Vokalçıların
Bülbül adına
V Beynəlxalq müsabiqəsi yeni opera ulduzlarını kəşf
etdi
Noyabrın 21-də M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında Vokalçıların Bülbül adına V
Beynəlxalq müsabiqəsi laureatlarının
mükafatlandırılma mərasimi keçirildi.
11 nəfərdən ibarət münsiflər
heyəti 11 ölkənin 76 iştirakçısı
arasından yaxşıların yaxşısını
seçərək müsabiqənin qalibi
elan etdilər.
Xatırladaq ki, noyabrın 16-da işə başlayan müsabiqənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Bülbül Fondudur. Gərgin, həyəcan dolu günlər arxada qaldı. Yaxın-uzaq ölkələrdən müsabiqəyə qatılmış gənc vokalçılar arasında ən istedadlılar bütün turlardan keçərək səhnədə qalmağı bacardılar. Laureatların mükafatlandırılma mərasimini müsabiqənin təşkilat komitəsinin sədr müavini, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq münsiflər heyətini, qonaqları və iştirakçıları salamladı, böyük Bülbülün adını daşıyan müsabiqənin yüksək səviyyədə keçirildiyini qeyd etdi. Sentyabr ayında beynəlxalq musiqi festivalı, onun ardınca beynəlxalq caz festivalı, daha sonra beynəlxalq aşıq festivalı, beynəlxalq teatr forumu və nəhayət, Bülbül adına müsabiqənin keçirilməsinin Azərbaycanın mədəni həyatında mühüm hadisə olduğunu vurğulayan Ədalət Vəliyev belə beynəlxalq tədbirlərin ölkəmizi dünyaya daha da yaxından tanıtdığını vurğuladı.
Dünyanın müxtəlif ölkələrindən 70-dən yuxarı istedadlı vokalçının müsabiqədə böyük imtahan verdiyini deyən nazir müavini münsiflər heyətinin sədri, SSRİ Xalq artisti, professor Yevgeni Nesterenkoya öz minnətdarlığını bildirdi. Nazir müavini bu il ilk dəfə olaraq münsiflər heyətinin üzvlərinin tək ifaçılardan ibarət olmadığını, dünyanın teatr, kino, opera və balet sahəsində fəaliyyət göstərən tanınmış menecer, bəstəkar, dirijorların da bu heyətə daxil olmasını əlamətdar hal kimi diqqətə çatdırdı. O, bir daha qalibləri təbrik etdi və ümidvar olduğunu bildirdi ki, Azərbaycan həm Bülbül müsabiqəsinin qalibləri, həm də hörmətli münsiflər heyətinin yaddaşında xoş xatirələrlə qalacaq.
“Yeni dünyaya xoş gəlmisiniz”
Beynəlxalq Bülbül Fondunun prezidenti, Bülbül müsabiqəsi təşkilat komitəsinin sədr müavini, Xalq artisti Polad Bülbüloğlu gecənin bütün qonaqlarını və iştirakçılarını Bülbül fondu və Bülbül ailəsi adından salamladı və müsabiqənin qaliblərinə “yeni açılan dünyaya xoş gəlmisiniz“ dedi: “Bu müsabiqə ilk dəfə 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Bakıda keçirilmişdi və artıq ənənəvi hal alıb. Mən fürsətdən istifadə edib cənab prezident İlham Əliyevə, birinci xanım Mehriban xanıma mədəniyyətin inkişafına, bu cür tədbirlərin keçirilməsinə verdikləri dəstəyə görə öz təşəkkürümü bildirmək istəyirəm. Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev başda olmaqla, bu müsabiqənin təşkilat komitəsinin üzvlərinə təşəkkür edirəm, qaliblərə isə yeni uğurlar arzulayıram. Yolunuz açıq olsun!”.
Münsiflər heyətinin sədri, SSRİ Xalq artisti, professor Yevgeni Nesterenko hər kəsi salamladı, bu möhtəşəm müsabiqənin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, Bülbül adına müsabiqənin qalibləri bu gün dünyanın ən tanınmış səhnələrində uğurla çıxış edən parlaq ifaçılardır: “Bu il də Bülbül müsabiqəsi vokalçılar arasında yeni opera “ulduzları”nı kəşf etdi. İnanırıq ki, onlar daha böyük uğurlara imza atacaqlar”.
Böyük səhnənin ulduzları
Yevgeni Nesterenkonun çıxışından sonra müsabiqənin xüsusi mükafatlarının təqdimolunma mərasimi keçirildi. “Ən yaxşı müşayiətə görə” 3 konsertmeyster - Marina Metreveli (Gürcüstan), Yekaterina Balandina (Rusiya), Anatoli Kuznetsov (Rusiya) diplomlar və pul mükafatları ilə təltif olundular.
Xalq mahnısının ən yaxşı ifasına görə Du Fanyonq (Çin Xalq Respublikası) diplom və mükafatla təltif olundu və o, konsertmeyster Ketti Liunun müşayiəti ilə Çin xalq mahnısını yüksək səviyyədə ifa edərək alqışlarla qarşılandı.
Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifası üçün diplom və mükafatı Rəhim Mirzəkamalov (Özbəkistan) qazandı. Gənc ifaçı konsertmeyster Dilarə Axmetşinanın müşayiəti ilə Bülbülün repertuarından “Sevgili canan” romansını ifa etdi və onun gözəl ifası tamaşaçılar tərəfindən alqışlandı.
Azərbaycan musiqi xadimlərinin təsis etdiyi “Ümid” mükafatını Jenisbek Piyazova (Özbəkistan) Xalq artisti Fərhad Bədəlbəyli təqdim etdi.
Müsabiqənin “Ən yaxşı tenor” üçün diplom və prizinə Ramiz Usmanov (Özbəkstan) sahib oldu.
Dördüncü mükafat, laureat adı və diplomla Konstantin Brjinski (Rusiya) və Azər Rzazadə (Azərbaycan) təltif olundular.
Üçüncü mükafat, laureat adı və diploma Jalə İsmayılova (Azərbaycan) və Mariya Kublaşvili (Gürcüstan) layiq görüldülər.
İkinci mükafat, laureat adı və diplomla Aleksey Lavrov (Rusiya) və Jenisbek Piyazov (Özbəkistan) mükafatlandırıldı.
Birinci mükafat, laureat adı və diploma Ramiz Usmanov (Özbəkistan) və Aleksandr Çuvpilo (Ukrayna) layiq görüldülər.
Qran-pri mükafatına, laureat adına və diploma isə Azamat Jeltırquzov (Qazaxıstan) sahib oldu. Müsabiqənin baş mükafatını qalibə münsiflər heyətinin sədri Yevgeni Nesterenko təqdim etdi.
Mükafatların təqdimolunma mərasimindən sonra qısa fasilədə Xalq artisti Xuraman Qasımovanın ürək sözlərini eşitmək istədik. O, müsabiqəni respublikamızın ictimai və musiqi həyatında mühüm hadisə kimi dəyərləndirdi: “Bu müsabiqə böyük bir bayramdır. Mən uzun illərdir ki, Bakı Musiqi Akademiyasında gənclərə dərs deyirəm, onların gələcək uğurlarını izləyirəm, əlbəttə ki, bu gün mən bu müsabiqədə iştirak eləyən bütün gəncləri, o cümlədən uğur qazananları təbrik etmək istəyirəm”.
Fasilədən sonra Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi laureatlarının möhtəşəm konsert proqramı oldu.
Təranə Vahid
Mədəniyyət.-
2010.- 24 noyabr.- S. 6.