«Üzeyir Hacıbəyli: Şərqin
muğam-məqam sistemləri müqayisəli şəkildə»
Azərbaycan
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin
125 illiyinə həsr olunmuş elmi konfrans keçirildi. «Üzeyir
Hacıbəyli: Şərqin muğam-məqam sistemləri
müqayisəli təhlildə» adlı konfransda
çıxış edən Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə bildirdi
ki, bu əslində gələn il keçiriləcək
muğam simpoziumuna hazırlıq tədbiridir.
Sənətşünaslıq doktoru Zemfira Səfərova «Səfiəddin Urməvinin (XIII əsr) və Üzeyir Hacıbəylinin (XX əsr) risalələrində bəzi lad problemlərinin müqayisəli təhlili» mövzusunda çıxış etdi. Bildirdi ki, Ü.Hacıbəylinin risalələri olmasa da, elmi əsərləri risalə hesab olunur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova «Azərbaycan musiqisində ladların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri»ndən danışaraq, milli musiqimizdə lad nəzəriyyəsini Ü.Hacıbəylinin yaratdığını diqqətə çatdırdı: «Hər xalqda şifahi musiqinin özünəməxsusluğu var. Üzeyir Hacıbəyli yazır ki, lad musiqi üçün tikinti ləvazimatıdır. Hər xalqın musiqisi onun təfəkkürünün rəngarəngliyinə əsaslanır. Onun yaratdığı lad nəzəriyyəsi rus musiqiçilərinin də diqqətini cəlb edib. Üzeyir bəy 1919-cu ildə məqalələrindən birində yazır ki, Azərbaycan ladı ilə Avropa ladı arasında böyük fərq yoxdur. Yəni Üzeyir bəy lad quruluşları üzərində müfəssəl dayanıb».
Tədbirdə daha sonra sənətşünaslıq doktoru Sevil Fərhadova «Şifahi ənənəli professional musiqidə millilik və universallıq (Azərbaycan və Hindistan musiqisi nümunəsində), sənətşünaslıq namizədi Sürəyya Ağayeva «Üzeyir Hacıbəyli və Azərbaycan muğamlarının səs sistemləri məsələsi» mövzusunda çıxış etdilər.
Gülər
Mədəniyyət.-
2010.- 24 noyabr.- S. 5.