Tuncər Cücənoğlu:
«Azərbaycan dünyanın ulduzlarından biri
olacaq»
2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında tanınmış türk dramaturqu Tuncər
Cücənoğlunun «Uçqun» əsəri tamaşaya
qoyuldu. Əgər «Uçqun»
teatr binasının təmirə
bağlandığı dönəmdə deyil,
tamaşaların doğma səhnədə
müntəzəm oynanıldığı zamanda təhvil verilsəydi, yəqin ki, bu əsər ən
azı, həyata, insanlara münasibətinə
görə daha populyar
olardı. Hər halda bizim
ana teatrın repertuarındakı bu əsərin öz layiqli şöhrətini tapmaq
imkanı hələ tükənməyib.
«Uçqun»un müəllifi Tuncər Cücənoğlunu Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları arasında görəndə onunla ayaqüstü də olsa, söhbət etmək fürsətini qaçırmadıq.
- Tuncər bəy, sizi Bakıda xoş gördük.
- Sağ olun, bu, mənim Bakıya ikinci gəlişimdir, birinci dəfə «Uçqun»un premyerasında gəlmişdim. İndi də konfrans iştirakçısıyam.
- Sizcə, teatr problemlərinə həsr olunmuş belə bir konfransın əhəmiyyəti nədədir?
- Əvvəlcə
onu deyim ki, belə bir konfransın
keçirilməsi çox yaxşı fikirdir. Görün, haralardan, Amerikadan ta Çinədək nə qədər insan Bakıya gəlib. Azərbaycanın dövlət
müstəqilliyini əldə
edəndən sonra teatrın, bütövlükdə
mədəniyyətin tam qüvvəsini
toplayıb inkişaf etməsi üçün
15-20 il çox
qısa müddətdir.
İnkişafdan ötrü vaxt
lazımdır. Üstəlik, sovet dönəmində müttəfiq respublikaların
milli mədəniyyəti
birlikdə, bir-birindən
qidalanaraq inkişaf edirdi, amma ittifaq
dağılandan sonra bu münasibətlər də kəsildi. İndi sizin Mədəniyyət və Turizm Nazirliyinizin keçirdiyi konfrans həm o dövrün itirilmiş mədəni əlaqələrini
bərpa etmək, həm də bu əlaqələri genişləndirmək məqsədi
daşıyır. Azərbaycan özünün
necə mədəni ölkə olduğunu dünyaya göstərməklə
siyasətdəki uğurlarını
artırır. Bu, çox düzgün yoldur. Ölkələr
arasında münasibətləri
genişləndirənlər, siyasi anlaşmalara yol açanlar mədəniyyətlə bağlı
olanlardır!
- Elədir. Bəs Azərbaycan mədəniyyəti,
insanları barədə
nələri deyərsiniz?
- Sizin ölkəniz savadlı insanların ölkəsidir.
Əhalinin çoxu mükəmməl
təhsil görüb.
Bu ölkədə klassik musiqini dinləyən, bir neçə dil bilən insanlar çoxdur. Zatən Azərbaycan çox
güclü bir ölkədir, amma daha da güclənəcək,
dünyanın ulduzlarından
biri olacaq.
- Tuncər bəy, Bakıya ilk gəlişinizdə yalnız
öz əsərinizin
tamaşasını seyr
etmişdiniz, amma bu dəfə çağdaş Azərbaycan
teatrının siması
ilə tanışlıq
fürsətiniz oldu. Bir dramaturq kimi bizim teatrı necə gördünüz?
- Bakıda bir neçə tamaşaya baxdım. Bir də Azərbaycan teatrı Türkiyədə
qastrolda olarkən, festivallarda çıxış
edərkən tamaşaları
seyr etmişdim. Azərbaycan teatrı rus teatr məktəbi, Stanislavski
məktəbi üzərində
qurulub. Bu məktəbi isə bütün dünya qəbul edir. Mən inanıram ki, Azərbaycan teatrı belə möhkəm təməl üstündə
daha da inkişaf
edəcək.
Söhbətləşdi:
Gülcahan Mirməmməd
Mədəniyyət.-
2010.- 12 noyabr.- S. 6.