Qrim incə sənətdir
60-dan çox filmdə qrim üzrə rəssam işləmiş
Elbrus Vahidov peşəsindən zövq aldığını
deyir
Qrim
rəssamının obrazlar qalereyası... Çəkiliş
bitir, bir an öncə kamera qarşısında hansısa
obrazı yaradan aktyor əlini üzünə çəkməklə,
saçlarını qarışdırmaqla roldan
çıxır və özünə qayıdır. Qrim rəssamı
isə sənət əsərinin məhv edilməsinə
sakitcə tamaşa edəcək, ona görə sakitcə ki,
hər şey kinolentə köçürülüb. O, sabah
yenə işinin başında olacaq... Görəsən, bu dəfə
hansı xarakteri yaradacaq?
Azərbaycan kinosunda qrim sənətini
bütün incəlikləri ilə bilən və
böyük təcrübəsi olan insanlar var. Onlardan biri indiyədək
60-dan çox filmdə qrim üzrə rəssam işləmiş
Əməkdar incəsənət xadimi Elbrus Vahidovdur.
Dediyinə görə hələ
kiçik yaşlarından bu sənətə marağı
olub. Orta təhsili bitirəndən sonra sənədlərini Ə.
Əzimzadə adına Rəssamlıq Məktəbinə versə
də, daxil ola bilməyib. Lakin həvəsdən düşməyib.
“Azərbaycanfilm” kinostudiyasına gələrək qrim sexində
işləməyə başlayıb. Və o vaxtdan qrim
üzrə rəssam peşəsində
çalışır.
Kinoda ilk müstəqil işi Rasim
Ocaqovun “Tütək səsi” filmində olub: “İndiyədək
ən çox bəyəndiyim işim də bu filmdə olub.
Filmdə Məmmədrza Şeyxzamanov, Mixail Volontir və
başqa məşhur aktyorlarla işləmişdim. Hətta
indi düşünürəm ki, o zaman etdiyim qrimi indi edə
bilmərəm”.
Qrim sənətində teatrı
yox, məhz kinonu seçməsinin səbəbi də kinoya
olan böyük sevgisindən qaynaqlanır: “Kino mənim
üçün daha maraqlı idi. 42 ildir ki, kinostudiyada
işləyirəm. Bu vaxta qədər işlədiyim filmlər
mənə çox doğmadır. Tələbələrim
var. Müxtəlif teatr və yaradıcılıq
ocaqlarında sənətlərini davam etdirirlər”.
Son dövr çəkilən filmlərdən
söz açan E.Vahidov qrim ustası kimi işlədiyi
“Hökmdarın taleyi” filmindən danışdı: “Qrim elə
bir sənətdir ki, burada sən bütün daxili aləminlə
xarakteri hiss etməlisən. Qəhrəmanın simasında mənfi
və müsbət cəhətlərini büruzə verəcək
cizgiləri bütün incəlikləri ilə
yaratmağı bacarmaq lazımdır. Bu mənada
“Hökmdarın taleyi” filmindəki işimdən böyük
zövq aldım. Film tarixi olduğu üçün qrim
üzrə rəssamın məsuliyyəti də çox
idi”.
Gənc yaşlarında aktyorlarla
işləməyin bir az çətin olduğunu qeyd edən
Elbrus Vahidov zamanla qazandığı təcrübə əsasında
hər şeyin yoluna düşdüyünü deyir: “Pastij
üzrə Georgi Lazareviç Parisaşveli, qrim üzrə
Volodya Bereznikov kimi istedadlı müəllimlərim olub. Bu sənətin
bütün detallarını da onlardan öyrənmişəm.
Gənc yaşlarımda filmlərdə məşhur aktyorlarla
işləyəndə mənə o qədər də ciddi
yanaşmırdılar. Lakin vaxt ötdükcə, kifayət qədər
təcrübəyə sahib olduqca sənətimi də qəbul
etdilər. Qrim elə bir sənətdir ki, bəzən bir
aktyorun üzərində günlərlə işləməli
olursan. Lakin istədiyin qrimi ala bilmirsən. Bəzən də
çox asanlıqla düşündüyün üz cizgilərini
yarada bilirsən. Bu yaxınlarda Ənvər Əblucun “Tərsinə
çevrilmiş dünya” filmində qrim üzrə rəssam
işlədim. Maraqlı işlərimiz olub. Yaxın gələcəkdə
filmin premyerası da gözlənilir”.
Yeganə Cansail
Mədəniyyət.-
2010.-24 noyabr.- S. 11.