Müasirlərini düşünən sənətkar

 

   Kino həyatımıza müdaxilə etmir, desək yanılarıq. Çünki ekran əsərlərinin hər hansı bir nüansı mütləq həyatımızın bir hissəsini özündə əks etdirir. Kinonu kompozisiya şəklində tamaşaçıya sevdirmək isə böyük sənətkarlara məxsusdur. Bu gün filmlərinə ehtiyac duyulan sənətkarlarımızdan biri də görkəmli kinorejissor Rasim Ocaqovdur.

  

   Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil aldıqdan sonra kinoya olan sevgisini yaradacağı ekran əsərlərində sübut etmək üçün vətənə qayıdır.

   Kinooperator kimi fəaliyyətə başlayan Rasim Ocaqov, sonralar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində də oxuyaraq kino təhsilini tamamlayır. O, 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator (“Sən niyə susursan”, “Skripkanın qayıtması”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən etibarən isə quruluşçu rejissor (“İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Qatır Məmməd”, “Tütək səsi” və. s.) kimi Azərbaycan kinosunda zəngin yaradıcılıq fəaliyyəti göstərib. Rasim Ocaqovun filmoqrafiyasına (sənədli və bədii janrda) 70-ə yaxın ekran əsəri daxildir.

   Rasim Ocaqovun həyat hadisələrini, ətrafındakıları kameranın ştativindən dəqiq görüb-göstərmək bacarığı sonralar onun rejissorluq fəaliyyətinə də uğur qazandırdı. Belə ki, o, melodrama (“Ölsəm, bağışla”, “Təhminə”), detektiv (“İstintaq”), komediya (“Həm ziyarət, həm ticarət”) janrlarında, tarixi (“Qatır Məmməd”) və müharibə (“Tütək səsi” və s.) mövzusunda çəkdiyi filmlərin hər birində mövcud hadisələrin ictimai mahiyyətinin bədii təhlilini bacarıqla əks etdirməyə nail olub.

   R.Ocaqovun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı, psixologiyası, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin mənəvi keyfiyyətlərinin təhlil obyektinə çevirmək idi. O, çəkdiyi filmlərdəki personajları yalnız tamaşaçıya təqdim etmək məqsədi güdmürdü. Müxtəlif fonlu çəkilişləri ilə həm naturanın əhəmiyyətini, dekorasiyaların uyğunluğunu, personajların xarakterik sifətlərində əks olunan hadisələrin dəqiq ünvanını tamaşaçıya çatdırıb, onu kinonun ibrətamiz, dəyərli keyfiyyətlərinə heyran qoyurdu.

   Rasim Ocaqovun yaradıcılığına müraciət etdikdə sənətkarın insan psixologiyasının, yüksək-mənəvi əxlaqi keyfiyyətlərinin doğru, obyektiv təfsirinə üstünlük verdiyini görürük. O, kino sənətinin keyfiyyət kateqoriyasını bədii və texniki biliyinin vəhdəti sayəsində yüksək formada reallaşdırırdı. Məsələn, psixoloji dram janrında çəkdiyi “İstintaq” filmində monoloqlar və iki nəfərin dialoqlarını əks etdirən kadrların panoramlı və saniyələrlə ölçülən müxtəlif rakurslu çəkilişləri mövzunun məğzini, filmin qayəsini, personajların həyat mövqeyini tamaşaçıya dəqiq çatdırır. Nəticədə güclü dramaturgiya ilə rejissor traktovkasının vəhdətindən mükəmməl ekran əsəri yaranır. Və yaxud “Tütək səsi” filmini götürək. II Dünya müharibəsində Azərbaycanda arxa cəbhədəki insanların maddi və mənəvi durumları filmdə çox qabarıq formada xarakterizə edilib. Rejissorun mükəmməl operatorluq sirlərini bilməsi, faktların dəqiq mizanlarla işləmə üslubu filmin ekran həllinin uzunömürlü olmasına zəmin yaradır. Filmdə müharibənin dəhşətli fəsadlarını insanların məzlum simalarında aydın görmək olur.

   Rasim Ocaqov həm operator, həm də rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut edib. Bəzi rejissorlar natura çəkilişlərini, bəziləri isə personajları ştativin tədqiqat mənbəyinə çevirirlər. Onun işlədiyi bütün filmlərdə, demək olar ki, boş kadrlar yoxdur. O, dramaturgiyanın bədii məziyyətlərini, mətləbini personajların xarakterlərində cəmləşdirərək əks etdirirdi. Məsələn, rejissoru olduğu “İstintaq”, “Ad günü”, “Təhminə” və s. filmlərdə natura və pavilyonda müxtəlif dekorasiya çəkilişlərindən maraqlı şəkildə istifadə olunsa da, bizi obrazların durumu, hadisələrin ciddiliyi, ümumilikdə dramaturgiyanın əsasları düşündürür. Çünki onun yaradıcılığının ciddiliyi bizə hadisələri tam mənimsəyib düşünməyə, nəticə çıxarmağa imkan yaradır. Ədəbi əsərlərin uğurlu ekran taleyinə rəvac verən bu kimi amillər də kino estetikasının monumentallığını dönə-dönə təsdiq edirdi.

   Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərib, milyonların rəğbətini qazanıb. Rasim Ocaqovun hər filmi aktyorlar üçün yeni bir məktəb idi. Çünki aktyorlarla fərdi işləmək bacarığı onun filmlərində koloritli üslubda təqdim olunurdu. O, həyatı boyu müasiri olduğu zamanın və insanların mikroaləmini ekranlara məqsədyönlü şəkildə gətirməkdə, filmlərində bədii-estetik dəyərləri yüksək səviyyədə təqdim etməkdə israrlı idi və bunu da edirdi. Onun ekranda yaratdığı personajlar həyatiliyinə, təbiiliyinə görə düşüncələrimizin bir hissəsində kök sala bilirdilər.

   Rasim Ocaqovun yaradıcılığında xüsusi poetiklik var ki, bu da həyatın gərgin detallarının insan mənəviyyatındakı rolunu dəqiq xarakterizə edərək tamaşaçıya çatdırmasında özünü göstərir. Bu baxımdan rejissorun unudulmaz bəstəkar Emin Sabitoğlu ilə birgə işləri (“Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə” və s.) xüsusilə diqqətəlayiqdir. Bəstəkar musiqiləri bu ekran əsərlərinə xüsusi emosionallıq gətirir.

   Rasim Ocaqov üçün xarakterik sima vacib şərtlərdən idi. Bu mənada o, psixoloji dramları (“Ölsəm, bağışla”, “Təhminə” və s.) ekranlaşdırmağa daha çox üstünlük verirdi. Rejissorun filmlərində aktyorların yaradıcılığı daha qabarıq göstərilir, fərdi istedadları sayəsində onlar milli kinomuzun simasına (məsələn, Fəxrəddin Manafov) çevrilirdilər. “Tütək səsi”ndə Qılınc Qurban (Yusif Vəliyev), İsfəndiyar kişi (Məmmədrza Şeyxzamanov), “Ad günü”, “Həm ziyarət, həm ticarət”də Mustafa (Hacı İsmayılov) obrazları da bu qəbildəndir. O, monoloqları bol olan psixoloji dramları belə (“Otel otağı”) maraqlı nüanslarla işləyir, qəhrəmanın daxili aləmini tamaşaçıya daha yaxın edirdi.

   Rasim Ocaqovun filmləri mövzu aktuallığı və texniki qüsursuzluğu ilə seçilir, dəyərli ekran əsərləri kimi tamaşaçılar tərəfindən sevilərək baxılır. 2006-cı il iyulun 12-də dünyasını dəyişən sənətkar bütün yaradıcılığı boyu Azərbaycan kino estetikasının yüksək nümunələrini yaradıb. Bu mənada istedadlı kino xadiminin adı, filmləri kimi daim hörmətlə anılacaq.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

   Mədəniyyət.- 2010.- 24 noyabr.- S. 10.