Bakı
Beynəlxalq Teatr Konfransı başa çatdı
Noyabrın 10-da Bakı Beynəlxalq Teatr Konfransı
öz işini başa vurdu. İki gün davam edən
konfransda “Dünya teatr prosesi XXI əsrdə: problemlər,
perspektivlər və alternativlər” mövzusunda maraqlı
çıxışlar, fikirlər, təkliflər səsləndi.
Yekun qənaət isə belə oldu: teatr nağılı
heç vaxt bitməyəcək.
Konfransın ikinci günü ilk
plenar iclasın moderatorları İsrafil İsrafilov (Azərbaycan)
və Vlasta Smolyakova (Çexiya) idi. Əvvəlcə teatr
kostyumu və moda dizayneri İrina Krujilina məruzə ilə
çıxış etdi. O bildirdi ki, dünyada
texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə
kostyum dizaynına o qədər də ehtiyac qalmır: «Lakin
buna baxmayaraq dizaynerlər öz bilik və
bacarıqlarını müasir dövrə, texnologiyalara
uyğunlaşdırmalıdırlar. Tamaşa zamanı
personajlar, səhnə necə görünür? Bu, əlbəttə,
mühüm məsələdir. Digər məsələ hər
bir dizaynerin öz üzərində işləməsidir,
bacarığını daim təkmilləşdirməsidir.
Tarixi dövrləri səhnədə canlandıran
personajların geyimlərini hazırlamaq üçün moda
dizayneri zəngin məlumatlı olmalıdır. Mən
özüm səhnə paltarlarını hazırlayarkən rəngləri
harmoniya etməyi sevirəm».
Böyük Britaniyadan olani rejissor,
yazıçı-jurnalist, Beynəlxalq Teatr İnstitutunun
nümayəndəsi Nevil Şulman əvvəlcə konfransın
əhəmiyyətini vurğuladı: «Bu tədbirdə hər
gün həmkarlarımdan nə isə öyrənirəm. Mən
teatrı bir neçə sözlə ifadə edərdim: Dəyər,
əyləncə, təhsil və maariflənmə. Bir
sözlə, teatr hər bir xalqın tarixinin ayrılmaz tərkib
hissəsidir. İnsanların davranışına təsir
edir. Teatr həm də ölkələr arasında beynəlxalq
əlaqələri təmin edir və Azərbaycan bu sahədə
aktivdir».
Britaniyalı mütəxəssis
bir məqamı da vurğuladı ki, insanlar teatrı tərcüməsiz
də başa düşə bilirlər: «Mən özüm
xarici tamaşalara baxmağı sevirəm. Əgər rejissor
işi yaxşı olarsa, mənə tərcümə
lazım olmur və onu tərcüməsiz də başa
düşürəm. Bəzən maliyyə ucbatından
çətinliklər meydana çıxır. Amma
yaxşı tamaşa həmişə yaxşıdır”.
Çin Tədqiqat İnstitutu Mərkəzi
Dram Akademiyasının rəhbəri Lin Şin isə bildirdi
ki, biz hamımız problemlər haqqında
danışırıq və problemlərdən
çıxış yolu tapmaq üçün eyni zamanda daha
çox mənbələrə malik olmalıyıq:
«Çində teatr hələ qədim dövrdə mövcud
olub. Bu gün bizim teatrlar müxtəlif problemlərlə
üzləşirlər. Çin teatrları müasir
üsullarla da işləməyə üstünlük verirlər.
Məsələn, Pekində və Şanxayda aktyorlar
müasir üsullardan istifadə edirlər. Amma buna baxmayaraq
bizim ənənəvi teatrlarımız da var. Bütün
dünyada olduğu kimi, teatrda da modernləşmə baş
verir. Doğrudur, bu gün müasir texnologiyalar bütün
sahələrə tətbiq olunur. Amma canlı teatrın yerini
heç nə verə bilməz və onun büdcəsi də
çox olmalıdır».
Dövlət Pantomima
Teatrının baş rejissoru Vaqif İbrahimoğlu qeyd etdi
ki, yaşadığımız XXI əsrdə teatrın
müxtəlif problemlərini həll etməyə
çalışırıq: «Teatrla bağlı ortaya həm
pessimist, həm də optimist fikirlər çıxır.
Pessimist məqam odur ki, teatr öz missiyasından
uzaqlaşır. Amma optimist məqam ondan ibarətdir ki, teatr
bir müəssisədir və o, art-house - yəni mədəniyyət
evi kimi qalır. Ötən əsrin əvvəllərində
belə bir fikrə gəldilər ki, XX əsr insan əsridir
və hər bir şey insana xidmət etsin. İnamla deyə
bilərəm ki, teatr qurtulacaq. Biz də rejissor olaraq
düşünürük, bu məkanı necə edək?
Çünki biz bu sahədə müəyyən bir biliyə
malikik».
İrandan gələn professor,
Teatr Tədqiqatları Beynəlxalq Federasiyasının
üzvü Fərəh Yegane Təbrizi konfrans
iştirakçılarına federasiya haqqında məlumat
verdi. Bildirdi ki, 1957-ci ildə yaranan bu qurum özündə 44
ölkədən üzv birləşdirir: «Federasiyanın
daxilində kurslar da fəaliyyət göstərir ki, onlar gənclərə
teatr sahəsində treninqlər keçirlər. Bizim
jurnalımız da çap olunur. Təşkilat teatr tədqiqatları
ilə də məşğul olur, nümayəndələr
tez-tez xarici ölkələrdə konfranslarda iştirak edirlər».
Türkiyəli dramaturq Tuncer
Cucenoğlu Türkiyədə teatrın tarixindən
danışdı və bildirdi ki, ölkədə teatr əsaslı
şəkildə cümhuriyyət dövründə
inkişaf edib: «Osmanlı dövründə xarici ölkə
dramaturqlarının əsərləri oynanılırdı.
Amma Atatürk dedi ki, bizim özümüzün
dramaturqlarımız olmalıdır. Çünki heç
bir ölkə öz yazıçısı olmadan teatr qura
bilməz. Bu gün türk teatrı öz
dramaturqlarının pyesləri əsasında inkişaf edir və
yeni əsərlər tamaşaya qoyulur».
Rusiyalı professor,
redaktor və baş rejissor Mariya Dmitrevskaya da teatrla bağlı maraqlı fikirlər səsləndirdi:
«Əvvəllər deyirdilər ki, teatr böyük rola malikdir. Hətta Rusiyada onu böyük
bir məbəd də
adlandırırdılar. Amma mən deyərdim
ki, müasir dövrdə
teatr bir əyləncəyə
çevrilib. Yəni bunsuz
da keçinmək olar.
Teatr həm də bir
mühacirət yeridir. İnsanlar
yorulanda, ağırlıqdan qurtarmaq üçün bu mühacirət dünyasına - teatra gəlib dincəlmək istəyirlər».
* * *
Günün ikinci yarısında
plenar iclası
professor İlham Rəhimli
ilə gürcüstanlı
qonaq Yekaterina Mazmişvili apardılar.
Teatr və kino rejissoru
Məhəmmədreza Fərzad
(İran) teatr və din mövzusunda maraqlı çıxış
etdi, teatrın fərqli bir dünya olduğunu bildirdi və teatr ictimaiyyətini bir araya gətirdikləri
üçün konfransın
təşkilatçılarına təşəkkür etdi.
Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadə “İstənilən mədəni proseslərdə olduğu kimi teatr prosesi də milli mədəniyyətin zaman məkanında baş verən inkişaf hərəkəti kimi nəzərdə tutulur və bu hərəkətin finişi yoxdur - deyərək filosof Eduard Berşteynin məşhur “məqsəd heç nədir, proses hər şeydir” fikrini xatırlatdı. “Teatr prosesinin özəlliyini müəyyənləşdirən əsas göstərici prosesin institusional mədəniyyətin çərçivəsində baş verməsidir. Teatr prosesi istənilən milli mədəniyyətin çağdaş durumunu, keyfiyyətini, inkişaf dinamikasını bariz şəkildə göstərməyə qadirdir” - deyən Məryəm Əlizadə son 20 ildə Azərbaycan teatr prosesinin ümumi mənzərəsinə nəzər saldı, qarşıya çıxan problemlərdən, onların həlli yollarından danışdı.
Beynəlxalq Teatr İnstitutunun baş katibi Peter Qoldfarb (ABŞ) çıxışında bildirdi ki, gənclər bizim gələcəyimizdirlər və əldə olunan təcrübələri onlar gələcəyə aparacaqlar. Çətin bir dünyada yaşadığımızı və istinad üçün çox az müqəddəs məqamlar olduğunu xatırladan Peter Qoldfarb “Teatrda o adamlar işləyir ki, onlar teatrı sevir, teatrı o adamlar sevir ki, onlar teatra gəlir” - deməklə teatrın müqəddəs bir yer olduğunu dilə gətirdi.
Beynəlxalq Teatr İnstitutunun vitse-prezideni, yazıçı-dramaturq, rejissor Reynhard Auer (Avstriya) çıxışına maraqlı bir rejissor manevri ilə başladı: “Əvvəlcə onu deyim ki, hazırladığım çıxışın mətni kompyuter virusu tərəfindən məhv edilib. Amma buna təəssüflənmirəm. 31 nəfər çıxışçıdan sonra belə məlum olur ki, artıq hər şey söylənilib”. Onun sözlərinə görə, konfransda ən çox iki açar sözdən - dünya, teatr sözlərindən istifadə olundu. “Dünya teatrı ümumiyyətlə mövcud deyil. Dünyada teatrlar var”, - deyən natiq teatr və teatr proseslərinin çox müxtəlif, çox mürəkkəb olduğunu qeyd etdi. Teatr adamlarını Don Kixota bənzətsə də “yenə də o əyləndirici tədris işimizi davam etdirməliyik” dedi: “Nağılları reallaşdırmaq çətin olsa da, mübarizə aparmalıyıq. Teatr görmək üçün bir məktəbdir, ruhi, emosional bir sahədir, teatrın heç bir sərhəddi yoxdur”.
Tanınmış teatr tənqidçisi Aydın Talıbzadə çıxışında maraqlı fikirlər səsləndirdi: “Biz bir vaxtlar SSRİ-də teatr tarixinin son “qızıl əsr”ində yaşayırdıq: teatrda dövləti, partiyanı, azadlığı, qəhrəmanlığı və sevgini görürdük və xoşbəxt olurduq. Teatr sovet cəmiyyətində camaata düşünməyi öyrədirdi, fikir istehsal edirdi. Bu gün isə teatr artıq öz ictimai imzasını, ictimai funksiyasını itirib, toplum üçün gərəksizləşib, cəmiyyətin kənarında özünə bir hücrə bulub. İndi o, öz-özünü ya sırf əyləncə müəssisəsi, ya sufi xanəgahı, ya da postmodernist epataj kuluarı kimi dərk edir və fikirləşir ki, mən necə eləyim ki, axşam tamaşaçı salonunu adamla doldurum? Bunun səbəblərini siyasətdə, ideologiyada, iqtisadiyyatda, məişətdə, müasir insanın psixikasında, bizim yaşadığımız həyat modelində və hətta postmodernizmdə axtarmaq mümkündür. Mən elə bilirdim ki, zaman və məkan xronotopunda teatr zaman faktoru ilə daha çox ilişiklidir. Amma indi elə fikirləşirəm ki, teatr yalnız və yalnız lokal məkanın hadisəsidir, ictimai-sosial situasiyanın hadisəsidir və onu import və ya eksport etmək qeyri-mümkündür”.
Çin Opera ifaçılığı Ansamblının bədii rəhbəri Su Ponq Çua (Sinqapur) əvvəlcə qədim Çin teatrının tarixindən söz açdı, məbədlərdə göstərilən teatrlardan, Çin opera sənətindən danışaraq ölkəsində fəaliyyət göstərən müasir və ənənəvi teatrlardan danışdı. XXI əsri canlanma əsri, ümid əsri, problemlərin həll olunacağı əsr adlandıran Su Ponq Çua çıxışının sonunda bildirdi ki, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Teatrın nə olduğunu bilmək üçün tamaşaçılar teatra gəlib hər şeyi öz gözləri ilə görməlidirlər.
Moldova “Ejen İonesko” teatrının bədii rəhbəri Petru Vutkereu (Moldava) hər kəsi salamladı. Birinci dəfədir Bakıya gəldiyini və bu şəhəri çox sevdiyini bildirdi. “Azərbaycan öz zəngin mədəni irsindən istifadə edərək dünyanın teatr xadimlərini bir araya gətirib” - deyərək müasir teatrların qarşılaşdığı problemlərdən, teatr sənətinin özünəməxsusluğundan danışdı və Bakı Beynəlxalq Teatr Konfransının onda yüksək təəssürat hissi yaratdığını bildirdi.
Konfransda yekun sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdi.
Mehparə Sultanova,
Təranə Vahid
Mədəniyyət.-
2010.- 12 noyabr.- S. 4.