Teatra dair düşüncələr

 

   Bakı Beynəlxalq Teatr Konfransından isti təəssürat

  

   Birinci fikir

  

   On doqquzuncu əsrin sonundan ta iyirminci əsrin ortalarınadək skeptiklər təxminən iki dəfə teatra ölüm hökmü kəsdilər. Birinci dəfə kino meydana gələndə, ikinci dəfə isə televiziya yarananda. Hər dəfə də bəhanə gətirdilər ki, daha teatra ehtiyac qalmayacaq, çünki insanlar heç zaman belə rahat incəsənət sahəsini qoyub teatra getməyin əziyyətinə qatlanmaz.

   Amma şükürlər olsun ki, belə olmadı.

   Kino da inkişaf etdi, televiziya da. Teatr da bu inkişaf prosesindən kənarda qalmadı. Çünki insanın canlı ünsiyyətə ehtiyacı ödəmək, sənət ilə nəfəs-nəfəsə duraraq paralel dünyaların sakinləri kimi baş verənləri seyr etmək istəyinə qarşı kimsə çıxa bilməzdi.

   Bu gün hər cür yeni vizual texnologiyaların ildırım sürətilə yayıldığı zamanda da teatr var. Amma bu gün artıq teatr insanların mədəni istirahət asudə vaxtı keçirmək üçün seçdiyi yeganə məkan deyil. XXI əsrin teatrı sırf mədəniyyət hadisəsindən daha çox elmi əsaslar üzərində qurulan incəsənətdir. İşin ən çətin məqamı isə budur ki, teatr oyun, faciə, məzhəkə, melodram olaraq tamaşa çərçivəsindən kənara çıxmamalı, onun elmiliyi səhnə arxasında qalmalıdır.

   Bu sənəti sevərək onun problemlərini həll edən, bəzən öz yaradıcılıq istiqaməti, hətta yeni bir cərəyanın təməlini qoyan teatr insanları bu əbədi sənətin qarşısına çıxan problemləri birgə çözməkdən ötrü baş sındırır, yollar axtarır, sonra da bir araya gələrək düşüncələrini bölüşürlər.

  

   * * *

 

   Belə toplantılardan birinin hazırkı məkanı Azərbaycanın paytaxtı Bakıdır.

   Noyabrın 7-dən Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb. Noyabrın 12-dək paytaxtımıza təşrif buyuran otuzadək ölkənin yetmiş nəfərədək teatr bilicisi Azərbaycan teatrının çağdaş durumu ilə tanış olmaq, bizim teatrların tamaşalarını seyr etmək imkanı qazanıb. Ən böyük imkanı isə bizim teatrlarımız, bu teatrlarda hazırlanan tamaşalarda məşğul olan hər kəs qazanıb: bizim oyunumuza, ifamıza görün kimlər baxıb qiymət verəcək! Sanballı teatr tənqidçisinin fikrini bilmək, onun iradını dinləmək elə onun tərifini eşitməyə bərabərdir. Hərçənd teatrşünaslıq bir elm kimi formalaşandan bəri əsl tənqidçilər tərifdən daha çox təhlilə üstünlük verirlər. Bu məsələnin ilk baxışda nəzərə çarpmayan bir önəmli, öyünc verən məqamı var: bütün çətinliklərə, milli teatrla bağlı hər hansı əsaslı-əsassız bədbin proqnozlara baxmayaraq, çağdaş Azərbaycan teatrının qonaq qarşısına çıxarılası tamaşaları var!

   Dünən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər» adlı Beynəlxalq Teatr Konfransının rəsmi açılışında edilən çıxışları dinlədikcə düşünürdüm ki, teatrı sevən, anlayan yaşatmağa çalışan Azərbaycan teatrallarını naharat edən məsələlər, problemlər elə dünya teatrlarından da yan keçməyib, bu ya digər dərəcədə onları da narahat edir.

   Azərbaycan Respublikasının mədəniyyət turizm naziri cənab Əbülfəs Qarayevin ölkəmizin teatr həyatı milli teatr sənəti barədə, teatra dövlət səviyyəsində qayğı haqqında geniş dərin məzmunlu çıxışından sonra kürsüyə qalxan bəzi qonaqların da çıxışlarından dünya teatr prosesində nələrin baş verdiyini duymaq olurdu. Litva respublikası mədəniyyət nazirinin müavini Deividas Staroponkus belə bir teatr konfransının Bakıda keçirilməsinin təsadüfi olmadığını bu sayaq vurğuladı: «Mədəniyyət - özünə hörmət edən ölkənin ayrılmaz hissəsidir».

   Rejissor, yazıçı-jurnalist, Nevil Şulman (Böyük Britaniya) «mənim üçün teatr dünyaya məxsusdur» söylədi. Onun nəzərincə ayrı-ayrı xalqların teatrı təbiət kimi bütün dünyaya məxsusdur. Həqiqətən , dərindən qlobal düşünsək, bu fikrin qədər düzgün olduğunu anlayarıq. Çin Xalq Respublikasından ölkəmizə təşrif buyurmuş «Drama jurnalı»nın baş redaktoru Lin Şen cənab Şulsmanın fəlsəfi düşüncələrini daha sadə dildə açıqladı: «Biz tarix boyu bir-birimizdən ipək, pambıq, hətta musiqi alətlərini «oğurlamışıq», indisə zaman teatr təcrübəmizi paylaşmağı tələb edir».

   Təcrübə mübadiləsi etməyə bir-birindən öyrənməyə dəyər.

   Sankt-Peterburq Teatr Akademiyasının professoru, «Beş axşam» teatr festivalının prezidenti Marina Dmitrevskayanın çıxışındasa qloballaşmaya doğru gedən dünyada insanların mədəniyyət prioritetlərinin dəyişməsi fonunda teatrı yaşatmağın sevdirməyin yeni yollarını aramağın vacibliyi vurğulandı. O, bu suallara Bakı konfransında cavabların səslənəcəyinə ümid bəslədiyini gizlətmədi.

  

   İkinci fikir

  

   Mədəni istirahət mənəvi qida cəbhəsindəki sərt rəqabət şəraitində teatr necə olmalıdır ki, yaşasın, insanları maraqlandırsın, özünə cəlb etsin, zamanla ayaqlaşsın? Çünki ən son texnologiyaları teatra gətirmək, ən müasir texniki avadanlıqları səhnədə quraşdırmaq da olar. Əgər XXI əsrin az qala kiberləşən insanının qəlbinə nüfuz edəcək əsər tamaşaya qoyulmayacaqsa, əgər rejissor yozumu, aktyor ifası tamaşaçı qəlbini titrətməyəcəksə, rəssamın tərtibatı, bəstəkarın musiqisi bütün bunları tamamlamayacaqsa, o zaman hansı sənət uğurundan, əbədi sənətdən danışmağa dəyər?

  

   * * *

 

   Beynəlxalq Teatr İnstitutunun Amerika üzrə baş katibi Piter Qoldfarbın, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasyasının baş katibi Mişel Vaisin, Səudiyyə Ərəbistanı teatrlarının baş müdiri İbrahim Qasim Assirinin nikbinlik, 1993-cü ildən ABŞ-da nəşr edilən «Azerbaijan İnternational» jurnalının təsisçisi baş redaktoru Betti Bleyerin ölkəmizə rəğbət ilə dop-dolu təbrikləri, Azərbaycan gerçəkliyini dünyaya həm sənət prizmasından tanıtmaqdan ötrü belə bir səviyyəli konfransa ev sahibliyi etməyimiz insanı xoş niyyətlərə kökləyirdi.

  

   Üçüncü fikir

   

   Yenicə təmirdən çıxmış teatr salonunda əyləşmişik, Azərbaycan teatr aləminin qaymaqları da buradadır, nəsə öyrənmək, yaratmaq, özünü sənətdə görmək, təsdiqləmək istəyən cavan sənətçilər ! Hətta həmkarlarımın üzündə bu qədər teatr bilicisinin bir araya yığışmağından, onların hər birindən təəssürat öyrənmək istəyindən dolayı yaranmış çaşqınlığı da duyuram. Bu xoş təəssüratların arasında bir nisgil qəlbimi sızıldadır: əgər bizim sovet rejiminin dəmir pərdəsi arxasında yaşadığımız illərdə dünyaya bu qədər geniş qucaq açmaq imkanımız olsaydı, əgər neçə-neçə sənət korifeyimiz repressiya rejiminin qurbanı olmasaydı, yəqin ki, bu gün Azərbaycan teatrının şöhrəti heç ən məşhur teatr məktəblərinin şöhrətindən az olmazdı.

  

   * * *

 

   Hələliksə I Bakı Beynəlxalq Teatr Konfransı davam edir.

  

   Qismətə bax ki, vətən teatr tarixində beynəlxalq səviyyəli birinci elmi məclisin açılışı ilk dəfə qeyd olunan Dövlət Bayrağı gününə təsadüf etdi. Əslində teatr sənətinin özü özündən əvvəl yaranmış özündən sonrakı bütün incəsənət növlərinin bayraqdarıdır.

  

 

   Gülcahan Mirməmməd

 

   Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 8.