Bakıda
teatr bayramı davam edir
Beynəlxalq teatr konfransının ardınca Çexov
Teatr Festivalının «İpək yolu» mərhələsinə
start verilir
Noyabrın 8-də Bakıda başlanan beynəlxalq teatr
forumu yeni tədbirlərlə davam edir. Dünyanın 30-dək
ölkəsinin təmsilçilərinin iştirak etdiyi I
Bakı Beynəlxalq Teatr Konfransının (9-10 noyabr),
tanınmış teatr mütəxəssislərinin yer
aldığı seminarların (8, 11 və 12 noyabr) ardınca
daha bir teatr bayramına - Çexov adına Beynəlxalq Teatr
Festivalının «İpək yolu» adlı mərhələsinə
start verilir.
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən Azərbaycan Teatr Xadimləri
İttifaqı, “Procent” şirkəti, eləcə də Beynəlxalq
Teatr İttifaqları Konfederasiyasının iştirakı ilə
təşkil olunan festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramına əsasən həyata keçirilir.
Noyabrın 11-də festivalla
bağlı keçirilən mətbuat konfransında Azərbaycan
Teatr Xadimləri İttifaqının rəhbəri Azər
Paşa Nemət, “Procent” şirkətinin baş direktoru Ələkbər
Tağızadə, Çexov Teatr Festivalının
vitse-prezidenti Mariya Malkina, eləcə də əfsanəvi
aktyor Çarli Çaplinin nəvəsi Aureliya Tyere,
fransalı aktyor Ceymi Martinos, prodüser Fredirik Russo iştirak
ediblər.
Azər Paşa Nemət Azərbaycan
paytaxtında keçiriləcək festivalın əhəmiyyətindən
danışıb və Bakı səhnəsində Fransa,
Kanada və Belarus teatr kollektivlərinin çıxış
edəcəyini deyib. O, Çexov Teatr Festivalının
“İpək yolu” mərhələsinin “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən
təşkil edildiyini nəzərə çatdırıb.
Çexov Teatr Festivalının
vitse-prezidenti Mariya Malkina Azərbaycanda festivalın “İpək
yolu” layihəsini həyata keçirməsindən məmnunluğunu
dilə gətirib. Festival çərçivəsində
nümayiş olunacaq ilk tamaşa - “Aureliyanın
oratoriyası” barədə məlumat verən M.Malkinanın
sözlərinə görə, tamaşanın
quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə
tərtibatçısı Çarli Çaplinin qızı
- Aureliyanın anası Viktoriya Tyeredir.
Fransanın “Kiçik saatlar
şirkəti” tərəfindən hazırlanan “Aureliyanın
oratoriyası” tamaşası “Yeni sirk” janrına aid edilən,
teatr və sirk elementlərinin sintezindən ibarət səhnə
əsəridir. Tamaşada klounada, sirk tryukları,
illüzionizm, rəqs, pantomima və kukla teatr elementləri yer
alıb: “Söz, danışıq olmayan bu tamaşanı
hamı başa düşə bilər. “Aureliyanın
oratoriyası” 2009-cu ildə Moskvada nümayiş olundu. Hələ
belə anşlaq görməmişdik. Moskva
tamaşaçıları o aktyorlara vurulmuşdu. Çox
ümid edirəm ki, Azərbaycan tamaşaçıları da
o cür xoş təəssüratlar qazanacaqlar”.
Çarli Çaplinin nəvəsi,
tamaşanın əsas obrazının ifaçısı
Aureliya Tyere də anasının məhz onun üçün
hazırladığı bu tamaşa haqqında məlumat
verib. O, anasının hazırda xarici turnedə olduğu
üçün Azərbaycana gələ bilmədiyini deyib.
Qeyd edək ki, “Aureliyanın
oratoriyası” noyabrın 12, 13 və 14-də Rus Dram
Teatrının səhnəsində nümayiş olunacaq.
Festivalın proqramına daxil olan digər iki tamaşa
Rusiya-Belarus sənətçilərinin
hazırladıqları “Toy” və Kanada teatrının səhnələşdirdiyi
“Yağış” tamaşalarıdır.
Moskvalı rejissor Vladimir Pankovun
Yanka Kupala adına Belarus Akademik Dram Teatrının
bazasında səhnələşdirdiyi “Toy” tamaşasına
teatrsevərlər noyabrın 20, 21, 22-də Gənc
Tamaşaçılar Teatrında baxa biləcəklər.
Kanadanın tanınmış Eluaz
sirkinin “Yağış” tamaşası 2003-cü ildən
bütün dünyada uğurlu qastrol səfərlərinə
çıxıb. Tamaşanın rejissoru Daniele Finse
Paskadır. Publikanın sevimlisi olan Daniele Finse Paska həm
rejissor, yazıçı, xoreoqraf, həm də kloundur.
“Yağış” tamaşası noyabrın 25-dən 30-dək
Rus Dram Teatrında göstəriləcək.
Festival noyabrın 30-da
yekunlaşacaq.
Qeyd edək ki, görkəmli rus
yazıçı-dramaturqu Anton Pavloviç Çexovun
adını daşıyan beynəlxalq teatr festivalı 1992-ci
ildə təsis olunub. Hazırda bu, dünyanın ən
nüfuzlu teatr festivallarından biridir. Çexov festivalı həm
də teatr ideyaları, yaradıcı görüşlər,
diskussiyalar, “dəyirmi masalar”ın mübadiləsidir.
Mədəniyyət.-
2010.- 12 noyabr.- S. 3.