«Vokalçıların
Bülbül adına V Beynəlxalq
müsabiqəsi
Noyabrın 16-da Azərbaycan Dövlət
Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və
Beynəlxalq Bülbül Fondunun təşkilatçılığı
ilə Vokalçıların Bülbül adına V Beynəlxalq
müsabiqəsinin təntənəli açılış mərasimi
oldu. Xatırladaq ki, müsabiqənin təşkilat komitəsinin
sədri mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevdir. Nazir Keniyanın paytaxtı Nayrobidə UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası
Komitəsinin sessiyasında iştirak etdiyi üçün
müsabiqənin açılışına qatıla bilməmişdi.
Mərasimi mədəniyyət və
turizm nazirinin müavini, Bülbül adına müsabiqənin
təşkilat komitəsinin sədr müavini Ədalət Vəliyev
açaraq münsiflər heyətini, müsabiqə
iştirakçılarını salamladı və bu əlamətdar
mədəniyyət hadisəsi ilə bağlı
Bakının bayram əhval-ruhiyyəsi
yaşadığını qeyd etdi. Nazir müavini bildirdi ki,
vokalçıların Bülbül adına birinci Beynəlxalq
müsabiqəsi görkəmli müğənninin anadan
olmasının 100 illiyi ərəfəsində, 1997-ci ildə
xalqımızın ümummilli lideri, mədəniyyətimizin
təəssübkeşi Heydər Əliyevin sərəncamı
ilə keçirilib. Ötən müddətdə müsabiqənin
coğrafiyası daha da genişlənib. Bülbül adına
müsabiqənin qalibləri dünyanın böyük səhnələrində
uğurla çıxış edərək həm Azərbaycanın
adını, həm Bülbülün xatirəsini öz sənətlərində
yaşadırlar. Nazir müavini müsabiqə
iştirakçılarına uğurlar arzuladı.
Müsabiqənin təşkilat
komitəsinin sədr müavini, Azərbaycanın Rusiyadakı
səfiri, Beynəlxalq Bülbül Fondunun prezidenti, Xalq artisti
Polad Bülbüloğlu bütün qonaqları və
iştirakçıları Bülbül ailəsi adından
salamladı. O, beşinci dəfə keçirilən beynəlxalq
müsabiqəni gənc vokalçılar üçün
dünyaya açılan qapı adlandırdı. Polad
Bülbüloğlu atasının adını daşıyan
belə mötəbər müsabiqənin keçirilməsinə
görə Azərbaycan prezidentinə, mədəniyyət və
turizm nazirinə, müsabiqənin münsiflər heyətinə
dərin minnətdarlığını bildirdi.
Natiq budəfəki müsabiqədə
11 ölkədən 76 nəfər vokalçının
iştirak etdiyini nəzərə çatdırdı:
“Artıq bir neçə ildir bu müsabiqə
özünün şöhrətli vokal məktəbi ilə
tanınan Bakıda keçirilir. Müsabiqənin qalibləri
bu gün dünyanın ən tanınmış səhnələrində
uğurla çıxış edən parlaq
ifaçılardır. Bu da təsadüfi deyil, çünki
beynəlxalq münsiflər heyətinə uzun illərdən
bəri təkrarolunmaz müğənni və pedaqoq, unudulmaz
sənətkar İrina Arxipova rəhbərlik edirdi. Təəssüflər
olsun ki, o, dünyasını dəyişib və indi bu missiya
opera səhnəsinin görkəmli nümayəndəsi,
SSRİ Xalq artisti Yevgeni Nesterenkoya həvalə olunub.
Müsabiqənin tarixində ilk dəfə olaraq münsiflər
heyətinin tərkibinə nəinki ifaçılar, həm də
tanınmış menecerlər, prodüserlər, dünyada ən
məşhur opera teatrlarının rəhbərləri
daxildir. Elə ona görə də böyük nüfuz
qazanan müsabiqədə iştirak etmək arzusunda olan gənc
vokalçıların sayı ildən-ilə artır”.
Polad Bülbüloğlu münsiflər
heyətinin üzvlərini iştirakçılara təqdim
etdi və bütün iştirakçılara uğurlar dilədi.
Münsiflər heyətinin sədri
Yevgeni Nesterenko Azərbaycanda keçirilən bu nüfuzlu
müsabiqənin təşkilini yüksək qiymətləndirdi
və müsabiqə iştirakçılarına müvəffəqiyyət
arzuladı.
“Bu
səhnədir, səsdir, sirdir...”
Sonra iştirakçılar
arasında püşkatma mərasimi keçirildi. Gənc
vokalçılar müsabiqədə neçənci
çıxış edəcəklərini böyük
intizarla gözləyərkən münsiflər heyətinin sədr
müavini, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyliyə
yaxınlaşıb müsabiqə ilə bağlı fikirlərini
bilmək istədik. O, budəfəki müsabiqədə
böyük rəqabət gözlənildiyini və bu
baxımdan münsiflər heyətinin işinin çətin
olacağını qeyd etdi. “İştirakçıların
arasında çox istedadlı gənclər var. Elə
ifaçılar var ki, beynəlxalq müsabiqələrin
laureatlarıdır. Jurnalistlərin “kimi qalib
görürsünüz? sualını isə F.Bədəlbəyli
belə cavablandırdı: “Müsabiqəni əvvəldən
proqnozlaşdırmaq mümkün deyil. Bu səhnədir, bu səsdir,
sirdir, səhnədə hər şey ola bilər. Çox
yaxşıdır ki, rəqabət böyükdür və əlbəttə,
bu, böyük maraq doğurur. Odur ki, bütün
iştirakçılara uğurlar arzulayıram”.
Filarmoniyanın direktoru Murad
Adıgözəlzadə də müsabiqə ilə
bağlı fikirlərini bildirdi:
“Təbii ki, bu müsabiqəyə
qatılan hər bir iştirakçı çox həyəcanlıdır.
İlk növbədə onlara müvəffəqiyyətlər
arzulayıram. Çoxsaylı ölkələrdən
qonaqlarımız var, o cümlədən Azərbaycandan 13 nəfər
çox istedadlı iştirakçımız var ki,
uğurla çıxış etsələr, ən
yaxşı yerləri tuta bilərlər. Ümumiyyətlə,
hər bir müsabiqənin məqsədi yeni istedadları
üzə çıxarmaqdır. Əminəm ki, bu
müsabiqə dünya səhnəsi üçün yeni bir
vokalçını kəşf edəcək.
Püşkatma mərasimi başa
çatdı. Kim neçənci iştirak edəcək,
artıq bu məlumdur, bəs kim birinci olacaq, bunun
üçün isə müsabiqəni sona kimi izləmək
lazımdır.
Qeyd edək ki, noyabrın 21-dək
davam edəcək müsabiqədə Qran-priyə layiq
görüləcək iştirakçıya 10 000, I
mükafatı qazanana 5000, II mükafatı əldə edənə
3000, III mükafatın sahibinə isə 1000 ABŞ dolları
məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin xüsusi mükafatları da olacaq. Ən
yaxşı tenor üçün mükafat
(Bülbülün xatirəsinə həsr olunur),
Bülbül repertuarından Azərbaycan bəstəkarlarının
əsərlərinin ən yaxşı ifası
üçün mükafat, ən yaxşı xalq
mahnısının ifası üçün mükafat nəzərdə
tutulub. Bundan əlavə, müsabiqə
iştirakçıları yaradıcılıq
ittifaqlarının, dövlət və ictimai təşkilatların
xüsusi mükafatları ilə təltif oluna bilərlər.
Müsabiqədə ən yaxşı müşayiətə
görə konsertmeysterlər üçün də
üç mükafat nəzərdə tutulub.
Qeyd edək ki, dünən müsabiqənin təşkilat komitəsindən aldığımız məlumata görə, 76 iştirakçıdan 25 nəfəri ikinci tura vəsiqə qazanıb. Bu gün isə üçüncü tura vəsiqə qazanmış ifaçılar məlum olacaq. Müsabiqə davam edir...
Təranə Vahid
Mədəniyyət.-
2010.- 19 noyabr.- S. 5.