Azərbaycan
xalçası UNESCO-nun mədəni irs siyahısına daxil edildi
Xəbər
verdiyimiz kimi, noyabrın 15-də Keniyanın paytaxtı Nayrobidə
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası
Komitəsinin 5-ci sessiyası işə başlayıb. Sessiyada
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti də iştirak edir.
Sessiyanın gündəm
mövzularından biri UNESCO-ya üzv olan ölkələr tərəfindən
bəşəriyyətin qeyri-maddi mədəni irsinin
reprezentativ siyahısına daxil edilmək üçün təqdim
etdikləri namizədlik fayllarının müzakirəsi olub.
Məlum olduğu kimi, Azərbaycan xalçası da UNESCO-nun
bu mötəbər siyahısına daxil edilmək
üçün təqdim olunmuşdu. Azərbaycan tərəfi
bu yöndə xeyli müddət idi ki, təşkilat çərçivəsində
müvafiq iş aparırdı.
Nəhayət, bu işlər
öz nəticəsini verdi və Nayrobidə keçirilən
sessiyada Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi
barədə qərar qəbul edildi. Xatırladaq ki, bundan
öncə Azərbaycan muğamı, Azərbaycan Aşıq
sənəti və Novruz bayramı bəşəriyyətin
qeyri-maddi mədəni irs nümunələri siyahısına
daxil edilib. Bu gün isə biz Azərbaycan xalça sənətini
dünyanın qeyri-maddi mədəni irsinin inciləri
sırasında görürük. Bu hadisə xalça sənətinin
Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən
biri kimi beynəlxalq səviyyədə təsdiqidir.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Hökumətlərarası Komitəsinin
5-ci sessiyasının gündəliyinə ümumilikdə 29
ölkədən 47 qeyri-maddi mədəni irs nümunəsi təqdim
edilmişdi. Müzakirələr nəticəsində bu təqdimatların
hamısı qəbul edilib. Türkiyənin qədim
Kırkpınar güləş festivalı və Bektaşi Səmavi
ayini də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına
daxil edilib. Mövlana Cəlaləddin Ruminin əsasını
qoyduğu və XIII əsrdən etibarən Konya şəhərində
nümayiş etdirilən Səmavi rəqsləri və Ədirnədə
hər il keçirilən güləş festivalı
bütün dünyada məşhurdur.
Bəşəriyyətin qeyri-maddi
mədəni irsinin reprezentativ siyahısına daxil edilən mədəni
irs nümunələri sırasında Belçikanın Alosta
karnavalı, ispan flamenqo rəqsi, Pekin operası, Kaşanda
(İran) xalça toxuma üzrə ənənəvi vərdişlər,
Çində ağacdan hazırlanmış yığma
şrifti ilə mətbəə, Xorvatiyada orkanye nəğmələri
və s. də var.
Ümumilikdə UNESCO-nun Nayrobidəki
toplantısında qəbul edilən qərarlardan sonra bəşəriyyətin
qeyri-maddi mədəni irsinin reprezentativ siyahısında
müxtəlif ölkə və xalqların mədəni irsinə
aid nümunələrin sayı 213-ə çatıb.
Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya
uyğun olaraq, qədim dillər, xalq ənənələri,
müxtəlif ayinlər, sənətkarlıq və şifahi
xalq yaradıcılığı bu irsə aid edilib.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Hökumətlərarası Komitəsinin
5-ci sessiyası işə bu gün (19 noyabr) işini başa
vuracaq.
Mədəniyyət.-
2010.- 19 noyabr.-S. 3