Qurban
bayramı: gerçək mahiyyəti və
qazandırdıqları
Hər
fərdin və ya xalqın həyatında müəyyən əlamətdar
günlər, bayramlar var. Bunlar öz yerində, amma müsəlmanlar
üçün dinimizin buyruğu olan iki gözəl bayram -
Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət
və anlam daşıyır. Yəni bu iki bayram
özlüyündə həm təfəkkür mövzusu, həm
də bir mükafat mahiyyətindədir.
Qurban bayramı Həcc ziyarəti
ilə üst-üstə düşür. Həcc ziyarəti
insana ölümdən sonra dirilib Məhşər
meydanında toplanmağın bir ilkin sınağını
göstərdiyi kimi, qurban kəsmək də verdiyi
bütün nemətlər üçün Allaha
şükrün ifadəsidir. Qurban vermək əslində hər
bir insanı formalaşdıran dəyərlərin arasında
yer alan mühüm bir xüsusiyyətdir. Hələ Adəm
peyğəmbərin oğulları Habil də, Qabil də
yetişdirdikləri məhsullardan qurban vermişdilər.
Bütün dinlərdə qurban var. Qurbanın ən gözəli,
ən mükəmməli, heç şübhəsiz,
İslam dininin əmr etdiyi qurbandır.
* * *
Beş növ heyvan qurban kəsilər:
qoyun, keçi, inək, camış və dəvə. Bir
qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər.
Qurban kəsilən qoyun və ya keçi 1 yaşından az
olmamalıdır. Əgər bir yaşını
tamamlamayıbsa, ən azı bir yaşındakı kimi iri
görünməlidir.
İnək və ya camış
iki yaşından yuxarı olmalıdır. Dəvə isə
ən azı beş yaşında olmalıdır. Bir inəyi,
camışı və ya dəvəni yeddiyə qədər
adam birləşərək ortaq qurban kəsə bilərlər.
Bir adam istərsə, təkbaşına bir inəyi də,
bir dəvəni də öz adından qurban kəsə bilər.
Qurban kəsiləcək heyvanlar xəstə,
qocalıb əldən düşmüş, şikəst
olmamalıdır. Bu məsələdə heyvanların əlamətini
kifayət qədər sadalamaq olar, amma bircə onu bildirməyi
lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə
özünə verdiyi dəyərdir.
Quş qismindən, ov
heyvanlarından qurban kəsmək olmaz. Qurban kəsmək zəngin
müsəlmanların borcudur, qurban payı gözləmək
kasıb müsəlmanların haqqıdır.
Qurbanın nə əti, nə dərisi,
nə baş-ayağı satış obyekti ola bilməz. Satılırsa, qurban
olmadı, qurban satılmaz, ehtiyac olan yerlərə pay verilər.
* * *
Allah-Təala “Qurani-Kərim”də
buyurur ki, kəsilən heyvanların nə əti, nə
qanı Allaha yetişməz. Ona yetişən
qurban kəsən insanın ürəyindəki Allaha
bağlılıq hissidir. İslam dini
insanın qurban verilməsini kökündən yasaqlayıb.
Halbuki bu gün bəzi batil dinlərdə bu
cahilliyi hələ də görmək mümkündür.
Bəşər tarixində qurban
deyilmiş insanlar var. İbrahim peyğəmbər oğlu
İsmayılı qurban dedi, hətta onu yerə uzadıb
boğazına bıçaq da çəkdi, Allah-Təala Həzrəti
İbrahimin də, onun bıçağı altına
könüllü olaraq uzanan İsmayılın da bu imtahandan
qalib çıxdıqlarını müjdələdi və
İsmayılın yerinə qurban kəsmək
üçün bir qoç göndərdi. Allah-Təala hələ
nemətini bununla da tamamlamadı, İbrahim əleyhissəlamın
gözünün ağı-qarası bir İsmayılı
vardısa, qoca vaxtında ona ikinci oğlu - İshaqı da pay
verdi. Özü də bu
oğulların hər ikisi gələcəkdə peyğəmbər
olacaqdılar.
İmranın xanımı Xanna
Allah-Təalaya qurban vermək üçün heç nə
tapmadı, bətnindəki uşaq ağlına gəldi və
onu Allaha qurban dedi. O uşaq Məryəm oldu. Allah-Təala
o Məryəmdən dünyaya İsa peyğəmbəri göndərdi.
Peyğəmbərimiz həzrəti
Məhəmməd: “Mən iki qurbanın oğluyam” deyirdi. O
qurbanların birincisi həzrəti İsmayıl, ikincisi isə
öz atası Abdullah idi. Məhəmməd
Peyğəmbərin öz atası Abdullah da qurban deyilmiş,
amma atası Əbdülmüttəlib onun
qarşılığında yüz dəvə kəsərək
paylamış, Allah qarşısında sədaqətini isbat
etmişdi. O iki qurbanın soyundan, “Qurani-Kərim” ifadəsiylə
desək, aləmlərə rəhmət olan uca bir zat, həzrəti-Məhəmməd
(s.ə.s.) dünyaya gəlmişdi.
Allah-Təala bəndəsindən
bir şey istəyəndə almaq üçün istəmir,
istədiyinin üzərinə yeni birisini də qoyaraq qaytarmaq
üçün istəyir. Allah-Təala hər
cür ehtiyacdan uzaqdır və bütün
yaradılmışlar ancaq Ona möhtacdırlar. Qurban ibadətinin fəlsəfəsində bu həqiqət
durur.
* * *
”Qurban” sözü “qürb”
kökündən yaranıb, mənası “yaxınlaşma”
deməkdir, İslam terminologiyasında bəndənin Allaha
yaxınlaşması anlamına gəlir. Hər
şeydən öncə onu nəzərdə tutmaq
lazımdır ki, bəndənin xoşbəxtliyi də, borcu
da Allaha yaxınlaşmaqdır. Bayramda kəsilən
heyvan bu yaxınlaşma üçün bir yoldur, bir vasitədir,
gerçək qurban olan, yəni Allaha yaxınlaşan isə
o qurbanı kəsənin özüdür.
Qurban etmək - qurban
olmaq istəməkdir. Hər kəs həyatını
fəda etməyə hazır olduğu varlığın,
ünvanın qurbanıdır. Məcnun Leylinin, Fərhad
Şirinin, ömrünü Allahın istədiyi kimi
yaşayanlar da Allahın qurbanı olduğu kimi.
Qurban - sevgidir,
sevdadır, vazkeçilməz bir tutqu, bir
bağlılıqdır.
Qurban - sədaqətdir,
könül verib bağlandığın dərgah
qapısından ayrılmadan son nəfəsini də o
qapıda kəlməyi-şəhadətlə verib can əmanətini
həqiqi Sahib olan Allaha təslim etməkdir.
* * *
Qurban - səmimiyyətdir.
Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini
qurban verdi, Allah-Təala o qurbanı qəbul
buyurdu; Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin
xarabını, çürüyünü qurban
ayırdı, Allah-Təala onun qurbanını rədd elədi,
sanki qaytarıb üzünə çırpdı. Allah
üçün verəcəksənsə, imkanın
çatanın ən gözəlini ver. Yəni nə verdiyinə
baxmaq deyil, kimin adına verdiyinə baxmaq ən
doğru yanaşmadır.
Qurban - gerçək Sahibi tanımaqdır. Hər şeyin Allahın mülkü olduğunu bir
daha idrak etmək və bu həqiqəti göstərməkdir.
Allahın əmanət olaraq verdiyindən bir
hissəni onun rizasını qazanmaq üçün verə
bilməkdir.
Qurban - bərəkətlənməkdir,
əlindəki əmanəti bərəkətləndirməkdir.
Malı verən Allah onun bərəkətini də
verir. Bəzən çox görünən mal az xeyirli olur, bəzən də az görünən
malın bərəkəti bitib-tükənmək bilmir. Allah
üçün fəda etmək üzüm tənəyini
budamaq kimidir, zahirən az görünsə
də, səmərəsi artıq olur. Ağıllı adam görüntüyə yox, səmərəyə
talib olar.
* * *
Qurban - şeytanı
ağlatmaqdır, xəsislik və israf şeytanı
güldürməkdir. Bu ikisinin
ortasındakı ədalət xəttini tutmaq isə Sirat
körpüsünu özünə yol tutmaq kimidir. Bəndənin
“Bismillah” deyib qurban kəsməsi, Allaha yaxınlaşmaq
yolunda bir addım atması şeytanı dəli edər, od vurub yandırar.
Qurban - ruhun təntənəsi,
nəfsin tərbiyəsidir. İbadətin
mahiyyətində nəfsin tərbiyəsi ən mühüm
amillərdən sayılır. Əslində
qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi
ilə mümkün olur. Kim nəfsini nə
qədər tərbiyə edə bilibsə, Allaha
yaxınlaşmağı da elə o nisbətdədir.
Qurban - şahidlikdir.
Allaha inanmayan, Onun bəndələrinin dərdinə
əlac etməyin bir gün
mükafatlandırılacağını düşünməyən,
o heyvanı Allaha yaxınlaşmaq niyyətiylə deyil, tarixi
bir ənənə anlayış ilə kəsmək kəsənə
bir şey qazandırmaz.
Allah yolunda şəhid
olmaq da elə Allaha qurban olmaqdır. Allah-Təala
bəlkə elə buna görə buyurur ki, şəhidlərə
ölü deməyin, onlar Allah qatında hər cür nemətə
qovuşublar.
* * *
Allah-Təala: “Mən qullarıma
onların boynunun şah damarından da yaxınam” - buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə
tutulur. Allah-Təala onsuz da bəndələrinə
yaxındır. Allahın bəndəyə
yaxın olmağı hələ bəndənin Allaha yaxın
olması demək deyil.
Rəsulullah buyurur
ki, qulun namazı da, orucu da, duası da Allaha təqdim etdiyi
qurbandır. Düşünürsünüzmü,
qıldığın namazın da qurbandır, tutduğun
orucun da qurbandır, gizlində bir cür göz
yaşının müşayiəti ilə Allaha
yalvarmağın da qurbandır. Mərhəməti
sonsuz olan Allah öz bəndəsinin üzünə nə qədər
çox qapılar açır, açır ki,
yaxınlaşmaq niyyəti olan bəndə o qapıların
birindən keçib Rəbbinə yaxınlaşa bilsin.
* * *
Allah-Təala buyurur
ki, əgər bəndə Allaha yaxınlaşmaq niyyəti ilə
əmr olunduğundan da artıq ibadət edərsə, Allah o
quluna elə yaxınlaşar ki, onun görən gözü,
eşidən qulağı, yeriyən ayağı, tutan əli
olar.
Allah-Təala onu da
buyurur ki, bəndəsi Ona tərəf bir addım atsa, O, bəndəsinə
tərəf on addım atar; bəndə Allaha doğru yeriyərək
getsə, Allah ona tərəf qaçaraq gələr.
Bu qədər
müjdə içində fitnə olmayan hər qəlbi
doyurmaq üçün yetərlidir.
* * *
İki dünyaya
sığmayan Allah sevimli bəndəsinin qəlbinə
sığar. Qəribə səslənir
eləmi? - Demək, Allaha təslim olmuş, Allahın
murad etdiyi kimi tərtiblənmiş bir bəndənin qəlbi
iki cahandan da genişdir. Bəlkə Nəsimi də
elə “Mən bu cahana sığmaram” deyəndə bu həqiqətə
işarə eləyirdi.
Allaha yaxın olmaq, qurban olmaq istəyən
bəndələrin duasında “Allahım, Səndən
başqa könlümdə kim varsa, nə
varsa, hamısını oradan at, rəva görmə ki, Sənə
olan sevgim başqaları ilə bölünsün,
paylaşılsın” - yalvarışları var. Allaha qurban
olmaq - öz muradını tərk etməkdir, Allahın murad
etdiyini özünə murad etməkdir.
* * *
Kəbə - Allah
evidir, amma insan əlinin sənətidir; qəlb - insana əmanətdir,
amma Allahın əsəridir. Allah bəndəsinə
“namaz qıl, oruc tut, zəkat ver, ziyarətə get, qurban kəs”
- deyə əmr edəndə onun qarşısında iki yol
açır: onu həm Özünə yönəldir, həm
insanlara. “Qurani-Kərim”də
açıq-aşkar buyurulur ki, kəsdiyiniz qurbanın nə
əti, nə qanı Allaha yetişər, yəni Allahın
onların heç birinə ehtiyacı yoxdur. Allah-Təala hər cür ehtiyacdan azaddır,
heç nəyə möhtac deyil, amma yaratdığı
bütün varlıqlar Ona möhtacdır. Allah bəndələrinin niyyətinə dəyər
verər, qullarının Onun əmrlərinə əməl
etməkdə nə qədər həssas, nə qədər
səmimi olmalarına dəyər verər.
* * *
Allah-Təala
bir-birini sevən mömin bəndələrini sevər. Allah-Təala ehtiyac sahiblərinin dərdinə məlhəm
olan qullarının əməllərini yüksək dəyərləndirər,
əlbəttə, niyyətin qurban olsa.
Allahın rizasını qazanmaq,
Ona bir an öncəkindən daha yaxın olmaq
üçün bəndənin hər əməli
qurbandır, könül açmaq üçün bəxş
edilən təbəssüm də qurbandır, yıxılan
birinin qolundan yapışmaq da qurbandır, bir xəstəni
ziyarət edib, ürək-dirək vermək də
qurbandır, sədəqə də, sevgi də, səmimiyyət
də...
* * *
Hər kəs
uğrunda canını verməyə hazır olduğunun
qurbanıdır. Qurban vermək qurban olmaqdır,
həm də sevə-sevə qurban olmaq, qurban olmaqda nicat bularaq
qurban olmaq.
Allah-Təala bizə
Özünə qurban olmağı nəsib eləsin. Faninin, yəni insanın Baqiyə, Əbədiyə,
yəni Allaha qurban olması əbədiyyət
tapmasıdır.
Leylaya qurban olan
Leylaya, Mövlaya qurban olan Mövlaya qovuşur. Vəssalam.
Qurban bayramınız mübarək
olsun!
Əli
Çərkəzoğlu
Mədəniyyət.- 2010.- 12 noyabr.-
S. 15.