar və dini abidələr mövcuddur. Amma daha
çox ziyarətgaha
Bakı, Gəncə və Naxçıvanda, o
cümlədən Bakı-Astara,
Bakı-Şamaxı və
Bakı-Qusar marşrutları
boyu rast gəlmək mümkündür».
Turistlərin dini abidələrə marağına gəldikdə
E.Aslanov yerli turistlərin dini abidələrə marağının
olduğunu dedi: «Xüsusilə yaşlı
və inanclı insanlar belə yerləri ziyarət edirlər. Belə ki, hər gün Mir Möhsün ağa ziyarətgahını,
Bibiheybət abidəsini
yüzlərlə insan
ziyarət edir. Xarici turistlərin isə müvafiq marağını söyləmək
bir az
çətindir. Xarici turistlər
daha çox Atəşgaha və digər dini abidələrə müəyyən
maraq göstərirlər.
Amma müvafiq işlər aparılarsa, dini abidələrin yanında
müvafiq normalara uyğun infrastruktur qurularsa, yerli və xarici turistlərin sayını
artırmaq olar. Ölkəmizdə turizm şirkətlərinin
dini turizm turlarına diqqətini artırmaq üçü
bu məkanların ətrafında müvafiq infrastruktur yaradılmalıdır».
Xarici ölkələrə dini
səfərlərin əsasən
İran, İraq və Səudiyyə Ərəbistanına edildiyini
deyən ekspert bildirdi ki, İran
və Səudiyyə Ərəbistanına olan səfərlərdə hələlik
elə bir ciddi problem olmayıb: «Amma İraq bu gün dünyanın
qeyri-stabil və terror
təhlükəsinin ən
yüksək olduğu
ölkələrdən biridir.
Odur ki, bu məqamı
həm turist agentlikləri, həm də zəvvarlar nəzərə almalıdır.
Əgər turist agentlikləri
biznes xatirinə bu səfərləri təşkil edirlərsə,
o halda müvafiq dövlət orqanları vətəndaşlarımızın təhlükəsizliyi naminə
bu məsələyə
müdaxilə etməlidir».
«Dini turizmi cəmiyyətdə daha da populyar etmək üçün kompleks işlər görülməlidir» deyən mütəxəssisin sözlərinə görə, birinci növbədə belə abidələrin haqqında KİV-də daha çox məlumatlar getməli, reklam işi aparılmalıdır: “Eyni zamanda agentliklər öz turlarına dini ziyarətgahları da əlavə etməlidir. Həmçinin ziyarətgahların xarakterinə görə müvafiq təminatlar, şəraitlər olmalıdır. Misal üçün, ziyarətgahlarda gigiyenik normalara uyğun qurbangahlar, ət saxlama yerləri, insanların qidalanması üçün müvafiq infrastruktur, qurbanlıq üçün heyvanların alınması və s. Digər bir məqam isə ondan ibarətdir ki, ziyarətgahların dini icma, hüquqi şəxs kimi fəaliyyəti, nəzir və qurbanların xeyriyyə məqsədləri üçün şəffaf bölgüsünün təmin edilməsi çox vacibdir. İnsanlar öz nəzirlərinin və verdikləri qurbanların dini qaydalara uyğun olaraq ehtiyacı olanlara (uşaq evlərinə, qocalar evlərinə, sığınacaqlara və s.) verildiyini bildikləri təqdirdə daha böyük həvəslə bu yerlərə gələrlər. Bunlar olduğu təqdirdə bu sahədə irəliləyiş əldə etmək olar».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 10 noyabr.- S. 12.