Şair Fikrət Sadığın 80 illik yubileyi qeyd olundu
Noyabrın
8-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, Azərbaycan
Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı
ilə tanınmış şair Fikrət Sadığın
anadan olmasının 80 illik yubileyi qeyd olundu.
Tədbirdə şairin
yaxınları, yazarlar və mədəniyyət xadimləri
iştirak edirdi. Yubileyin aparıcısı AYB-nin katibi Rəşad
Məcid yubilyarın Azərbaycan ədəbiyyatındakı
xidmətlərindən qısa danışaraq sözü AYB
sədri, Xalq yazıçısı Anara verdi. Anar
çıxışında Fikrət Sadığı
60-cı illərdə Azərbaycan ədəbiyyatına yeni nəfəs
gətirən şair kimi qiymətləndirdi.
Baş nazirin müavini, Xalq
yazıçısı Elçin Əfəndiyev isə
şairin 80 illik yubileyini müasir Azərbaycan
poeziyasının bayramı adlandırdı və onunla
bağlı xatirələrindən söz açdı.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri, tanınmış
şair Vaqif Bəhmənli də Fikrət Sadığın həyat
və yaradıcılığından bəhs edərək
onun həmişə gənclik ruhunda yazıb-yaradan bir qələm
adamı olduğunu söylədi: “Zaman keçsə də
Fikrət Sadığın şeirləri öz ruhunu itirmir.
Onun yaradıcılığı daim bütün nəsilləri
nəfəs-nəfəs izləyib və gənclərlə
eyni addımlayıb”.
V.Bəhmənli mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubunu
yubilyara təqdim etdi.
Tənqidçi Vaqif Yusifli
F.Sadığın yaradıcılığı haqqında məruzə
ilə çıxış etdi.
Tədbirdə Türkiyə səfirliyinin
nümayəndəsi səfir Hulusi Kılıçın təbrik
məktubu oxundu.
Daha sonra xalq şairləri, Fikrət
Qoca, Nəriman Həsənzadə, Zəlimxan Yaqub yubilyarla
bağlı maraqlı xatirələr söylədilər.
Fikrət Sadığın oğlu
Orxan Fikrətoğlu yubileyi təşkil edən Mədəniyyət
və Turizm Nazirliyinə və AYB-yə təşəkkürünü
bildirdi.
Tədbirin sonunda bütün
iştirakçılara minnətdarlığını bildirən
Fikrət Sadıq bundan sonra da poeziyamızın
inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini
söylədi.
Yubiley gecəsində Mələkxanım
Əyyubovanın ifasında musiqi nömrələri səsləndi
və qiraətçi Ağalar Bayramov şairin şeirlərindən
nümunələr oxudu.
İ.Hacılı
Mədəniyyət.-
2010.- 10 noyabr.- S. 11.