Azərbaycan-Suriya mədəniyyət əlaqələri müzakirə olunub

 

   Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfiri Mahir Əliyev bu ölkənin yeni təyin edilmiş mədəniyyət naziri Riyad İsmətlə görüşüb.

 

   Görüşdə hər iki ölkənin keçmiş və hazırkı dövlət başçıları arasındakı möhkəm dostluq əlaqələri, həmçinin hər iki dövlət arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

   M.Əliyev Azərbaycan və Suriya arasında mədəni əlaqələrin tarixindən danışaraq, vaxtilə bir çox azərbaycanlı elm və mədəniyyət xadimlərinin ərəb ölkələrinə mühacirət etdiyini, həmin ölkələrdə yaradıcılıqla məşğul olduqlarını və bununla ölkələr arasında mədəni körpü yaratdıqlarını söyləyib. O, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin Suriyadakı mühacirət dövrü və yaradıcılığı, onun Hələb şəhərindəki məqbərə kompleksinin bərpası və İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı keçən il hər iki ölkədə təşkil edilmiş tədbirlər barədə də məlumat verib.

   Səfir 2011-ci ilin yaz aylarında Azərbaycanda Suriya mədəniyyəti günlərinin, daha sonra isə Suriyada Azərbaycan mədəniyyəti günlərinin təşkilinin nəzərdə tutulduğunu, həmçinin gələn ilin yanvar ayında Suriyada Azərbaycan kinosu həftəsinin təşkilinin planlaşdırıldığını və hər iki ölkə arasında 2009-cu ildə imzalanmış mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin proqramına dair Suriya tərəfindən təqdim edilmiş təkliflərin Azərbaycan tərəfindən baxıldığını nəzərə çatdırıb.

   Öz növbəsində nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafında maraqlı olduqlarını və bu sahədə istənilən təşəbbüsü dəstəkləməyə hazır olduqlarını diqqətə çatdırıb. O, 2011-ci ilin ilk yarısında Azərbaycanda Suriya mədəniyyəti günlərinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. Görüşün sonunda mədəniyyət naziri Riyad İsmətə Azərbaycan haqqında kitab və digər təbliğat materialları, o cümlədən hədiyyələr təqdim edilib.

 

 

   Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 2.