“Sevinirik ki, Bakıda belə bir konfrans təşkil
olunub”
Bakı Beynəlxalq Teatr Konfransının plenar iclasının birinci günü maraqlı müzakirələrlə
yadda qaldı
Bakı Beynəlxalq Teatr Konfransının açılış
mərasimindən sonra
forum plenar iclasla davam etdi. Sənətşünas Məryəm
Əlizadə (Azərbaycan)
və Tuncer Günenoğlunun (Türkiyə)
moderatorluq etdiyi iclasda Azərbaycan, Böyük Britaniya, Qırğızıstan, Ukrayna,
Gürcüstan, Rusiya,
Səudiyyə Ərəbistanı
və digər ölkələri təmsil
edən tanınmış
teatrşünaslar müxtəlif
mövzularda çıxış
etdilər.
İclasda çıxış edən
Gürcüstanın Marçanişvili
adına Dövlət Akademik Dram Teatrının direktoru Yekaterina Mazmişvili bildirdi ki, bu
gün dünyadan daha çox mənfi informasiyalar alırıq. Lakin buna baxmayaraq insanlar xoş xəbərlər də eşitmək istəyirlər:
«Bu xoş xəbərləri
insanlara teatrlar çatdıra bilər».
Sonra o, teatrın problemlərindən
bəhs etdi və bildirdi ki, bu problemlər
bütün dövrlərdə
eyni olub: «XIX əsrdə teatr üzləşdiyi problemlərlə
XX əsrdə də üzləşib. Eyni zamanda
teatr insanların həyatında həmişə
böyük rol oynayıb və bu gün də
vəziyyət eynidir.
Teatrla daim əməkdaşlıq
etmək lazımdır.
Ən böyük əməkdaşlığı
isə tamaşaçı
etməlidir. Burada teatrla
bağlı müxtəlif
ideyalar səsləndirildi.
Mənə elə gəlir
ki, ideyaları həyata keçirmək üçün maliyyə
tələb olunur.
Yəni ideyalar maliyyəyə söykənir».
Natiq yaxın qonşu olmamıza baxmayaraq son 10 ildə ilk dəfə Bakıya gəldiyini bildirdi: “Çox sevinirik ki, Bakıda
belə bir konfrans təşkil olunub və biz fikir mübadiləsi apara bilirik. Biz
sevinirik ki, belə təşəbbüslər
var».
Sənətşünaslıq
doktoru, professor İlham
Rəhimli «Azərbaycan
Dövlət Teatrları
sistemi: Retrospektiv baxış» adlı məruzə ilə çıxış etdi.
O bildirdi ki, çağdaş Azərbaycan
teatrı instusional mədəniyyət faktı
olaraq dövlət teatr sistemində fəaliyyət göstərir:
«Teatr tariximizin indiki mərhələsini
anlamaq, gələcəyi
proqnozlaşdırmaq və
bunun əsasında düzgün inkişaf strategiyası müəyyənləşdirmək
teatr nəzəriyyəçilərinin
və praktiklərinin
yekdil məqsədidir.
Bugünkü teatr fəaliyyətinin
başlıca problemini
olduğu kimi aşkarlayıb təhlildən
keçirmək, üzərində
düşünmək üçün
teatr tariximizə retrospektiv nəzər salmaq lazımdır».
Teatrşünas bunun üçün
dörd tezisin əsas səciyyələrini
verməyə çalışdığını
diqqətə çatdırdı.
Bu tezislər çərçivəsindən çıxış edən
İ.Rəhimli konfrans
iştirakçılarına Azərbaycan teatrının
tarixindən və onun formalaşmasından danışdı: «1908-ci ildən
başlayaraq Azərbaycan
teatr xadimləri Həştərxan, Orenburq,
Batum, Dərbənd, Qroznı, Buxara, Daşkənd və başqa şəhərlərdə
dəfələrlə qastrol
səfərlərində olublar».
Milli teatrımızın inkişafı, əsil peşəkarlıq mərhələsinin
1919-cu ildə başladığını
deyən teatrşünas,
ötən illərdə
Azərbaycan teatrının
keçdiyi yoldan, inkişafdan da söz açdı.
Eyni zamanda o, Azərbaycan teatrı haqqında verilən nikbin və bədbin proqnozlar haqqında məlumat verərək bildirdi: «Başlıca qənaət
kimi söyləyə
bilərəm ki, bu gün biz Azərbaycan teatrında bu meyillərin işartılarını duyuruq,
sezib görürük.
Lakin sistemli tədbirlərə
hələ başlanılmayıb.
Halbuki bunun əsl vaxtıdır».
Ukraynanın
Les Kurbas adına
teatrı və mədəniyyət mərkəzinin
direktoru Nelli Korniyenko çıxışına
başlamazdan öncə
optimist proqnozlar verəcəyini
bildirdi və son dövrdə baş verən hərəkatlardan
bəhs etdi: «Biz klassik incəsənətin
mövcud olduğu dövrdə yaşamışıq.
Sonra
modern incəsənət, bunun
ardınca da post qeyri-klassik incəsənət
meydana gəldi. Bayaq mühazirəçilərdən biri teatr haqqında
danışarkən bu
sənətin əyləncə
olduğunu bildirdi.
Amma mən deyərdim ki, teatr strateji
bir sənətdir.
Teatr sadəcə həyatı
əks etdirmir, o həm də diaqnostikadır və cəmiyyətin diaqnozunu müəyyən edir».
Londondan gələn mühazirəçi
Rocer Mkann isə beynəlxalq əməkdaşlığa hər
zaman böyük dəyər verdiyini diqqətə çatdırdı:
«Bizim teatrımız
1996-cı ildə yaradılıb.
Çalışırıq ki, başqa
ölkələrin teatrları
ilə beynəlxalq əməkdaşlıq edək
və təcrübə
mübadiləsi aparaq.
Amma bəzən çətinliklərimiz
də meydana çıxır. Məsələn, biz Amerikada baş verən 11 sentyabr hadisələri və Amerikanın İraqa hücumu ilə bağlı tamaşa hazırlamışdıq. Amma məsələn, Corc Buşun obrazını yaratmaq istədikdə ortaya böyük çətinliklər çıxdı».
Natiq öz çıxışında
konfransın əhəmiyyətindən
də danışdı:
«Belə bir fikir mübadiləsi və əməkdaşlıq
çox vacibdir. Mən sevinirəm ki, Bakıda keçirilən
belə bir konfransa dəvət almışam. Deyirlər, bütün
sahələrdə qloballaşma
baş verir. Belə açıqlıq isə
qloballaşmanı daha
da sürətləndirir».
İsveçrədən gələn dramaturq
Ursula Uerdenberq isə müasir dövrdə meydana gələn müxtəlif dramaturgiya növlərindən bəhs
etdi. O bildirdi ki, öz ölkəsində
dramaturgiya sahəsində
müxtəlif cərəyanlar
və müxtəlif teatrlar qurulur: «Gənclər müasir dövrə arxalanıb əsər yazmaq istəyirlər: «Onlar öz qəhrəmanlarını
real, müasir dövrə
uyğun görmək
istəyirlər. İnanıram ki, dramaturgiyanın gələcəyi var və bu sahədə
universal düşüncə tərzinə hər zaman ehtiyac olacaq».
Dramaturq Ali İhsan Kaleci (Fransa) teatrda tamaşaçıya ehtiyac
olduğunu və tamaşaçı olmazsa,
teatrın da olmadığı fikri ilə çıxış
etdi: «Artıq 20 ildir ki, Fransada
yaşayıram. Əvvəllər orada 30-40 tamaşa var idi. İndi isə minlərcə tamaşa var. Bu ona gətirib çıxarır
ki, teatrda insan-tamaşaçı yox
olur. Buna fransız dilində dishumanizm deyirlər.
Yəni teatr hər zaman özünə tamaşaçı istər».
Qırğızıstandan
olan teatr tənqidçisi Tsıtsıqama
Umuraliyeva dünya teatrlarında baş verən hadisələrin,
yeniliklərin onlar üçün maraqlı
olduğunu bildirdi: «Əgər 90-cı illərdə
Qırğızıstanda cəmi
15 teatr var idisə, indi onların sayı artıb. Hətta alternativ teatrlar
da meydana gəlib. Teatr ənənələrə söykənir. Bizim ənənələrimiz
isə dastanlarımızdır.
Bundan başqa dünya məkanına inteqrasiya etmək də vacibdir. Bəlkə də bütün
bunlar qırğız
teatrını qaldırmağa,
inkişaf etdirməyə
kömək edər.
İnsan
inkişaf etməlidir
ki, ətraf mühit də inkişaf etsin».
Qısa fasilədən sonra
plenar iclas davam etdi. İclasın bu hissəsində
Yaak Allik (Estoniya), Devid Pərri (Britaniya), Endrü Pol (ABŞ) və başqaları çıxış etdilər.
Konfransın plenar müzakirələri
noyabrın 10-da davam edəcək.
Mehparə
Mədəniyyət.-
2010.- 10 noyabr.- S. 5.