Teatral” jurnalının təqdimatı keçirildi

 

   Noyabrın 15-də Gənc Tamaşaçılar Teatrının “Gümüş Maska” salonunda “Teatral” jurnalının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov, jurnalın təsisçisi Arif Mədətov və baş redaktoru Əsəd Cahangirə belə bir nəşri yaratdıqlarına görə minnətdarlığını bildiridi.

   Daha sonra jurnalın təsisçisi, Milli Mədəniyyətin Təbliği Mərkəzinin sədri, dramaturq Arif Mədətov xeyli vaxtdan bəri teatrla bağlı jurnal yaratmaq arzusunda olduğunu, nəhayət, bu arzunun reallaşdığını dedi: “Adətən belə jurnalları xarici ölkələrdə görüb oxuyardım. Məndə qəribə bir qısqanclıq hissi yaranardı. Sonuncu dəfə Gürcüstanda iki teatr jurnalı ilə tanış oldum və bu arzumu mütləq reallaşdırmaq qərarına gəldim”.

   Hələ uşaq vaxtlarında teatra maraq göstərdiyini, bu sənətə sevgisinin yarandığını deyən jurnalın baş redaktoru Əsəd Cahangir nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.

   Təqdimatda tanınmış teatr xadimləri - Xalq artisti, Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Xalq artisti Cənnət Səlimova, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor və baş rejissoru Kamran Quliyev, İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev, Əməkdar artist Sənubər İsgəndərli, yazıçı-dramaturq Əli Əmirli, İlqar Fəhmi, Əjdər Ol, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqa mətbuat işçiləri iştirak edirdilər.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 5.