Audiovizual əsərlər, müəllif
hüquqları və müqavilələr
Hüseyn Mehdiyev: “Hər şeydən öncə
istehsalçı müqavilə bağlamaqda maraqlı
olmalıdır, əks halda, o, müəllif hüququnu itirir”
Bugünlərdə İtaliyanın paytaxtı Romada
Avropa Kinorejissorlar Federasiyasının (FERA) Baş
Assambleyasının illik konfransı keçirilib.
Dünyanın 32 ölkəsindən peşəkar kino təşkilatlarının
təmsil olunduğu tədbirdə Azərbaycan Professional
Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev də
iştirak edib.
Konfransda FERA-nın hesabatı, 2011-2013-cü illərdə
görüləcək işlər, kinoda müəlliflik
hüququ və s. məsələlər müzakirə olunub.
Hüseyn Mehdiyev səfər təəssüratını
bizimlə bölüşdü.
- İlk olaraq Avropa Kinorejissorlar
Federasiyası haqqında məlumat verməyinizi xahiş edərdik...
- Avropa Kinorejissorlar
Federasiyasının mənzil-qərargahı
Belçikanın paytaxtı Brüsseldə yerləşir.
Qurumun əsası 1980-ci ildə elə Roma şəhərində
İtaliya və Fransa rejissorları tərəfindən
qoyulub. FERA-nın bu konfransında təşkilatın 30 illiyi
qeyd edilirdi. Azərbaycan Professional Kinorejissorlar Gildiyası
2000-ci ildən bu qurumun üzvüdür. FERA Baş
Assambleyasının konfransında üzv ölkələr son
bir ildə gördüyü işlər və ölkəsinin
kino mənzərəsi haqqında qısa məruzələrlə
çıxış edirlər. Buraya kinematoqrafiya sahəsindəki
qanunlar, müəllif hüquqları da aiddir.
- Bəs sizin
çıxışınızda Azərbaycan
kinematoqrafiyasının mənzərəsi necə əks
olundu?
- Əsasən müəllif
hüquqları və kino istehsalatı haqqında məruzə
etdim. Dövlətin kinonun inkişafına verdiyi dəstək,
ildə neçə film çəkilməsi, filmlərin
maliyyələşməsi haqqında məlumat verdim. Son illər
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının müəllif
hüquqları sahəsində gördüyü işləri
də konfrans iştirakçılarının nəzərinə
çatdırdım. Digər ölkə təmsilçilərinin
çıxışlarına qulaq asdıqdan sonra belə qənaətə
gəldim ki, bizim vəziyyətimiz elə də pis deyil.
- Postsovet ölkələrinin məruzələrini
dinlədikdən sonra hansı müqayisələr ortaya
çıxdı?
- Keçmiş sovet məkanından
yalnız Baltikyanı ölkələr və Azərbaycan
FERA-nın üzvüdür. Baltikyanı ölkələrdə
istehsal olunan filmlərin sayı bizdəkindən azdır.
Çünki bu ölkələr kiçikdir, həm də əhalinin
sayı azdır. Büdcədən də kino sahəsinə
maliyyə ayrılır. Amma bu ölkələrdə
fondların sayı çoxdur. Həmin fondların sayəsində
geniş imkanlara malikdirlər. Bizdə dövlətdən
başqa alternativ maliyyə mənbələri, demək olar
ki, yoxdur. Bizdə dövlət əlindən gələn
köməyi edir. Amma fondlar, özəl sektorlar bu sahəyə
diqqət yetirmədiyi üçün kinomuzun inkişafı
ləngiyir. Digər tərəfdən, büdcə vəsaiti
hesabına film çəkən kinematoqrafçılarda bir qədər
arxayınçılıq yaranır. Həmin filmlərin
prodüserləri bu məhsuldan gəlir əldə etməyə
o qədər də meyilli olmurlar.
- Bəs Avropanın postsosialist
ölkələrində, məsələn, Polşada,
Çexiyada kinematoqrafiyanın durumu necədir?
- Polşada
ümumiyyətlə son illər kinematoqrafiya sahəsində vəziyyət
yaxşıdır. Çexiya və Slovakiyada
da normal proses var idi, amma
son illər səngimə
müşahidə olunur.
Bolqarıstanın məruzəsindən belə qənaətə gəlmək olardı ki, indi-indi dirçəliş
hiss olunur. Amma ümumi
götürdükdə fərqli
cəhət odur ki, bu ölkələr
kinematoqrafiyası inkişaf
etmiş nəhəng
kino ölkələrinin
əhatəsində yerləşirlər.
Yəni Avropa olaraq bu
sahədə gedən
prosesə qatılmaq imkanları məhdud deyil. Avropa Birliyinə üzv
ölkələrdir. Avropanın
böyük fondları
ilə iş imkanları genişdir. Bu ölkələrə müəllif hüquqları
sahəsində görülən
işlər üçün
də həmin fondların maliyyə və digər məsələlərdə köməyi
ildən-ilə artır.
- Müəllif
hüquqları sahəsində
görülən işlərə
toxundunuz. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının bu sahədə gördüyü
işlər nədən
ibarətdir, hansı yeniliklər var?
- Müəllif
hüquqları sahəsində
Avropada qəbul edilən yeni qanunlar bu sahədə
işləri yüngülləşdirib.
İstehsalçılarla müəlliflər arasında bütün qaydalar xırdalıqlarına
qədər məlumdur.
Avropa Kinorejissorlar Federasiyası, qeyd etdiyim kimi, 30 ildir fəaliyyət göstərir və onlar bugünkü vəziyyətə böyük
bir proses keçməklə gəliblər.
Köhnə qanunları təkmilləşdiriblər.
Cəmiyyət özü isə
böyük inkişaf
yolu keçib və müəllif hüquqlarına hörmətlə
yanaşırlar. Maarifçilik və təbliğat bu sahədə güclüdür. Biz isə birbaşa, yəni prosesi keçməmiş bu qanunları qəbul edirik. Belə olduqda da problemlər ortaya çıxır. Son on ildə biz də müəllif hüquqları
sahəsində çoxlu
yeni tədbirlər həyata keçirmişik.
Artıq
Azərbaycan telekanallarında
milli filmlərimizin nümayişində müəllif
hüququ haqqında qanunvericiliyə riayət olunur. Bu, böyük
nailiyyətdir.
- Avropa ölkələrində audiovizual
sahədə gedən
proseslərlə də
müntəzəm tanış olursunuz. Hansı mexanizmləri Azərbaycanda
audiovizual məhsulların
müəllif hüquqları
sahəsində tətbiq
etmək mümkün
olub?
- Hazırda
Azərbaycanda audiovizual
məhsulların müəllif
hüquqlarında nümunəvi
sənəd tərtib
olunub. Bütün bunlar Azərbaycan
Professional Kinorejissorlar Gildiyasının
“audiovizual.az” saytında da
yerləşdirilib. Bu müqavilələrin bütün
formaları ilə saytda tanış
olmaq olar. Rejissorla, ssenaristlə, operatorla, bəstəkarla və digər kinematoqrafçılarla.
Amma bu proses
inkişafdadır, odur
ki, bütün müqavilələrə vaxtaşırı
təzədən baxılmalıdır.
Artıq
yeni tərtib olunmuş müqavilələrdə
xeyli dəyişikliklər
var. Biz bu müqavilələri
ekspertizadan keçiririk.
Bütün bunlar onun üçündür ki,
müəlliflər istehsalçı
ilə bağladıqları
müqavilədə öz
hüquqlarını əvvəlcədən
qoruya bilsinlər.
Biz Müəllif Hüquqları Agentliyi ilə də sıx əməkdaşlıq
edirik. Onlar da çoxlu
beynəlxalq konfranslarda
iştirak edirlər.
Bu proseslərdə birgə işlərimiz də olur.
- Romadakı konfransda rejissorla ümumi müqavilə layihəsi də müzakirə olunub. Bu müqavilədə hansı yeniliklər mövcuddur?
- Yeni müqavilədə istehsalçı
bir çox hüquqları özündə
saxlayır. Müəllif hüququ müəllifin
üzv olduğu kollektiv idarəçilikdə
qalır. Bizim qanunlarımızda
da bu var. Yəni elə məqamlar var ki, orada fərdi
hüquqları qorumaq
mümkün deyil.
Belə məqamlarda kollektiv idarəçilik öz işini görür.
Avropa kinematoqrafçıları bu
istiqamətdə böyük
yol keçiblər.
Mənə elə gəlir
ki, biz də bu sistemə keçəcəyik. Misal üçün,
biz bilirik ki, telekanallarda çəkilən
televiziya filmlərinin
müəllifləri ilə
həmin telekanalların
müqavilələri yoxdur.
Burada birinci istehsalçı müqavilə bağlamaqda
maraqlı olmalıdır.
Çünki yazılı müqavilə
olmadıqda məhsulun
hüququ istehsalçıya
verilmir.
- Pomada möhtəşəm “Cinecitta”
studiyasında da olmusunuz. Bu barədə
nə deyə bilərsiniz?
- Konfrans
“Cinecitta” studiyasının
konfrans zalında keçirilirdi. “Cinecitta”nın öz nəfəsi və atmosferi buraya gələnlərə bəs
edir. Konfrans iştirakçıları bu
möhtəşəm studiyanın
bütün ərazisi
ilə tanış
oldular. Nə qədər müasir
dövr olsa da, “Cinecitta” öz köhnə, klassik ab-havasını saxlayıb. Bərpa işləri istisna
olmaqla, yeni heç nə tikilməyib. Yeni dizaynlardan
əsər-əlamət yoxdur.
Yəni gözəl saxlanılıb
və sadəcə bərpa olunub. Studiyanın ərazisində Qədim Romanı, imperatorların məşhur saraylarının
şahidi olursan.
Bunlar hamısı “Cinecitta”nın naturadakı dekorasiyasının
məhsuludur. Ümumiyyətlə, bu məkan tarixi
obyekt kimi qorunur. İnsanlar bura ekskursiyaya
gəlir, “Cinecitta”ya muzey kimi tamaşa
edirlər.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 24 noyabr.-
S. 11.