Kulinarlarımız
Çin və Moldovada
keçirilən forumlarda uğurla
çıxış ediblər
Azərbaycan kulinarları bu yaxınlarda Çinin Nankin şəhərində keçirilən Yaradıcı Gənclərin II Dünya Forumundan qayıdıblar. Bu barədə məlumat verən Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bildirib ki, Dünya Xalq Yaradıcılığı Təşkilatının (DXYT) keçirdiyi və dünyanın 52 ölkəsinin kulinarlarının qatıldığı forumda Azərbaycanı 11 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.
Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, eləcə də Naxçıvan Muxtar Respublikası rəhbərliyinin dəstəyi ilə forumda iştirak edən nümayəndələrimiz Azərbaycanda Novruz bayramı, Muğam və Aşıq sənəti haqqında geniş məlumat veriblər. Bildirilib ki, Novruz bayramı və hər iki sənət növləri UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib, artıq Novruz bayramı BMT tərəfindən beynəlxalq bayram elan olunub.
Forumda milli geyimlərimiz, xalq təbabətimiz, milli rəqslərimiz, zərgərlik nümunələrimiz, kulinariyamız və aşıq musiqimiz də nümayiş etdirilib. Yeddi çərşənbə, 7 muğam, 7 rəngdə milli geyimlərimiz heyranlıqla qarşılanıb.
Tədbirdə iştirak edən DXYT-nın prezidenti xanım Karmen De Padulla maddi-mədəni irsinin zənginliyi, yüksək potensiala malik Azərbaycanın dünya üçün örnək olduğunu qeyd edib.
Forumun sonrakı günündə, DXYT-nın 30 illiyinə həsr olunmuş axşamda DXYT qarşısında böyük xidmətləri olan 8 nəfərə, o cümlədən T.Əmiraslanova yubiley hədiyyəsi təqdim edilib.
* * *
Kulinarlarımız noyabrın 2-dən 7-dək Moldovada Beynəlxalq Kulinariya
Çempionatından da medallarla
qayıdıblar. Milli Kulinariya
Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun sözlərinə görə,
Serbiya, Xorvatiya,
Rumıniya, Kipr, Özbəkistan, Ukrayna, Rusiya
kulinarlarının iştirakı ilə keçirilən çempionatda Azərbaycanı 3 nəfərdən
ibarət nümayəndə heyəti təmsil edib. Tahir Əmiraslanovun da münsif olduğu çempionatda
aşpazlarımız - Famil Hüseynov, Ziya Şahbazov, Teymur
Şıxəliyev öz məharətlərini
göstəriblər. Komandamız 9 fərdi və
1 komanda yarışmasında 2
qızıl, 1 gümüş və 4 bürünc medal
qazanıb. Çempionatın açılışında və
mükafatlandırılma mərasimində Azərbaycanın
Moldovadakı səfiri İsfəndiyar Vahabzadə də iştirak edib.
Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 9.