Görkəmli yazıçı, dramaturq,
ssenarist: İmran Qasımov
Yazıçı-dramaturq
İmran Qasımov
1918-ci il noyabrın 25-də Bakıda
ziyalı ailəsində
doğulub. Atası Həşim Qasımov ötən əsrin əvvəllərində Sankt-Peterburqda
ali təhsil
almışdı, anası
Mələk geniş dünyagörüşü olan
xanım, Azərbaycanın
ilk qadın mühəndislərindən
biri idi.
İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, Literaturnıy Azerbaydjan jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, Lenin, Qırmızı əmək bayrağı, Şərəf nişanı ordenləri ilə təltif olunub.
İmran
Qasımov Azərbaycan ədəbiyyatının
inkişafında mühüm xidmətləri
olan ədiblərdən biridir.
O, nasir,
dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii
irsə malikdir.
Yazıçı Həsən Seyidbəyli
ilə birgə qələmə aldığı
«Uzaq sahillərdə»
romanı dövrünün
ən populyar əsərlərindən olub.
Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna Xəzər neftçiləri
haqqında dastan, Dəniz cəsurları sevir (H.Seyidbəyli ilə birlikdə), İnsan məskən salır , Arzu,
Xəzər üzərində
şəfəq və
digər əsərlərini
misal göstərmək
olar. Ədəbi yaradıcılığında
müasirlərinin mənəvi
zənginliyini, əxlaqi
keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir
ki, onun əsərlərini gənc
oxucular böyük rəğbətlə qarşılayıb
və seviblər.
İmran Qasımov həm
də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında
bir çox filmlər çəkilib.
Həsən Seyidbəyli ilə
birgə eyniadlı
roman əsasında yazdıqları
ssenari üzrə çəkilən Uzaq sahillərdə filmi xüsusilə geniş şöhrət qazanıb.
Film dünyanın 25 dilinə tərcümə
olunub, Asiya və Afrika ölkələrinin festivallarında
birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
İmran Qasımovun ssenariləri
üzrə çəkilən
filmlərdə fədakar
əmək, məhəbbət
parlaq şəkildə
əksini tapıb.
Müasirlərin və
yenilikçilərin hiss və
duyğuları aydın
şəkildə verilib.
Onun böyük ürəyi, İnsan məskən salır və s. filmləri
bu gün də sevilərək baxılır.
Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.
O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxıb. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb.
İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. O işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.- 24 noyabr.- S. 14.