Azərbaycanda bir nağılla rastlaşdığınızı söyləyin: o nağılın adı teatrdır!”

 

   Bakı Beynəlxalq Teatr Konfransı mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevin maraqlı çıxışı ilə başa çatdı

  

   Hörmətli qonaqlar, əziz dostlar, teatrsevərlər, mənim həmvətənlərim!

   Hər bir başlanğıcın nisbiolsa, bir sonu olurbu gün bu son haqqında söz söyləməmişdən öncə, Azərbaycan teatrı haqqında və bütövlükdə iki gün ərzində teatr prosesi ilə bağlı eşitdiyim bəzi məqamlara münasibətimi qısaca da olsa, bir ev yiyəsi qismində, bildirmək istəyirəm.

   Mən lap uşaqlığımı - 3-4 yaşlarımı xatırlayıram. Bizim evdə ağlım kəsəndən iki söz səslənirdi. Bunun biri nağıl idi, çünki hər gün yatmamışdan öncə uzun illər əvvəl dünyasını dəyişmiş rəhmətlik nənəm mənə və bacı-qardaşlarıma maraqlı nağıllar söyləyərdi. İkinci söz isə teatr idi. Nənəm bizə nağılı yatmamışdan çox-çox əvvəl danışmağa başlayırdı, çünki valideynlərim teatra gedirdilər. Onlar qayıtdıqdan sonra teatrda gördüklərini saatlarla nənəmə danışardılar. Bizuşaq ağlı ilə bunu bir nağıl kimi qəbul edib bəzən inanardıq, bəzən heyrətlənərdik. Hətta 6-7 yaşımda evdə bacı və qardaşımla birlikdə teatrabənzər oyunlar çıxarırdıq. Böyük teatrla ilk tanışlığım isə 1969-cu ildə Gənc Tamaşaçılar Teatrında canlı tamaşaya baxdığım zaman oldu.

   Xatirimdədir, 1972-ci ildə bizi təhsil aldığımız orta məktəbdən elə səhnəsində dayandığım bu teatra «Aydın» tamaşasına baxmağa gətirmişdilər. Onda mən uşaqlığımı xatırladım. Bu zalda oturduğum zaman bu tamaşa da məndə bir nağıl təəssüratı yaratdı. Sonralar bu nağılın davamı oldu. 1980-ci ildə bu teatra işləməyə gəldim.

   Bir müddət keçdi, vəzifələr böyüdü, mən müxtəlif teatrlarda işlədim. 1987-ci ildə bu teatra artıq teatrın rəhbərlərindən biri kimi - sərəncamçı direktor qismində qayıtdım. Onda teatr yaxşı günlərini yaşamırdı. Qorbaçovun yenidənqurmasının bütün Sovetlər Birliyində baş verən böhranı artıq teatra da gəlib çıxmışdı. Zal boş idi, səhnə dolu. Səhnədə oynayan aktyorların sayı tamaşa salonunda əyləşən tamaşaçıların sayından bəzən çox olurdu. Mən fikirləşdim ki, nə edə bilərik. Bu gün primitiv görünə bilən, amma o dövr üçün vacib olan 4 məsələni həll etdik. Yenə söyləyirəm, bu gün sizlərə ola bilər gülməli görünsün, ilk növbədə teatra uşaqla gələn insanlar geri qayıtmasınlar deyə burada bir uşaq otağı düzəltdik. Bunu uşaqlarını evdə yanında qoymağa kimsəsi olmayan, amma qəlbində teatra sevgisi olanbu böyük nağıla inanan adamların geri qayıtmamaları üçün etdik.

   Bu səhnə uzun müddət idi ki, gül-çiçəyə həsrət qalmışdı və bu təkcə Azərbaycanda belə deyildi. Mən artıq bu illər ərzində Rus Dram Teatrında direktor müavini işləmişdim, ölkənin bir çox teatrlarında qastrol səfərlərində olmuşdum. Görürdüm ki, aktyorlar gül almaqdan çox pərdənin tezliklə qapanmasını və evə qaçmaq vaxtını gözləyirlər. Onları artıq tamaşaçı alqışları və gül-çiçək maraqlandırmırdı. Çünki evdə onları daha ciddi problemlər gözləyirdi. Ona görə də bu teatrın foyesində kiçik bir gül dükanı açdıq və insanlar buradan gül alıb tamaşadan sonra sənət adamlarına bağışlamağa başladılar. Aktyorlarda bir özünəinam, sevinc hissi, gülə-çiçəyə bir məhəbbət yaranmağa başladı. Aktyorlar yaxşı oyun göstərib gül almaq ümidi ilə tamaşanın sonunu gözləməyə başladılar. Bakının uzaq kəndlərində yaşayan insanları axşamlar tamaşadan sonra evlərinə daşımaq üçün şəhər nəqliyyatı qiymətində, amma taksi funksiyasını yerinə yetirən 4 istiqamətdə ictimai avtobuslar təşkil etdik. Sonuncu foyedə bizim aktyorlarımızı, böyük sənətkarlarımızı tamaşaya gəlmiş teatrsevərlərlə birlikdə fotoşəkillərini çəkib onlara avtoqraf yazmaqla hədiyyə etmək məsələsini həll etdik. Nəticə bilirsinizoldu? 1988-ci ildə biz Gəncədə qastrol səfərində idik. Elan olundu ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağına layiq görülüb. Rəqəmlər inanılmazdı. Tamaşaçılar teatra üz tutdular, zal ağzına qədər doldu, uğurlu tamaşalar hazırlandı və bu tamaşalarda bir çox aktyorlar tanındılar, sevildilər.

   Bildiyiniz kimi ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyinin dağılması prosesi başlandı. Müstəqil dövlətlər yarandı. Suverenlik bizim ölkəmiz də daxil olmaqla, bəzi respublikalara qan bahasına başa gəldi. Beləliklə, teatrların qara günləri başladı. Uzun müddət teatr salonları isti tamaşaçı nəfəsinə həsrət qaldı. Bayaq çıxışçılardan biri katarsislə bağlı fikirlərini söylədi. Mən də bu fikirdəyəm ki, rampanın iki tərəfində üz-üzə əyləşmiş sizlə mənim dialoqumun baş tutması üçün mütləq bu təmizlənmə lazımdır. Əgər bu bizim içimizdən keçmirsə, deməli, teatr yoxdur.

   Ümumiyyətlə teatr nədir? Gözəl bina ola bilər, gözəl aktyorlar ola bilər, gözəl rejissordramaturji əsər ola bilər. Əgər tamaşaçı yerində deyilsə, artıq teatr yoxdur. Və yaxud gözəl tamaşaçı, teatr binası, aktyor ansamblı ola bilər, amma yaxşı rejissor yoxdursa, yenə də teatr yoxdur. Bu sadaladıqlarım varsa, amma istedadlı aktyorlar yoxdursa, yenə teatr yoxdur. Bunların hamısı varsa, amma musiqi yoxdursa, yaxud hər şey var, rəssam yoxdursa, yenə də teatr yoxdur. Bunların hamısı bütövlükdə varsa, aktyor təpədən-dırnağa qədər yaşadıqlarını rampadan keçirib zala ötürə bilirsə, deməli, təmizlənmə var. O, hayqırıb gülməlidir, ya ağlamalıdır, fərqi yoxdur, hər bir halda təmizlənmədən keçməlidir. Bax bu an o yuxu, nağıl, röya, bizim əlçatmaz düşüncələrimiz həqiqətə çevrilirbiz teatrın varlığına inanırıq.

   Zalda oturan hər kəs özünü səhnədəki qəhrəmanın və ya iştirakçının yerində hiss edir, yəni təmizlənir. Bu gün bir Azərbaycan teatrının yox, hesab edirəm ki, bütün dünya teatrının təmizlənməyə ehtiyacı var. Özü də nə qədər qəribə görünsə də, birinci növbədə teatrın özünün özündən təmizlənməyə ehtiyacı var. 20-ci əsrin sonlarında kosmos, raket, kompyuter, internet əsri teatra o qədər yeniliklər yüklədi ki, mədəniyyət və mədəniyyətin təchizatı olan teatr bunu qısa zamanda həzm edə bilmədi. Bəli, bunu həzm edən teatrlar da tapıldı, rejissor da! Amma dünya teatr prosesində inqilabi dəyişikliklər edə bilmədilər. Teatrın əbədi və əzəli bir yolu olub. O, özü-özündən qaynayıb, özü-özündən yaranıb. Teatrın əbədi qayəsi, həyati missiyası ondan ibarətdir ki, dahilər demiş, cəmiyyətdə baş verənləri inikas etsin, onun güzgüsü olsun. Teatr özü gəlib buna çıxmalıdır ki, bu gün bunu göstərməyə hazırdır, yoxsa yox.

   İndi Azərbaycan teatrı çox gözəl günlərini yaşayır desəm, yəqin ki, yanılmaram. Özünüz bəzi məqamları gördünüz. Bəli, problemlər dünya teatrlarında olduğu kimi, bizdə də mövcuddur. Mən burada bəzi rəqəmlər eşitdim. Məsələn, İngiltərə teatrlarında dotasiyanın miqdarı 30 faiz azalıb, başqa bir ölkədə daha çox azalır, digər ölkədə teatrlar artıq uzun illər dövlət dotasiyasından kənarlaşdırılıb və s.

   Mən hörmətli qonaqlarımızın diqqətinə bəzi faktları və məqamları çatdırmaq istəyirəm. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, 27 dövlət teatrının bütün xərcləri dövlətin üzərindədir. Bu gün Azərbaycan mədəniyyətinin xərcləri Azərbaycan dövlətinin üzərindədir. Bu gün Azərbaycanda bu əyləşdiyiniz bina kimi 5 teatr binası əsaslı təmirdən çıxıb, daha bir neçəsində bərpa və təmir işləri gedir. Bütün bunların hamısı dövlət hesabına edilir. Bu gün Azərbaycan teatrı dünyanın hər bir yerindən tanınmış sənət adamlarını - rejissorları, rəssamları, dramaturqları, dirijorları, baletmeysterləri, xormeysterləri ölkəmizə dəvət etməkdə maraqlıdır və mən sizlərin hamısını bu istiqamətdə əlbir işləməyə dəvət edirəm. Biz mədəniyyətimizin təbliğ və təşviq olunmasında, Azərbaycan teatr sənətinin uzun illər mürgüləmiş səhifələrinə yeni imzalar atmaq üçün sizlərlə və burada olmayan böyük sənətkarlarla birlikdə işləməyi arzu edirik. Bu mənada Azərbaycan mədəniyyəti hər bir xoş müdaxilə üçün açıqdır. Buyurub gələ və fəaliyyət göstərə bilərsiniz, eyni zamanda bizim teatrları dəvət edə bilərsiniz, aktyorlar seçə bilərsiniz. Yəni birgə fəaliyyət üçün biz açığıq.

   Teatrlarımızın təmirdən sonra bütün rahatlıqla təmin olunması tamaşaçıları yenidən bu sənət ocaqlarına qaytarıb. Əgər 6 il əvvəl teatra gələn tamaşaçıların sayı 700-780 min nəfər idisə, 2009-cu ilin göstəricilərinə görə, 27 dövlət teatrına 1 milyon 293 min 756 nəfər tamaşaçı gəlib. Bu çox böyük rəqəmdir. Bizim 9 milyonluq bir xalq olduğumuzubunun da 1 milyon nəfərinin qaçqınlıq şəraitində yaşadığını nəzərə alsaq, bu rəqəmlə qürur duymamaq mümkün deyil.

   Konfransdakı çıxışlarda da qeyd edildiyi kimi, bizim məmləkətdə dünyada analoqu olmayan 4 qaçqın teatrı var. Şuşa, İrəvan, AğdamFüzuli teatrları. İrəvan teatrı ilə bağlı bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Təbii ki, bu bir teatr konfransıdır, siyasi tədbir deyil. Mən siyasətə varmadan kiçik bir faktı iştirakçıların nəzərinə çatdırmaq istəyirəm. Teatr sənəti ilə məşğul olan peşəkarlar kimi hamınız bilirsiniz ki, teatr o məmləkətdə və o dildə yaranır ki, orada yerli əhali əhalinin mütləq çoxluğunu, bəzən 80-85, bəzən isə 90 faizini təşkil edir. Bu gün Azərbaycanda fəaliyyətini davam etdirən İrəvan Azərbaycan Dövlət Dram Teatrı 1878-ci ildə yaranıb. İrəvan indiki Ermənistanın paytaxtıdır. 1920-ci ilə qədər Azərbaycan torpağının tərkib hissəsi olan qədim İrəvan xanlığının mərkəzidir. Həmin İrəvan xanlığı qırmızı faşistlərin - SSRİ-nin 70 illik kommunizm kabusunun köməyi ilə Ermənistan dövlətinə çevrildikdən sonra, 1924-cü ildə həmin torpaqda erməni dilində Ermənistanın bugünkü Akademik Dram Teatrı yaradıldı. İndi bəsit bir sual qoyuram və məntiqi bir cavab istəyirəm: bu torpağın qədim sakinləri kimlər imiş - 1878-ci ildə orda Azərbaycan dilində, ana dilində teatr yaratmış azərbaycanlılar, yoxsa bolşeviklərin köməkliyi ilə yalnız 1924-cü ildə teatr yaradan ermənilər?

   İstedadlı sənətkar Tariyel Məmmədovun hazırladığı bu teatr portalına mənim gürcü dostlarım, litvalı həmkarım nazir müavini heyrət və təəccüblərini bildirirdilər. Mən də qürur duyurdum. Bunların hamısı nəyin nəticəsidir? Hesab edirəm ki, bugünkü müasir teatrın bütün gözəl atributlarla təmin olunması üçün dövlət teatra daim diqqət yetirməlidir. Əks halda teatr məhvə doğru gedər. Bu gün tam qürur hissi ilə deyirəm ki, Azərbaycanda dövlət, prezident, hakimiyyət orqanları teatra həmişə böyük diqqət yetiriblər.

   Mənim üçün teatr nağılı bu gündavam edir. Bu özünü nədə göstərir?

   Bu yaxınlarda qızım mənə zəng edib dedi ki, 5 yaşlı nəvəmlə Kukla Teatrına getmək istəyir, ancaq bilet tapa bilmir. Mən heyrətləndim. Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə telefon açıb hal-əhval tutduqdan sonra bildirdim ki, tamaşaya gəlmək istəyirəm. Oturmaq üçün yer problemi olduğuna görə o susdu. Həmin dəqiqə mənə cavab vermədi. Mən nəvəmlə teatra getdim və oradakı mənzərəni gözümlə gördüm.

   Uşaqkən mənim üçün başlanmış o ömür yolu, nağıl yolu bu gün nəvəmlə davam edir. Arzu edirəm ki, həm mənim, həm sizlərin nəvələri və dünyanın bütün uşaqları üçün çoxmərhələli bir teatr məktəbi mövcud olsun. Uşaqlar kukla teatrlarına, sonra gənclər teatrlarına, daha sonra sevib-seçdikləri akademik, drams. teatrlara getsinlər. Teatr yaşaması və inkişafı üçün zövqlü tamaşaçıya həmişə böyük ehtiyac hiss edir. Tamaşaçını tərbiyələndirmək isə biz teatrsevərlərdən və valideynlərdən asılıdır. Zira, biz hamımız valideynik, vətəndaşıq və öz ölkəmizin buya digər formada mədəniyyət daşıyıcılarıyıq.

   Son olaraq istəyirəm uzaq və yaxın 32 ölkədən Azərbaycana təşrif buyurmuş 70-ə yaxın nümayəndəni bir daha hörmətli nazirimiz cənab Əbülfəs Qarayev adından salamlayım, onlara öz hörmət və ehtiramımızı ifadə edim.

   Bəxtimizdən hava da gözəl keçdi. Bununla bahəm münasibətlər çox səmimi oldu, çıxışlar yaxşı quruldu. İnsanlar bu yüksək tribunadan həm Azərbaycanla, həm bu konfransla bağlı fikirlərini bildirdilər. Bütün bunların hamısı bizim üçün çox qiymətli idi. Hər hansı bir qüsur, hər hansı bir problem ya yanlışlıq oldusa, Bakı forumunun ilk dəfə keçirildiyini nəzərə almanızı xahiş edirəm. Çalışacağıq ki, 2012-ci ildə bizim gözəl Bakımızda sizlərin sizinlə gələn həmkarlarınızın iştirakı ilə keçirəcəyimiz foruma onlarla yox, yüzlərlə ölkə qatılsın, sənətçilərin sayı minlərlə olsun.

   Hər birinizə təşəkkür edirəm!

   Hər birinizə yaxşı yol deyirəm! Arzu edirəm ki, uçuşlarınız uğurlu olsun, Allah səmanızı açıq etsin. Məmləkətinizə, ölkənizə Azərbaycandan qucaq dolusu, günəşli, işıqlı, xeyirli, ruzili salamlar aparasınız. Teatrı sevən hər bir kəsə Azərbaycanda bir nağılla rastlaşdığınızı söyləyəsiniz. O nağılın adı teatrdır!

 

 

   Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 5.