Unudulmaz sənətkar
Muzey Mərkəzində görkəmli
xalçaçı-rəssam Lətif Kərimova həsr
olunmuş sərgi-tədbir keçirildi
Noyabrın 18-də görkəmli xalçaçı
alim, Xalq rəssamı Lətif Kərimovun (1906-1991) anadan
olmasının ildönümü münasibətilə sənətkarın
adını daşıyan Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı
ilə tədbir keçirildi.
Muzey Mərkəzində gerçəkləşən
«Unudulmaz sənətkar» adlı sərgi-tədbirdə müəllifin
15 eskizi təqdim olundu. Bununla yanaşı, 2007-ci il fevralın
12-16-da UNESCO-nun Parisdəki iqamətgahında alimin 100 illik
yubileyi münasibətilə təşkil olunmuş «Azərbaycan
xalçası» və «Azərbaycan xalça sənəti»
mövzusunda IV Beynəlxalq Simpozium üçün
hazırlanaraq çap edilmiş 2 cildlik «Lətif Kərimov
fenomeni» adlı kitab da tədbirdə təqdim olundu.
Tədbirdə ilk sözlə
çıxış edən muzeyin şöbə müdiri
Aygün Abbasova Lətif Kərimovun təkrarolunmaz şəxsiyyət
olduğunu və Azərbaycan xalçaçılıq sənətinə
böyük töhfələr verdiyini bildirdi. Görkəmli
alimin tələbələrindən olan sənətşünas
Kübra Əliyeva isə Lətif Kərimovun
yaradıcılıq uğurlarından, xatirələrindən
danışdı: «Lətif Kərimov ömrünün 50
ilini sevdiyi işə həsr edərək Azərbaycanı
qarış-qarış gəzib. Öz xalçalarında
milli naxışlardan daha çox istifadə edib. Lətif Kərimov
həm də memarlıq dizaynının ən nadir sənətkarı
idi. O, böyük rəssam, alim, qeyri-adi insan idi. 24 ilə
yaxın onun yanında işlədiyimə görə xoşbəxtəm».
Tədbirdə daha sonra Lətif Kərimovun
digər tələbəsi Toğrul Bəşirov da
çıxış edərək fikirlərini, xatirələrini
bölüşdü.
Sonda sənətkara həsr
olunmuş «Ömrün naxışları» filminin təqdimatı
keçirildi.
Gülər
Mədəniyyət.-
2010.- 19 noyabr.- S. 3.