Dünya kitabxanaları
Britaniya
Milli Kitabxanası
Dünyada ən nəhəng
kitabxanalardan hesab edilən Britaniya Milli Kitabxanası 5 kitabxana
sistemini birləşdirir. 1759-cu ildə yaranan Britaniya Milli
Kitabxanasında əvvəl az sayda kitab olub. İxtisasca həkim
və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və
mineralogiyaya aid kitablarını kitabxanaya
bağışladıqdan sonra burada kitab fondunun sayı 3500
nüsxəyə çatıb. Hans Sloan öz vəsiyyətnaməsində
bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün
tədbirlər görməlidir. İngiltərə parlamenti
kitabxananın qorunması haqqında qanun qəbul edir.
Bu gün Britaniya Milli
Kitabxanasında tibb elminə, Britaniya imperiyasının,
ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim
sənədlər və dünyanın demək olar ki,
bütün dillərində çap olunmuş 150 milyona
yaxın kitab saxlanılır. Bundan əlavə, İngiltərə
və İrlandiyada çap olunan gündəlik qəzetlər
buraya gətirilir. Fondlarında 310 000 əlyazması, 4
milyondan çox xəritə, 260 min musiqi valları və
filateliya kolleksiyası saxlanılır. Filateliya
kolleksiyasında 8 milyondan çox marka var. Musiqi fondunda 19 əsrə
aid silindr formasında hazırlanmış səs
yazıları, həmçinin müasir SD, DVD və mini-disklər
mühafizə olunur.
Harvard Universitetinin Kitabxanası
Harvard Universitetinin Kitabxanası
(ABŞ) özündə kollec, muzey, məktəb, elmi-tədqiqat
mərkəzləri və s. olmaqla 100-ə yaxın müəssisənin
kitabxanasını birləşdirir. Bu dünyada ən
böyük akademik kitabxana sistemidir. Bu cür sistemin təməli
1638-ci ildə qoyulub. Con Harvard adlı zadəgan öz vəsaiti
hesabına kollec yaradır və kollecə özünün
400 cildlik şəxsi kitabxanasını və var-dövlətinin
yarısını bağışlayır. Bir ildən sonra
kollecə onun adı verilir. Müasir dövrümüzə qədər
bu kitabxanadan ancaq bir neçə kitab gəlib çatıb.
Beləki, 1764-cü ildə baş vermiş yanğın
zamanı kitab kolleksiyası məhv olur. Ancaq ayrı-ayrı
adamların köməyi və ianələr hesabına
kitabların sayı getdikcə çoxalır. Hazırda
kitabxananın ümumi kitab fondu 16 milyondan artıqdır və
Konqres Kitabxanasından sonra ABŞ-da ikinci böyük kitabxana
hesab olunur.
Harvard kitabxana sisteminin ən
geniş kitabxanası 1907-ci ildə bu kollecin məzunu
olmuş Harri Vaydnerin adını daşıyan kitabxanadır.
Harri Vaydner məşhur “Titanik” gəmisi batarkən həlak
olmuş sərnişinlərdən biri olub. Ölümündən
sonra anasının xahişi ilə kitabxanaya onun adı
verilib.
Kitabxanada slavyan, Yaxın Şərq
və yəhudi ədəbiyyatı nümunələrindən
ibarət 5 milyon nüsxəlik kitab fondu, həmçinin 3000-ə
yaxın inkunabul (Avropada kitab çapına başlanılan
gündən 1501-ci ilədək kustar üsulla çap olunan
kitablar belə adlanır) XVI-XVII əsrlər Avropa mədəniyyəti,
incəsənəti və tarixinə aid kitablar qorunur.
Hazırladı: Çingiz
Mədəniyyət.- 2010.- 19 noyabr.-
S. 15.