Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayevin Bakı Beynəlxalq
Teatr Konfransının
açılış mərasimində
çıxışı
Hörmətli konfrans
iştirakçıları!
Əziz qonaqlar!
Bu geniş miqyaslı tədbirdə Sizi görməkdən böyük şərəf duyur və hər birinizi ürəkdən salamlayıram. Bu gün dünyanın böyük teatr sənətçilərinin bir araya gələrək XXI əsrin teatr proseslərini araşdırması bizim hamımız üçün önəmlidir. Elə bu səbəbdən belə bir layihənin Azərbaycanda gerçəkləşməsi bizdə qürur doğurur.
«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində Bakıda ilk dəfə keçirilən «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» adlı Beynəlxalq Teatr Konfransına Rusiyadan, Gürcüstandan, Türkiyədən, İrandan, Almaniyadan, Britaniyadan, ABŞ-dan, Kanadadan, Sinqapurdan, Tunisdən, Avstriyadan, Çindən, Fransadan, Estoniyadan, Belarusdan, Koreyadan, Sinqapurdan, Omandan, Qazaxıstandan, Litvadan, Moldovadan, Küveytdən, Səudiyyə Ərəbistanından, Yunanıstandan təşrif buyurmuş qonaqların hamısını salamlayır və onlara bir daha «Azərbaycana xoş gəlmisiniz» deyirəm.
Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi vardır. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə bağlı meydan mərasimləri, «Qaravəlli» tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verdi. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yarandı. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı.
Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir.
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev teatr sənətinə həmişə böyük diqqətlə yanaşmışdır. Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu bilavasitə onun adı və şəxsiyyəti ilə bağlı olmuş, mədəniyyət və incəsənət xadimlərimiz bu dövrdə yaradıcılıq axtarışlarını məhz onun qayğısı sayəsində genişləndirməyə müvəffəq olmuşlar.
Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün uğurla davam etdirilir. Danılmaz faktdır ki, son illər ərzində Azərbaycan xalqının həyatında bir sıra uğurlu tarixi dəyişikliklər baş vermişdir. Ölkə rəhbərliyinin prinsipial, xalqımızın mənafeyini təmin edən xarici siyasətinin və həyata keçirdiyi müxtəlif tədbirlərin nəticəsində Azərbaycanın nüfuzu dünya miqyasında daha da artmış, beynəlxalq əlaqələri daha da genişlənmişdir.
Son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilmişdir.
2006-cı ildə Azərbaycanda «Teatr və teatr fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsinin əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi önəm verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev teatr sənəti ilə bağlı daha bir önəmli sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» sərəncam imzalamışdır. 2009-cu il mayın 18-də isə ölkə başçısı «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramını təsdiq etmişdir.
Öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına - ordenlərə layiq görülür. Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi «Zirvə» mükafatını təsis etmişdir.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir.
Son 5 il ərzində dövlət teatrlarında 433 yeni tamaşa hazırlanmışdır. Onlardan 68-i Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşalara büdcədən 1 036 380 (bir milyon otuz altı min üç yüz səksən) manat vəsait ayrılmışdır.
Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmış və həmin binalar artıq istismara verilmişdir.
Beynəlxalq təcrübə ilə davamlı tanışlıq mexanizmi, geniş miqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi olmadan müasir mərhələdə teatrların inkişafından danışmaq olmaz. Bu istiqamətdə də son illər xeyli canlanma duyulur. Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində - Almaniyada, Türkiyədə, Rusiyada, Tatarıstanda, Belarusda, Gürcüstanda, Fransada, Mərakeşdə, Finlandiyada, İranda, Misirdə, Hollandiyada, Estoniyada, Bolqarıstanda, Ukraynada, İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər.
Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşlar. Finlandiyadan Kamran Şahmərdan, Belarusdan Natalya Başeva, Rusiyadan Beniamin Filştinski, Yuri Bertman, Tatyana Melnikova, Tatyana Tarakanova, İskəndər Sakayev, Sergey Qritsay, Sergey Yunqas, Vasili Medvedev, Nikolay Tretyak, Liliya Sabitova, Gürcüsstandan Georgi Aleksidze, Qoça Kapanadze, Tacikistandan Sultan Usmanov, Özbəkistandan Firudin Səfərov, Ukraynadan Valentina Reka, Tatyana Borovik tərəfindən hazırlanan tamaşalar böyük maraqla qarşılanmışlar.
Noyabr ayının 12-dən 30-dək isə Bakıda A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının «İpək yolu» adlı mərhələsi keçiriləcəkdir. Festival çərçivəsində Kanadadan, Fransadan, Rusiyadan tanınmış teatr kollektivləri çıxış edəcəklər.
Teatr prosesinin stimullaşdırılması məqsədilə Dövlət Proqramına əsasən bir sıra uzunmüddətli layihələrə artıq start verilmişdir. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə Gənc Rejissorların Respublika Festivalı, Kukla Teatrları Həftəsi, «Yeni Teatr» Respublika Festivalı keçirilmişdir.
Layihələrdən biri gənc rejissorların yaradıcılıq fəaliyyətinin dəstəklənməsi ilə bağlıdır. Teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli tamaşaların hazırlanması, habelə istedadlı gənclərin üzə çıxarılması, onların bədii axtarışlarının dəstəklənməsi, yaradıcı potensialın aşkarlanması məqsədilə gənc rejissorlar bölgə teatrlarına dövlət sifarişi ilə tamaşa hazırlamaq üçün ezam olunmuşlar. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək və gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə istedadlı gənclər Düsseldorf şəhərinin «Deutsche Oper am Rhein» Teatrında, Praqa Milli Teatrında, Ankarada Dövlət Teatrında, Krakov Milli Teatrında, Sverdlovsk Musiqili Komediya Teatrında təcrübə keçmişdir. Mədəniyyət və Turizm Nazirliyinin son illər reallaşdırdığı layihələr - «Teatr görüşləri» Beynəlxalq layihəsi, Mədəniyyət günləri, festivallar çərçivəsində A.P.Çexov adına Moldova Dövlət Rus Dram Teatrı, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrı, Qalina Vişnevskayanın Opera Mərkəzi, Səudiyyə Ərəbistanının «Modern» Teatrı, Moskvanın «Qelikon Opera» Teatrı, Tatarıstanın Qaliəskər Kamal adına Dövlət Akademik Dram Teatrı, Estoniyadan «Dream fabrik» Kukla Teatrı şəhərimizin qonaqları olmuşlar.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatr qanununun işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən «Üns» yaradıcılıq səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Hörmətli konfrans iştirakçıları!
1990-cı illərin əvvəllərində qonşu Ermənistan Respublikası ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürərək, hərbi təcavüz yolu ilə Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən rəsmən tanınmış ərazilərimizin 20 faizini işğal etmişdir. Erməni şovinistləri hərbi münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin xeyli hissəsini qəsdən dağıtmışdır. Bu dağıdıcı proseslər Azərbaycan teatr sənətindən də yan keçməmişdir.
Ermənistanın zorakılıq siyasəti və hərbi təcavüzü nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın düşmüşdür. Bu teatrların yerləşdiyi binalar dağıdılmış, yandırılmış, əmlakı talan edilmişdir. Lakin bu teatrlar bu gün də fəaliyyətlərini davam etdirirlər.
Biz bütün bu işləri sadaladıq ki, sizin ölkəmizdəki teatr prosesləri barədə ətraflı məlumatınız olsun.
Sizləri, dünyanın ən ünlü teatr bilicilərini «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» mövzusuna həsr olunmuş Beynəlxalq Teatr Konfransında bir araya gətirdik ki, məhz qloballaşma dövründə teatrın bu gününü və gələcəyini müəyyən edə biləsiniz. Çünki sizlər səhnə sənətini yaşadan, yenidən yaradan və inkişafa doğru aparan insanlarsınız.
Ümid edirəm ki, dünyanın 30-dan çox ölkəsindən 70-ə yaxın teatr mütəxəssisinin qatıldığı bu konfrans bizim hamımız üçün maraqlı olacaq və dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatr tənqidçiləri, alimlər fikir mübadiləsi edəcək, mövcud problemlərin çözülməsində müzakirələr aparacaq, ölkələrimizin mədəni dostluq tellərini daha da möhkəmləndirəcəklər.
Məhz bu böyük töhfədə
bizim də payımız olduğuna
sevinərək, sizi bir
daha Odlar Yurdu Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə, ümumilikdə
isə konfransın işinə uğurlar
arzulayıram.
Mədəniyyət.- 2010.- 10
noyabr.- S. 3.