Azərbaycanın xaricdə ilk Milli Sərgisi uğurla keçib

 

    Ziyarətçilər ölkəmizlə yaxından maraqlanıblar

  

   Xəbər verdiyimiz kimi, noyabrın 5-dən 7-dək Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Milli Sərgisi keçirilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi və xaricdə ilk dəfə keçirilən Azərbaycan Milli Sərgisi uğurla başa çatıb.

     

   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, sərgidə ölkəmiz geniş nümayəndə heyəti ilə təmsil olunub. Heyətdə İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Səhiyyə, Nəqliyyat, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları, YanacaqEnergetika, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Neft Şirkətinin, Heydər Əliyev Fondunun təmsilçiləri yer alıb.

   4550 kvadratmetr ərazidə yerləşən sərgidə ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, yeyinti sənayesi, nəqliyyat, inşaat, kənd təsərrüfatı, turizm, mədəniyyət, xalq tətbiqi sənəti, ekologiya, səhiyyə, elm, təhsil, idman və digər sahələri əhatə edən 170-dən artıq müəssisənin 1750 çeşiddə məhsulu yer alıb. Onu da qeyd etmək lazımdır ki, sərgidə ancaq Bakıda deyil, Naxçıvan, Lənkəran, Tovuz və digər şəhər və rayonlarımızda da istehsal edilmiş məhsullar nümayiş olunurdu.

   Özbəkistanın baş naziri Şavqat Mirziyayev, hökumət üzvləri, səfirliklərin əməkdaşları, Daşkənddəki və Özbəkistanın vilayətlərindəki müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun üzvləri sərgiyə böyük maraq göstəriblər.

   Sərgidə Azərbaycanın bir sıra şirkət və təşkilatı Özbəkistan müəssisələrinin rəhbərləri, adamları ilə əməkdaşlığa dair razılıq əldə edib. Bu əməkdaşlıq informasiya-kommunikasiya texnologiyaları, qida sənayesi, turizm, nəqliyyat, tikinti sektorus. istiqamətlərini əhatə edir. Azərbaycan məhsullarının Mərkəzi Asiya bazarına ixracının təşviq olunması məqsədilə iki ölkənin sahibkarları arasında ikitərəfli işgüzar görüşlər keçirilib. Sərginin davam etdiyi günlərdə Azərbaycanın sahəsini minlərlə insan ziyarət edib.

   Sərgi çərçivəsində həmçinin bir sıra mədəni tədbirlər keçirilib. Mədəniyyət və incəsənət ustalarımızın çıxışı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Bundan başqa, Azərbaycanın ekspozisiya sahəsini ziyarət edənlərə və iştirakçılara ölkəmizin tarixi mədəniyyət abidələrini, istirahət məkanlarını və ümumilikdə turizm potensialını əks etdirən müxtəlif reklam-çap materialları, jurnallar, broşürlər, disklər və digər təşviqat materialları paylanıb.

  

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 9.