“X nöqtəsi...”: 10 il sonra

 

   Noyabrın 8-də Muzey Mərkəzində “X nöqtəsi...” adlı sərginin açılışı oldu. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirdi ki, on il bundan əvvəl Dövlət Rəssamlıq Akademiyasının yaradılması Azərbaycan rəssamlarının sırasına bir çox istedadlı gənclərin qatılmasına səbəb olub. Akademiyanın, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları bir çox sərgilərdə uğurla iştirak edərək öz istedadlarını, bilik və bacarıqlarını nümayiş etdiriblər. “X nöqtəsi...” adlı sərginin Anar Hüseynzadənin eyniadlı əsərindən götürüldüyünü deyən F.Əliyeva tədbirin gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədilə təşkil olunduğunu bildirdi.

   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, sərgidə əsərləri nümayiş olunan rəssamlar daha da irəli getməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. O, gənc rəssamlara yeni yaradıcılıq uğurları arzuladı.

   Sonra sərgiyə baxış keçirildi. Sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş etdirilir. Sərginin nümayişi noyabrın 14-dək davam edəcək.

 

 

   Ceyhun

 

   Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 11.