Musiqiyə həsr olunmuş həyat

 

   Faiq Mustafayev - 80

        

   Əməkdar incəsənət xadimi, dirijor Faiq Mustafayev klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğatçısı kimi musiqi tariximizdə layiqli bir yer tutmuş sənətkarlarımızdandır. On beş il əvvəl görmə qabiliyyətini itirən və hazırda səhhətində ciddi problemlər yaşayan qocaman sənətkarın bu günlərdə 80 yaşı tamam oldu. Bu münasibətlə hörmətli dirijorumuzun yaradıcılıq həyatına nəzər salmaq istərdik.

     

   Faiq Mustafayev 1930-cu il oktyabrın 23-də şamaxılı tanınmış və alicənab insan Hacı Naim Mustafayevin ailəsində dünyaya gəlib. Hələ yeniyetmə dövründə incəsənətə və xüsusən teatr sənətinə maraq göstərir, təhsil aldığı 172 nömrəli məktəbin dram dərnəyinə üzv yazılır. Burada Faiqin aktyorluq qabiliyyətini görən aktrisa Rəhilə Məlikova onun Gənc Tamaşaçılar Teatrına aktyor kimi qəbuluna kömək edir. Sonra səhnə yaradıcılığına məhəbbət Faiq Mustafayevi Teatr İnstitutuna gətirir. Aktyorluq şöbəsinin tələbəsi olaraq o, eyni zamanda Akademik Dram Teatrında əmək fəaliyyətinə başlayır.

   Bununla yanaşı, hərtərəfli istedadı onu hələ uşaqlıq illərində musiqi sənətinə də meylləndirmişdi. Yaddaşında indi də uşaqlıq illərində evlərində səslənən musiqi və xalq mahnıları canlanır. Faiqin bacıları Güllü (Azərbaycanın Xalq rəssamı) və Tutu, qardaşı Ramiz (Xalq artisti, bəstəkar) pianinoda xalq mahnıları, muğamları ifa edər, oxuyardılar.

   Faiqin püxtələşməsində, gələcək həyat yolunun seçimində təbii olaraq, qardaşı Ramizin çox böyük təsiri vardı. Dünyasını dəyişən tanınmış bəstəkarımız Ramiz Mustafayev də sənətə Gənc Tamaşaçılar Teatrının və Dram Teatrının aktyoru olaraq başlamış, lakin daxilindəki musiqi potensialı üstün gələrək onu bəstəkarlığa, dirijorluğa sövq etmişdi. İçərişəhərdəki evlərinə tez-tez Ramizin bəstəkar və aktyor dostları gələrdilər, musiqi və teatr sənəti haqqında müqayisəli söhbətlər aparar, yeni musiqi əsərlərini ifa edərdilər.

   Bu görüşlər zamanı Faiq gələcəyin görkəmli musiqiçiləri Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Musa Mirzəyev, Arif Məlikovla ünsiyyət qurur və onların əsərlərinin bəlkə də ilk dinləyici olurdu.

   Təbii olaraq bu musiqi mühiti, Azərbaycan ziyalıları, aktyor və ifaçılarla tanışlıq Faiqin musiqiçi kimi formalaşmasına böyük təsir göstərib. Onu da deyək ki, məktəb illərində tez-tez filarmoniyanın simfonik konsertlərinin bütün məşqlərini dinləməsi onun musiqi marağını artırıb, dirijor sənətinə böyük həvəs oyadıb. Filarmoniyanın zalında Çaykovskinin VI və Bethovenin V simfoniyalarını dinləyəndə Faiqin dərin həyəcan hissləri və dirijorluq təqlidləri hafizəsində silinməz təəssürat olaraq qalır. O günlərdə Faiq ağlına da gətirə bilməzdi ki, bir neçə il keçəndən sonra musiqiyə olan həvəsi onu dirijor vəzifəsinə gətirəcək və böyük ustad Niyazi ilə birlikdə çalışma imkanı verəcək.

   Musiqi sənətinə dərin meyli Teatr İnstitutunda oxuyan Faiq Mustafayevi Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun qaboy sinfinə gətirir. Texnikumda ona dərs verən müəllimlərdən (B.Sadıxbəyəv və V.Knyazkov) peşəkar musiqinin sirlərini öyrənir. Çalğı alətinə olan maraq Faiqin vokal istedadını kölgədə qoymur və 1952-ci ildə bəstəkar-dirijor C.Cahangirovun rəhbərliyi altında Azərbaycan radiosunun xor kollektivinə xorist kimi qəbul olunur.

   Beləliklə, Faiq teatr sənətindən musiqi sənətinə keçir. Musiqi texnikumunda nəzəri hazırlıq, qaboy alətində bacarıqlı ifaçılığı, xorda olan fəaliyyəti Faiqin gələcək hərtərəfli musiqi inkişafında müstəsna rol oynamışdı. Lakin onu uşaqlıq illərindən ən çox maraqlandıran dirijorluq sənəti idi.

   Bu maraq Faiqi 1956-cı ildə Dövlət Konservatoriyasına gətirir və burada professor C.Cahangirovun xor-dirijorluq sinfinə daxil olur. Konservatoriyanı 1962-ci ildə müvəffəqiyyətlə bitirəndən sonra görkəmli dirijor Niyazinin köməyi ilə Dövlət Filarmoniyasının orkestrinə dirijor kimi işə qəbul olunur. Onu da deyək ki, Faiqin həyatında Niyazinin çox böyük əməyi və rolu olub. Məşqlərdə Faiq diqqətlə onun ifaçılıq qabiliyyətini izləyir, bir çox şeyləri ondan öyrənir və böyük maestronun vasitəsi ilə bir çox klassik, müasir və Azərbaycan bəstəkarlarının əsərlərini dərindən mənimsəyir.

   Gənc musiqiçi öz peşəkar sənətini təkmilləşdirməsi üçün 1969-1971 illərdə Moskvaya gedir və burada görkəmli musiqiçi-dirijor Q.Rojdestvenskinin rəhbərliyi altında dirijorluq təcrübəsi keçir.

   Sənətkar bu barədə belə deyir: “Moskvada oxumaq mənə çox şey verdi, mən sanki yeni bir konservatoriya bitirdim. Moskvanın zəngin musiqi həyatı və görkəmli dirijor Q.Rojdectvenskiy ilə kontaktda olmağım mənim üçün çox böyük xoşbəxtlik oldu”.

   Bakıya döndükdən sonra o yenə də filarmoniyada işini davam edir.

   Faiq Mustafayevi bir dirijor kimi fərqləndirən əsas cəhət musiqiyə olan böyük sevgi, zəhmətkeşlik və öz sənətini daima inkişaf etdirmək cəhdi idi. Gənc dirijor müxtəlif dövrlərin bəstəkarlarına daima müraciət edir və eyni zamanda müxtəlif janrların interpretatoru kimi çıxış edir. Kamera əsərlərindən tutmuş böyük simfonik partituralar onun repertuar siyahısında olub.

   Faiq Mustafayevin uğurlu ifaçılıq premyeraları sırasında Bethovenin 1,3 ¹ konsertlərini, eləcə də Listin, Qriqin əsərlərinin ifasını qeyd etmək olar. Listin “Prelüdlərində” qəhrəman cəsarətini Faiq parlaq şəkildə açıqlaya bilmişdi.

   S.Prokofyevin “Petya və Qurd” simfonik əsərində isə “teatrallıq” spesifikasını dirijor xüsusi olaraq nəzərə çapdırmışdı.

   Faiq Mustafayev 1962-1998-ci illərdə Dövlət Filarmoniyasında çalışdığı müddətdə bir çox yerli və xarici ifaçılara dirijorluq edib. Tanınmış ifaçılar öz premyera ifalarını Faiq Mustafayevin rəhbərliyi altında ediblər. Faiq Mustafayev A.Əliyev, S.Qəniyev, R.Atakişiyev, L.İmanov, F.Bədəlbəyli, Z.Adıgözəlzadə, M.Bədirov, S.Aslanova (Azərbaycan), V.Pletnev, N.Petrov, A.Skavronskiy, E.Qilels, S.Brumberq, S.Kazalupova, N.Ştarkman, O.Jukova, İ.Qavrilin (Rusiya) və bir çox başqa istedadlı ifaçıların dirijoru olub.

   Onu da deyək ki, bəzən Niyazi səhhəti ilə bağlı pult arxasına çıxa bilmirdi, o zaman Faiq Mustafayev böyük maestronu bacarıqla əvəz edirdi. O, Azərbaycan bəstəkarlarının əsərlərinin əsl təbliğatçısı kimi də çıxış edirdi. Ü.Hacıbəylinin, Q.Qarayevin, S.Hacıbəyovun, F.Əmirovun, C.Cahanqirovun, A.Rzayevin, R.Hacıyevin, H.Xanməmmədovun, R.Mustafayevin, Ş.Axundovanın və başqalarının əsərlərini böyük ilhamla ifa edib. Faiq Mustafayev dirijor traktovkasında Azərbaycan musiqisinin spesifik xüsusiyyətlərini çox yaxşı duyub və dinləyicilərə çatdıra bilib.

   İstedadlı dirijor bəzi opera tamaşalarına da dirijorluq edib. Məsələn, 70-ci illərin sonunda F.Mustafayev Ramiz Mustafayevin “Vaqif”, Şəfiqə Axundovanın “ Qəlin qayası” operalarının dirijoru olub. Doğrudan da Faiq Mustafayevin ifaçılıq repertuarı çox genişdir. O, bir çox konsert mövsümləri keçirib və hər bir konsertdə yeni əsərlərlə repertuarını zənginləşdirib. Müəllif ideyasını dərindən duyan dirijor hər bir partituranı düzgün tərzdə açıqlaya bilirdi.

   Faiq Mustafayevin dirijorluq fəaliyyətinin ən dəyərli sahəsi uşaqlarla tərtib etdiyi konsertlərlə əlaqədardır. Uzun illər ərzində F.Mustafayev yeniyetmələrlə işləyib, onları orkestrlə çıxış etməyə hazırlayıb. O, çox sadə, yumşaq xasiyyətli insan olaraq uşaqları sevir. Məlumdur ki, uşaqlarla işləmək çox çətindir, onları dinləmək lazımdır və onlarda səbirlə orkestrə sevgi oyatmaq lazımdır. F.Mustafayev bu çətin işin öhdəsindən bacarıqla gəlib. Elə bu gözəl insani keyfiyyətlərinə görə, Faiq Mustafayev musiqi məktəblərinin müəllimlərinin, eləcə də tələbələrin böyük hörmətini qazanıb. Uzun illər Bakı musiqi məktəblərinin bütün hesabat konsertləri Faiq Mustafayevin orkestr rəhbərliyi altında keçib.

   Dahi rus yazıçısı L.Tolstoy yazırdı: “Sənət əsərinin insanların xoşuna gəlməsi üçün, bu əsər xeyirxah hisslər ilə dolu olmalıdır, bu əsərdə müəllifin ürək çırpıntısı hiss olunmalıdır”.

   Faiq Mustafayev deyir: “Mən dirijorluq işimin əsas məqsədini musiqi sənətinin gözəl əsərlərinin təbliğində görürəm”.

   Düzdür, səhhəti ilə əlaqədar Faiq Mustafayev artıq 15 il bundan öncə təqaüdə çıxaraq sevimli sənətindən ayrılıb. Lakin Azərbaycan Televiziyası və Radiosunun fondunda dirijorun Azərbaycan və dünya klassiklərindən ifa etdiyi əsərlərin çoxlu lent yazıları qalmaqdadır.

   Qocaman sənətkarımızı yubiley münasibəti ilə təbrik edir, ona cansağlığı və daima həyatsevərlik arzulayıram.

  

 

   Zemfira Qafarova,

   Musiqişünas

 

   Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 12.