Gədəbəydə “Siemensmuzeyi yaradılacaq

 

   Rayon ərazisində həyata keçirilən yeni layihə Almaniyadan turist axınına təkan verə bilər

  

   «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm İnstitutu müxtəlif layihələr həyata keçirir. İnstitut rəhbərliyi ölkəmizin regionlarının turizm imkanlarını da nəzərə alaraq, bu layihələri silsilə şəkildə davam etdirir.

  

   Hazırda institut müasir informasiya texnologiyalarının turizmdə tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə Almaniyanın Yade Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bugünlərdə Almaniyanın Təhsil və Tədqiqat Nazirliyinin dəstəyi ilə “Azərbaycanda sürətli regional inkişafın təminatı üçün turizm informasiya texnologiyalarının qurulması” layihəsinə daxil olan “Turizmdə GİS texnologiyalarının tətbiqi” adlı simpozium keçirilib.

   ATİ-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanovun sözlərinə görə, tədbir Gədəbəy rayonunda gerçəkləşib. Onun sözlərinə görə, silsilə xarakterli simpoziumun növbəti mərhələsinin 2011-ci ilin ilk yarısında Almaniyada keçirilməsi nəzərdə tutulur: «Simpozium çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə ilə görüşdə layihənin məqsədi, indiyədək görülmüş və görüləcək işlər haqqında məlumat verdik. İcra başçısı da öz növbəsində xarici qonaqlara rayonun iqtisadi inkişafı, turizm imkanları barədə ətraflı məlumat verdi, Gədəbəydə vaxtilə alman sənayeçilərinin fəaliyyəti, azərbaycanlılar və almanlar arasında mövcud olmuş dostluq münasibətləri haqqında danışdı”.

   Tədbir iştirakçıları Gədəbəyə səfəri zamanı yerli landşaft və “Siemens” şirkətinin rayonda tikdirdiyi müxtəlif təyinatlı binalar, körpülərlə və s. tanış olublar: «İcra başçısının, yerli turizm mərkəzinin, mədəniyyət evinin rəhbərlərinin iştirakı ilə keçən görüşdə müasir informasiya texnologiyalarının turizmdə tətbiqi və xüsusilə də Gədəbəydə “Siemens”lə bağlı abidələrin rəqəmsal koordinatlarının əks olunduğu turist xəritələrinin hazırlanması, turistlərin gəzinti zamanı konkret məkanlarını dəqiqləşdirməyə imkan verən GİS cihazlarının üstünlükləri barədə geniş müzakirələr aparıldı».

   Gədəbəy rayonundan zəngin təəssüratla qayıdan iştirakçılar Bakıda Almaniya səfiri ilə görüşüblər. İşgüzar naharda Turizm İnstitutunun təmsilçiləri ilə yanaşı, Yade Universitetinin, “Yaşıl Velosipedçilər” klubunun və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun təmsilçiləri də iştirak edib.

   Qeyd edək ki, layihə çərçivəsində növbəti seminar 2011-ci ilin martında Almaniyada, sonuncu seminar isə gələn ilin aprel ayında Bakıda keçiriləcək.

  

   Nazirlik layihənin həyata keçirilməsində maraqlıdır

  

   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədovun dediyinə görə, bu layihə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu, Almaniyanın Yade Universiteti və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə çərçivəsində Gədəbəydə keçirilən simpozium zamanı vaxtilə Azərbaycanda böyük kapital yığmış məşhur «Siemens» şirkətinin fəaliyyəti dövründə almanların yaşadığı və alman arxitekturası ilə tikilmiş evlərə və binalara baxış keçirilib: «Təklif var ki, vaxtilə şirkətin yerləşdiyi binada “Siemens” muzeyi yaradılsın və buradakı alman evləri təmir edilib turizm obyekti halına gətirilsin. Eyni zamanda Gədəbəydə turizm-informasiya mərkəzinin yaradılması planlaşdırılır. Almaniyanın Yade Universiteti tərəfindən Azərbaycanda GİS texnologiyalarının tətbiqi planlaşdırılır. Bunun isə pilot layihə kimi Gədəbəydə gerçəkləşdirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi layihənin həyata keçirilməsində maraqlıdır və lazım olan dəstəyi verməyə hazırdır».

   V.Şıxəmmədovun sözlərinə görə, bu layihə «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı» çərçivəsində Azərbaycanın qərb bölgəsində turizm sahəsinin inkişafına xidmət edən layihələrdən biridir. Belə layihələrin davamlı olacağını bildirən nazirlik rəsmisi dedi ki, ümumiyyətlə respublika ərazisində turizmin inkişafına xidmət edən hər bir layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. O ki qaldı bu layihənin niyə məhz Gədəbəydə həyata keçirilməsinə, V.Şıxəmmədovun sözlərinə görə, həm bu bölgədə «Alman yaşayış məskənləri» beynəlxalq turizm marşrutu mövcuddur, həm də vaxtilə burada «Siemens»in metal emal müəssisələri olub: «Bu layihənin gerçəkləşdirilməsi Almaniyadan Azərbaycana turist axınının yaranmasına səbəb olacaq. Gələn il Azərbaycanın Almaniyada keçiriləcək iki beynəlxalq turizm sərgisində iştirakı nəzərdə tutulur. Bu sərgilərdə də həmin turizm marşrutu haqda ziyarətçilərə ətraflı məlumatlar veriləcək».

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 24 noyabr.- S. 9.