Bakı
Beynəlxalq Teatr Konfransı: təəssürat
və rəylər
Məryəm
Əlizadə, teatrşünas: “Konfrans Şərq-Qərb mədəniyyətləri
arasında dialoqu daha da dərinləşdirəcək”
- Bakı Beynəlxalq Teatr
Konfransının bir mühüm əhəmiyyəti də
ondan ibarətdir ki, bu tədbir sayəsində Şərq-Qərb
mədəniyyətləri arasında dialoq daha da dərinləşəcək.
Çünki bu möhtəşəm tədbirdə çox
nüfuzlu teatr xadimləri, teatr tənqidçiləri,
rejissorlar, aktyorlar, prodüserlər, bir sözlə teatr
insanları iştirak etdilər, mən hesab edirəm ki, bu
konfransın keçirilməsi teatr mühitinin fəallaşmasına
xidmət edəcək.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 18 may 2009 tarixli sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı çərçivəsində
gerçəkləşdirilən konfransın yüksək səviyyədə
təşkilinə görə hörmətli mədəniyyət
və turizm nazirinə, bu işdə əməyi, zəhməti
olan bütün insanlara teatr icmamız adından səmimi təşəkkürümü
bildirirəm”.
Əli
Əmirli, dramaturq: “Teatr insanları bir-birlərini
tanımalıdırlar”
Bakıda beynəlxalq teatr
konfransının keçirilməsi çox əlamətdar
bir hadisədir. Konfransda dünyanın müxtəlif ölkələrindən
gələn teatrşünasların, dramaturqların,
rejissorların çıxışları bizə imkan verir
ki, dünya teatrlarının nə ilə nəfəs
aldığını bilək. Teatr insanları bir-birlərini
tanımalıdırlar. Yoxsa öz şirəmizdə
qaynamaqla uğurlar qazana bilmərik. Bizə yaxın və hətta
uzaq ölkələrdə teatr xadimlərinin nə
düşündüyünü bilməliyik. Əgər
qonşuda görməsən, onu özündə tətbiq edə
bilməzsən. Bununla həm də özümüzün
hansı səviyyədə olduğunu bilməliyik.
Dünyanın tanınmış teatr mütəxəssisləri
ilə bizim teatr xadimlərinin
çıxışlarını bir yerdə görmək və
müqayisə etmək maraqlı idi.
Dramaturgiya öz sahəm olduğu üçün mənim üçün maraqlı idi ki, dünya dramaturgiyasında bu gün nələr var, müasir dramaturqlar nə düşünürlər? Çünki bu gün dünya incəsənətində mənəvi dəyərlərdən uzaqlaşma müşahidə olunur. Bu uzaqlaşma məni də həmişə narahat edir, ona görə də bu suala cavab axtarıram ki, dramaturgiyada necə edək ki, həm mənəvi dəyərlər saxlanılsın, həm də o öz formasına, məzmununa görə müasir olsun. Çalışmaq lazımdır ki, tamaşaçı teatr səhnəsində öz həyatını, taleyini, fikirlərini bədii şəkildə görə, duya bilsin. Biz bədii həqiqəti tamaşaçıya göstərməliyik. Bu mənada belə bir teatr konfransının keçirilməsi, teatr insanlarının bir araya gəlməsi mühüm hadisədir. Necə deyirlər, teatr insanları da bir qan qrupuna malikdirlər. Ona görə də bir-birini görməli, danışmalı, bugünkü teatrın səviyyəsi barədə bir qeybət də eləməlidirlər. 2500 ildən çox tarixi olan teatr həmişə var və olacaq, çünki insan oyun çıxarmağı sevir.
Təranə Vahid
Mədəniyət.-
2010.- 12 noyabr.- S. 6.