Türkmənistan Mədəniyyəti Günləri başa çatdı

 

 Xəbər verdiyimiz kimi, noyabrın 4-6-da Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilib. Bu çərçivədə bir sıra tədbirlər gerçəkləşib.

 

 Noyabrın 5-də Muzey Mərkəzində Türkmənistanın tanınmış incəsənət və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi açıldı. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyəti Günlərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətindən danışdı. O, sərgidə nümayiş olunan əsərlərin türkmən xalqının rəngarəng mədəni irsinin göstəricisi olduğunu vurğuladı: “Qardaş türkmən xalqının zəngin xalq yaradıcılığı var. Güman edirəm ki, gələcək belə sərgilərdə daha çox əsərlər gətirilərək nümayiş etdiriləcək. Azərbaycan və türkmən xalqlarını eyni kök, eyni dil, eyni din birləşdirir. Biz ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsində maraqlıyıq”.

   Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru xanım Tuvakbibi Durdıyeva da bu cür tədbirlərin iki ölkənin xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı, ortaq mənəvi dəyərlərdən danışdı.

   Sonra sərgiyə baxış keçirildi. Sərgidə türkmən mədəniyyətinin müxtəlif sahələrini əks etdirən rəngkarlıq, xalça, zərgərlik, milli geyim və rəsm nümunələri nümayiş olunurdu. Sərgi iştirakçıları türkmən milli musiqisini dinlədilər.

 

   * * *

 

   Türkmənistan mədəniyyəti günləri çərçivəsində noyabrın 5-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında rejissor Urmatxan Alim Melenin türkmən şairiklassiki Mollanepesin “Zöhrə-Tahir” dastanı əsasında hazırladığı “Aşiqlər şahı” tamaşası təqdim olundu.Awara» eksperimantal teatrı tərəfindən təqdim olunan tamaşanın rejissoru Urmatxan Alim-Mele, ifaçısı isə Türkmənistanın Xalq artisti Anna Mele idi. Qeyd edək ki, Türkmənistan Dövlət İncəsənət İnstitutunun müəllimi olan Anna Mele müxtəlif teatrlarda çalışıb. «Awara» eksperimental teatrında isə 1997-ci ildən işləyir. Fransa, İtaliya, Xorvatiya, Polşa və digər ölkələrdə keçirilən teatr festivallarında uğurla çıxış edib. Monotamaşa böyük maraqla qarşılandı.

 

   * * *

 

   Noyabrın 6-da Muzey Mərkəzində Türkmənistan kinorejissorları tərəfindən çəkilmiş 3 film nümayiş etdirildi.

   Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və “Türkmənfilm”in baş redaktoru Bəhdimqulu Rəcəbov ölkələrimiz arasında kino sahəsində mövcud əlaqələrdən danışdılar. Bildirildi ki, bir çox tanınmış Azərbaycan sənətkarları Aşqabadda, Türkmənistan sənətkarları isə Bakıda təhsil alıb və işləyiblər. Qarşılıqlı əməkdaşlıq bu günuğurla davam edir.

   Sonra türkmənistanlı rejissorların çəkdiyi “Şükür Baxşı”, “Ferzent Ferzi” bədii və “Marquş” sənədli filmləri nümayiş etdirildi. Türkmənistanın tanınmış sənət adamlarına, mədəniyyətinə, şəhərlərinə həsr olunmuş filmləri tamaşaçılar maraqla izlədilər.

 

   * * *

 

   Noyabrın 6-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirildi.

   Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru Tuvakbibi Durdıyeva Azərbaycanda türkmən mədəniyyətinə, incəsənətinə göstərilən diqqətdən məmnun olduğunu söylədi.

   Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva gələcəkdə Azərbaycanda və Türkmənistanda belə günlərin tez-tez keçiriləcəyini bildirdi.

   Sonda Türkmənistan mədəniyyət ustaları böyük konsert proqramı ilə çıxış etdilər.

 

 

   Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 11.