Etnoqrafik müşahidələr: Talıstan kəndi
Azərbaycanda
qədim adət-ənənələrin qorunub
saxlandığı və etnoqrafik cəhətdən
xüsusi maraq doğuran yaşayış məntəqələrindən
biri də İsmayıllı rayonunun Talıstan kəndidir. Bu
kənd İsmayıllı şəhəri
yaxınlığında, dağ ətəyində səfalı
bir yerdədir. Sərin bulaqları, sıx meşələri,
təbii gözəlliyi ilə diqqəti cəlb edir.
Böyük Səməd Vurğun
hələ 1935-ci ildə özünün «Talıstan»
adlı poemasını qələmə alıb və bu yerlərin
gözəlliyini tərənnüm edib:
Ormanlar içində durur Talıstan,
Ona bir baxışda vurulur insan.
Günəş
bu yerlərdə qalxır atına,
Yüksəlir
göylərin yeddi qatına.
Bu yurdun havası, suyu sərindir,
Keçdiyim dərələr göydən
dərindir.
Əvvəllər
kəndin adı Marraş olub, sonradan Talıstan adlandırılıb. Kənd
bir neçə məhəllədən ibarətdir.
Bu məhəllələrin içərisində Əbilli,
Koxalı, Əhmədli,
Dərəməhəllə, Yuxarı məhəllə,
Aşağı məhəllə,
Dəlləkli, Yolçulu
məhəllələri kəndin
ən böyük məhəllələri hesab
edilir. Kəndin qəbiristanlıqlarındakı məzar daşlarının
üstündəki daş
kitabələr, nəbati,
həndəsi, simvolik
məna daşıyan
təsvirlər, klassik
şeirlərdən beytlər,
ibrətamiz kəlamlar,
«Qurani-Kərim»dən ayələr
o qədər bacarıq
və məharətlə
oyulub ki, bunların hər birini bir sənət
əsəri , həmçinin
qədim tarix hesab etmək olar. Bu maddi-mədəniyyət
nümunələrinin ciddi
arxeoloji araşdırmalara
ehtiyacı vardır.
Bu qəbiristanlıqlarda Talıstan
camaatının böyük
ehtiramla yad etdiyi müqəddəslər
uyuyurlar. Həmin qəbirlər ziyarətgahlara
çevrilib.
Talıstanda əhalinin əsas məşğuliyyəti əkinçilik,
maldarlıq, çəltikçilik,
arıçılıq, ipəkçilik
olub, sonradan kənddə tütünçülük
təsərrüfatı da
yaradılıb. Kəndin
əhalisi əkinçilikdə
taxılçılığa, maldarlıq təsərrüfatında
isə qoyunçuluğa
daha çox üstünlük verib. Əhalinin qoyunçuluqla
məşğul olan hissəsi yarımköçəri
həyat tərzi sürüb, yayda sürülərini Babadağın
ətəklərində yerləşən
Səlimsoltan yaylağında,
qışda isə Kürdəmir rayonunun qış yataqlarında bəsləyiblər.
Əvvəllər
Talıstan kəndində
böyük tut çəkilliklərinin
olması ipəkçiliyin
inkişafına zəmin
yaradıb, əhalinin
böyük əksəriyyəti
baramaçılıqla məşğul
olub. Talıstanda toxuculuq, sərraclıq, ağacişləmə, arabaçılıq
sənətləri geniş
yayılıb. Kənd
sakinləri indi də məşhur araba ustaları Cəlal Rəşidovu, Abdulhəlim Balakişiyevi,
Bəhəl Rəşidovu
yaxşı xatırlayırlar.
Onlar həmçinin ev tikililərində ağac materiallarının,
xış, boyunduruq, vəl kimi kənd
təsərrüfatı alətlərinin
hazırlanmasının mahir
ustaları olublar. Sərrac Novruz Abbasovun düzəltdiyi yəhər və yüyənlərin şöhrəti
Talıstandan kənarda
da məşhur idi.
Bütün Azərbaycanda olduğu kimi, burada da
toy mərasimi bir neçə mərhələdən
- «qızbəyənmə», «elçilik», «nişan», «paltarbiçmə», «xınayaxdı»,
toy şənliyi və
«gəlingörmə»dən ibarətdir.
Adətən qızı oğlanın valideynləri və yaxın qohumları görüb bəyənər,
sonra elçilik edilərdi. Adət üzrə elçilər
şirniyyat, çay,
qəndlə doldurulmuş
zənbil və bir xoruz aparmaqla
elçiliyə gedərdilər.
Elçiləri qarşılayan
qız evi bu şeyləri evlərində müəyyən
müddət saxlayar, lakin əl vurmazdılar.
Bu həm də sınaq müddəti adlanırdı. Həmin müddət ərzində
qız evi də oğlanın ailəsi haqqında məlumat toplayar, bu barədə yaxın qohumları ilə məsləhətləşərdilər.
Əgər qız evində razılıq olardısa zənbil açılar, xoruz kəsilərdi. Razılıq
olmadıqda isə oğlan evindən bir nəfəri çağırar, zənbil
və xoruzu geri qaytarardılar (Yəqin ki, «xoruzunu qoltuğuna vermək» məsəli də buradan yaraıb).
Hər iki ailə arasında
razılıq əldə
edildikdən sonra nişan mərasimi həyata keçirilərdi.
Nişan məclisi üçün oğlan evindən ərzaq göndərilər, qıza
yaylıq və nişan üzüyü, şirniyyat xonçası
aparılardı. Gənclərin
nişanlı olduğu
müddətdə oğlan
evindən qız evinə bayram günlərində (Ramazan,
Qurban bayramları) bayramlıq xonçaları
göndərilərdi. Qız
evindən də oğlan evinə xonça gətirilərdi.
«Paltarbiçmə»
mərasimi qız evində keçirilirdi.
Bu məclisin iştirakçıları
yalnız qadınlar olurdular. Məclisin ərzaq və şirniyyatını oğlan
evi göndərərdi.
Məclis iştirakçılarına yemək
verildikdən sonra oğlan evindən qız üçün gətirilən paltarlar və zinət şeyləri nümayiş
etdirilərdi. Bunu oğlan evinin nümayəndələrindən biri həyata keçirirdi. O, əvvəlcə
parçalardan birini götürərək «qayçı
kəsmir» deyər və bununla da ona xələt
verilməsinə işarə
edərdi. Qızın
anası həmin qadına xələt (hədiyyə, pul) verdikdən sonra paltarları oturanlara nümayiş etdirərdi.
Qadın bu əşyaları nümayiş
etdirərkən (məsələn,
bu qızın sırğası) uca səslə çağırar,
yerdə oturanlar isə «Allah mübarək
eləsin» deyərək
alqış edərdilər.
Qız üçün gətirilən
hədiyyələr nümayiş
etdirildikdən sonra valideynlər, qardaş-bacılar
və yaxın qohumlar üçün gətirilən hədiyyələr
göstərilərdi. Bundan
sonra məclisə dəvət olunan qadınlar öz hədiyyələrini, yaxud
pul verərdilər. Qadın həmin hədiyyələri və
pulun miqdarını uca səslə elan edər və «subaylarınıza qismət olsun» deyərdi. Hədiyyələrin
arasında elə əşyalar da olurdu ki, qız
bunları cehiz kimi ər evinə
apara bilərdi. Bunların arasında xalça-palaz, süfrə,
yorğan, döşək,
yastıq, parça və s. olurdu ki, bunu da
«cehizüstü» adlandırırdılar.
Məclisin sonunda evlərinə qayıdan qadınlara parçadan tikilmiş kiçik torbalarda oğlan evindən göndərilmiş
şirniyyatlar paylanardı.
«Xınayaxdı»
mərasimi də qız evində keçirilən qadın məclisidir. Adətən
həmin məclisdə
cavan qız və gəlinlər iştirak edirdilər. Çox zaman xınayaxdı məclisini
musiqiçilərin iştirakı
ilə keçirirdilər.
Lakin buradakı musiqiçilər də mütləq qadınlardan
olmalı idi. Xınayaxdı məclisində
qız və gəlinlər şənlənər,
yemək yeyər, sonra isə oğlan evindən qız evinə göndərilən xınadan
əllərinə yaxardılar.
Xınayaxdı məclisində
də qız üçün hədiyyələr
yığılardı. Xınayaxdı
məclisində gətirilən
xınanı oğlan
evinin nümayəndəsi
böyük bir qabda isladar və
gəlinin, o cümlədən
iştirakçıların əllərinə yaxardı.
Xınanı isladan nümayəndəyə qız
evindən hədiyyə
bağışlanardı. İsladılmış
xınanın bir hissəsi də oğlan evinə göndərilər, orada da hər kəs
əlinə xına yaxardı.
Toyun sonrakı mərhələsi
gəlinin bəy evinə aparılması idi. Bu zaman oğlan
evinin ağsaqqalları
qız evinə gələr, toy üçün
lazım olan ərzaq və şirniyyatın miqdarını
müəyyənləşdirərdilər.
Bu «kəsəmət» adlandırılırdı.
Çox zaman kəsəmət kəsilərkən
oğlan evi tələb olunan ərzaq və şirniyyatın dəyərini
pulla qız evinə ödəyir, qız evi bu
ərzaqların alınmasını
öz öhdəsinə
götürürdü. Toy mərasimi toya dəvətlə başlanırdı.
Dəvəti «çağırışçı»
edirdi. Adətən çağırışçını uca səsli adamlardan seçirdilər.
Çağırışçı qoluna qırmızı yaylıq bağlayaraq bütün kəndi gəzər və toyun tarixini çatdırardı. Toy sahibinə
qohum olan dəvətlilər isə
çağırışçıya pul verib qoluna
kəlağayıdan xələt
bağlayar, yaxud dəsmal, köynək, corab hədiyyə edərdilər.
Toyun başlamasını isə
musiqiçilər kəndin
uca bir yerinə
çıxıb musiqi
ifa etməklə bildirirdilər.
Gəlinin bəy evinə aparılması ərəfəsində
icra edilən adətlər də maraq doğurur. Gəlini bəzəyən
qadın onun örpəyinin altından
başına bir hədiyyə qoyurdu. Bu hədiyyə gəlinin belini qırmızı yaylıqla bağlayana (bəyin qardaşı, atası, dayısı) çatırdı. Adətə
görə, gəlinin
belini bağlayan şəxs hədiyyəni
götürər, əvəzində
isə pul verərdi. Gəlini evdən çıxaran zaman başının üstündə şirin
çörəyi kəsib
iki yerə bölür, bir hissəsini gəlinin qoltuğuna verir, bir hissəsini isə evdə saxlayırdılar. Bu, gəlinə
«sənin payın verildi, ruzini ər evində qazanmalısan» məna yozumu kəsb edirdi.
Gəlin bəyin evinə daxil olarkən
su ilə bağlı ayin icra edərdi. Bəzi bölgələrdən
fərqli olaraq Talıstanda qapının kandarına saxsı əşya
yox, su ilə dolu qab qoyulardı. Əgər başqa bölgələrdə
gəlin saxsıdan olan əşyanı ayağı ilə
vurub sındırırdısa, bundan fərqli olaraq
Talıstanda gəlin kandardakı su ilə dolu qabı
ayağı ilə vurub dağıtmalı, bununla da öz
«hökmünü göstərməli» idi. Gəlin evə
daxil olanda isə onu qayınatası qarşılayar,
imkanı daxilində ona ya inək, qoyun və yaxud
bağındakı bar ağaclarının birindən hədiyyə
boyun olardı. Gəlinin qucağına oğlan
uşağını əyləşdirməklə çoxlu
oğlan övladı olmasını arzulayardılar.
Gəlinin cehizinə sandıq,
yorğan-döşək, xalça-palaz, yastıq, qab-qacaq, hətta
inək, qoyun da daxil idi. Cehizlə bərabər bəy evinə
xonçalarda yağlı şirin fətir göndərilərdi.
Fətir üç gündən sonra ər evində
keçirilən «gəlin görməsi» mərasimində kəsilib
süfrəyə qoyulurdu. Bu məclisdə də fətiri
doğrayana hədiyyə verilərdi. 40 gündən sonra gəlinin
atası evi onu əri və digər ailə üzvləri ilə
birlikdə qonaq çağırıb «ayaqaçdı» edər
və hədiyyələrlə yola salardı.
Talıstandakı toy məclislərini
musiqisiz və aşıqsız təsəvvür etmək
qeyri-mümkündür. Musiqi və aşıq məclisi ilə
keçən toylar hətta üç gün davam edərdi.
Sonradan yaranmış bəzi adətlər istisna olmaqla
Talıstanda toy mərasimləri indi də ənənəvi
toylar kimi keçirilir.
Solmaz
Məhərrəmova,
Adilxan Bayramov
Mədəniyyət.-
2010.- 12 noyabr.- S. 13.