Müasir incəsənətin vurğunu
““Rondo”
əsərində insanın, cəmiyyətin və mühitin
bir-birinə dairəvi təsirini, elmi-texniki tərəqqinin nəticələrini
göstərmək istəmişik”
Məmməd
Rəşidov Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasını heykəltəraşlıq ixtisası üzrə
bitirib. 2002-ci ildə bakalavr, 2004-cü ildə magistratura təhsilini
başa vurub. Maraqlı əsərləri var. Bakıda
keçirilən bir çox sərgilərin, o cümlədən
son vaxtlar nümayiş olunan “Gümüş maska” müasir
incəsənət sərgisi, “Avtoportret”, “X nöqtəsi...”
sərgilərinin iştirakçısıdır. Əsərlərindən
bir neçəsi Milli Azərbaycan Tarixi və Dövlət
İncəsənət muzeylərində saxlanılır.
Müasir incəsənətə böyük sevgisi və
marağı var. Onunla qısa söhbətdə bu barədə
danışdıq:
- Sərgilərdə təqdim
olunan əsərlərinin, demək olar ki, əksəriyyəti
tullantılardan hazırlanıb. Niyə əl işlərində
bu materiallardan istifadə edirsən?
- Mənim birinci işim 2007-ci ildə
olub. “At kompozisiyası”nı şüşə, dəmir,
gips, güzgü qalıqlarından
hazırlamışdım. İndi həmin əsər Milli Azərbaycan
Tarixi Muzeyində saxlanılır. Məncə,
tamaşaçı həmişə fərqli bir şey
görmək istəyir. Bu mənada rəssam da, heykəltəraş
da fikirlərini fərqli və özünəməxsus şəkildə
ifadə etməyə çalışır. Bilirsiniz ki,
elmi-texniki tərəqqinin nailiyyətləri artdıqca
insanlar təbiətdən daha da uzaqlaşırlar. Bu, məni
həmişə düşündürüb. Əsərlərimlə
insanları texniki tərəqqinin mənfi nəticələrini
minimuma endirmək barədə düşündürmək
istəmişəm. Doğrudur, işlətdiyim materiallar
bütövlükdə tullantılar hesab olunsa da, mən
onları fikirlərimin daha yaxşı ifadə olunması
üçün vasitə hesab edirəm. Dəmir
qırıntıları, avtomobillərin sınmış
şüşələri və s. Onlardan nəsə
hazırlayıb onu mədəniyyət nümunəsi kimi təqdim
edib, insanları düşündürmək olar. Buna nə qədər
nail olduğumu tamaşaçılar deyə bilər.
- Etiraf edək ki, bəzən
tamaşaçılar müasir incəsənət sərgilərində
nümayiş olunan əsərlərdə müəllifin
fikrini “tuta bilmirlər”...
- Müasir incəsənət sərgilərində
sərgilənən əsərlər konseptualdır. Bəzi əsərlər
var ki, ümumiyyətlə estetik xarakter daşımır. Bu əsərlərdə
daha çox gənc nəslin yeni fikirləri,
düşüncələri ifadə olunur. İncəsənət
adamı həmişə istəyir fikirləşdiyini
olduğu kimi göstərə bilsin.
Tamaşaçını düşündürə bilmək
xoşdur. Bəzən sərgi iştirakçılarından
çox maraqlı fikirlər eşidirəm. Əsərlərlə
bağlı tamaşaçıların nə
düşündüklərini eşitmək çox
xoşdur. Məsələn, “Gümüş maska” müasir
incəsənət sərgisində “Rondo”ya baxıb çox
maraqlı fikirlər səsləndirdilər.
- “Rondo”nu hazırlamaq ideyası haradan yarandı?
- “Rondo” metal, banner və borulardan hazırlanıb. Onu həmkarım,
istedadlı gənc rəssam Gündüz Ağayevlə birgə hazırlamışıq. Əslində “rondo” musiqiyə aid termindir və
hərfi mənası
dairəvi istiqamətdə
hərəkət deməkdir.
Biz bu terminin
musiqidə olan rolunu insanın, cəmiyyətin və mühitin bir birinə təsirindən yaranan dairəvi təsirinə bənzədirik.
İnsanı əhatə edən
mühitin yaranmasına
özü səbəbkar
olmasına baxmayaraq, elə həmin mühitin təsiri altında yaşayır.
Biz “Rondo”nun oxşar
eskizlərini bir -birimizdən ayrı hazırlamışdıq. Fikrimizcə,
bu əsərin yaranmasına səbəb insan, mühit, cəmiyyət yaxud da elə dairəvi
hərəkətin özüdür.
Gənc rəssam və heykəltəraş kimi bu əsərdə də elmi-texniki tərəqqinin nəticələrini
göstərmək istəmişdik.
- Bakıda incəsənət sərgilərində
fəal iştirakçısısan.
Xarici ölkələrdə mədəniyyət
layihələrində necə,
iştirak etmisən?
- Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Avstriyada maraqlı bir layihədə iştirak etmişəm. Orada bizə emalatxana
verdilər və biz iki ay ərzində əsərlərimizi hazırladıq.
Sonda müxtəlif ölkələrdən
gələn gənc sənətçilərin əsərləri
sərgilənirdi. Bu müxtəlif ölkələrin
mədəniyyətləri atasında bir mübadilə, qarşılıqlı
paylaşma prosesi idi. Mən özümlə muğam disklərini aparmışdım. Əlbəttə ki, mədəniyyətimizin
təbliği prosesinə
gənclərin cəlb
olunması təqdirəlayiq
haldır. Tədbirdə
Fransa, Almaniya, Macarıstan və digər ölkələrdən
gənclər iştirak
edirdi. Orada Şərq ölkələrinin
incəsənətinə böyük
maraq var. Azərbaycanın
müasir incəsənətinin
təbliğ olunması
üçün belə
tədbirlərdə gənclərin
iştirakı önəmlidir.
Bundan əlavə, Türkiyədə
simpozium və sərgilərdə, Çexiyada
sərgidə iştirak
etmişəm. Yaxın gələcəkdə
isə Bakıda fərdi sərgimin təşkilini planlaşdırıram.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2010.- 19 noyabr.- S. 15.